Əmək pensiyaları, əmanətlər, dövlət gerbi, dövlət himni və…

Parlamentarilər sabah nəyi müzakirə, nəyi qəbul edəcəklər?

Milli Məclisin (MM) fevralın 19-da növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 27 məsələ daxil edilib.

İlk öncə MM-in Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında məsələyə baxılacaq. Təklif olunan dəyişikliyə əsasən, adıçəkilən komitənin iki üzvü Adil Əliyev Rauf Əliyev komitədən çıxarılacaq, onların yerinə Elşən Musayev, Cavid OsmanovRəşad Əliyev seçiləcəklər.

İclasda eyni zamanda, həm parlamentdə, həm cəmiyyətdə geniş diskussiyalara səbəb olan “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələri sonuncu-III oxunuşda müzakirə və qəbul ediləcəklər.

Qeyd edək ki, “Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsində dövlət himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər konkretləşib. Qanun layihəsinə əsasən, Azərbaycan Prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra), Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman, Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Naxçıvan Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Azərbaycanın bayramlarına həsr edilən təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, dövlət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycanın dövlət bayrağı qaldırılarkən və ya asılarkən), Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra) mütləq ifa edilir. Bununla yanaşı, Azərbaycanın dövlət himni musiqisinə uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Himn ifa edildikdə Azərbaycanın vətəndaşları himni ayaqüstə, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Eyni zamanda, himn ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər himni ayaqüstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.

İclasda yeni-I oxunuşda müzakirə ediləcək qanun layihəsi var ki, bu da “Telekommunikasiya haqqında” qanunvericilik aktıdır.
Həmin qanun layihəsinə əsasən ölkədə telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edənlər cəzalanacaqlar. Yəni, bununla bağlı Cinayət Məcəlləsinə yeni – 233-4-cü (Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili) maddəsi əlavə olunur ki, ona əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 2 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə işslah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

MECLIS_OQTAY_YENI

Eyni əməllər təkrar, xeyli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulan ziyanın 2 mislinədən 3 mislinədək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Bu əməllər külli miqdarda ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

İclasda ölkə prezidenti İlham Əliyev imzası ilə parlamentə daxil olan “Əmək pensiyaları haqqında” qanuna da vacib dəyişiklik ediləcək.Yəni, ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq. Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə, əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək.

İclasda həmçinin “Kitabxana işi haqqında” (III oxunuş), “Dövlət rüsumu haqqında” (III oxunuş), “Patent haqqında” (III oxunuş), “Üzümçülük və şərabçılıq haqqında”, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanuna və digər qanunlara, o cümlədən, Əmək, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri müzakirə ediləcək.

Etikxeber.az

Read Previous

Ərdoğan yenə Rusiyaya gedir…

Read Next

Mətbuata həsr olunan ömür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir