Əmək pensiyaçılarına aylıq maddi yardım ödəniləcək-PREZİDENTİN SƏRƏNCAMI 100 MİN PENSİYAÇINI ƏHATƏ EDƏCƏK – YENİLƏNİB

Prezident İlham Əliyev Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

***

Prezident İlham Əliyevin yeni Sərəncamı əmək pensiyasına qulluq stajına görə əlavələr alan pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) xüsusi qayğının növbəti təzahürü olmaqla onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.

Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.

Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına gorə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.

Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın 2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.

Sərəncam bu ilin əvvəlindən ölkədə reallaşdırılan yeni sosial islahatların davamı olmaqla pensiyaların artırılmasında daha bir irəliləyişi təmin edir.

Cari ilin əvvəlindən sosial ödənişlər növbəti dəfə artırılmaqla, minimum pensiya da 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb.

Habelə pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir.

Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

Etikxeber.az

Read Previous

“Həm məktəblərdən, həm də valideynlərdən gözləntimiz odur ki, neqativ hallara yol verməsinlər”-NAZİRDƏN XƏBƏRDARLIQ

Read Next

“Martın 3-də 5 Şəhid anasının müraciəti əsasında onlarla görüşdük… Bu anaların ən böyük istəyi ondan ibarətdir ki, Şəhid övladlarının adları onların doğulduğu, yaşadığı rayonlarda, kəndlərdə əbədiləşdirilsin…”-QƏNİRƏ PAŞEVA – MİLLƏT VƏKİLLƏRİ NÖVBƏTİ DƏFƏ ŞƏHİD ADLARININ ƏBƏDİLƏŞDİRİLMƏSİ MƏSƏLƏSİNİ QALDIRDILAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir