Əliyevdən xəbərdarlıq: “Həm yaşadığımız bölgə, həm dünya dəyişib”

“2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olmuşdur. Tarixdə bəlkə də ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir. Eyni zamanda, neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə, bu böhran o ölkələrə də mənfi təsir göstərir”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri ölkə Prezidenti İlham Əliyev özünün sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatmışdır. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir:

“Avropanın miqrant böhranı. Demək olar ki, o da bütün dünyada müşahidə olunur. Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da, əlbəttə ki, əgər belə demək mümkündürsə bu ilin əlamətidir və bu, sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya əks istiqamətdə gedir”.

Prezident qeyd edib ki, miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar. Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə bu partiyalar hakimiyyətə gələcəklər, – ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, – beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək:

“Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm yaşadığımız bölgə, həm dünya dəyişib. Biz də öz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır.

Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik.

Biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Həm Avropa İttifaqı ilə bizim müxtəlif sənədlərimiz imzalanıb, eyni zamanda, növbəti sənəd üzərində iş aparılır. Bizim təşəbbüsümüzlə Avropa Komissiyasına göndərdiyimiz təklif indi müzakirə olunur, biz tərəfdaşlıq formatı haqqında danışırıq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim strateji tərəfdaşıq haqqında sənədlərimiz var. Biz 15 ildir ki, Avropa Şurasında çalışırıq və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Biz hətta o təşkilatda da dönüş yarada bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili standartlar olub və bu gün vəziyyət tam normaldır. Ona görə əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar.

Belə bir beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir. Biz mötəbər beynəlxalq tədbirlər keçiririk. Bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu öz işini yekunlaşdırdı. Forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak etmişdir. Forumda bir daha bizim gördüyümüz işlər, xüsusilə multikulturalizmlə bağlı gördüyümüz işlər yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər beynəlxalq tədbirlər də keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forumun Azərbaycanda keçirilməsi bu sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi…”

Etikxeber.az

Read Previous

“Budur məsələnin həll olunmamasının səbəbi…” – PREZİDENT

Read Next

Prezident: “Bundan sonra da bu yolla gedəcəyəm”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir