“Əməliyyatda meyit donordan deyil, canli donordan istifadə olunub…” – RƏŞAD MAHMUDOV

Mərkəzi Gömrük Hospitalında bu il noyabrın 13-də icra olunan bir unikal əməliyyat ölkəmizdəki tibbin sərhədsiz imkanlarını və Azərbaycan həkimlərinin ən yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirib.

Belə ki, dünyada ilk dəfə olaraq, cərrahlar briqadası doktorlar Rəşad Mahmudov və Mircəlal Kazıminin rəhbərliyi ilə aorto-koronar şuntlama və donor qaraciyər transplantasiyası kimi olduqca mürəkkəb bir əməliyyat uğurla gerçəkləşdirib.

Donoru öz əmisi olan 5 yaşlı pasiyent qənaətbəxş vəziyyətdə xəstəxanadan evə yazılıb və öz ailəsinə qovuşub.

Dünya tibb tarixində ilk dəfə olaraq həyata keçirilən bu unikal əməliyyata həsr olunan mətbuat konfransında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov və həmin Hospitalın Cərrahiyyə və Transplantologiya şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.

Bildirilib ki, Türkiyənin Hacettepe Universitet Xəstəxanasında Uşaq Xəstəlikləri və Metabolizm şöbəsinin mütəxəssisləri tərəfindən beş yaşlı bir xəstədə aşkarlanmış anadangəlmə hiperlipidemiya xəstəliyi Mərkəzi Gömrük Hospitalında aparılan tibbi müayinələr zamanı da təsdiqlənib.

Mərkəzi Gömrük Hospitalında xəstənin ailəsinə yeganə müalicə metodu olaraq, pozulmuş metabolizmi normallaşdıracaq bir qaraciyər nəqli əməliyyatı təklif edilib, kiçik xəstənin donoru isə öz əmisi olub.

Beləliklə, 5 yaşlı pasiyentə təcili olaraq başqa bir kompleks əməliyyata ehtiyac duyulub: döyünən ürək üzərində aorto-koronar şuntlama (AKŞ). Güclü müasir texniki bazaya və yüksək ixtisaslı mütəxəssislərdən ibarət kollektivə sahib olan hospitalda bir əməliyyat zamanı ardıcıl olaraq döyünən ürək üzərində aorto-koronar şuntlama və qaraciyər transplantasiyasını həyata keçirmək qərarı verilib.

Qeyd olunub ki, dünya tibbi ədəbiyyatlarında uşaqlar üzərində aparılan bu əməliyyat haqqında heç bir məlumat mövcud deyil. Amma təəsüf ki, Azərbaycan səhiyyəsində əldə edilən bu qururverici nailiyyəti, ümidini itirən insanların xaricə getmədən öz vətənində sağlamlığına qovuşmasını, şəfa tapanla yanaşı, doğmalarının da sonsuz sevincini qısqanclıqla qarşılayan bəzi xəstəxana və klinikanın doktorları sosial şəbəkələrdə guya bu əməliyyatın dünyada bir ilk olmadığını iddia edir, yanlış ictimai fikir formalaşdırmağa uğursuz cəhd göstərirlər.

Öz yanlış iddialarını isbatlamaq üçün dünya tibb nəşrlərindən gətirdikləri nümunələrin isə heç bir əsası yoxdur. Ürək-damar cərrahı, tibb elmləri doktoru R. Mahmudov məsələyə aydınlıq gətirərək bildirib ki, hələ bir ay bundan öncə cərrahi briqadamızın mütəxəssisləri əməliyyat zamanı çıxışlarında belə bir əməliyyatın dünya təcrübəsində də nadir ola biləcəyini qeyd ediblər. (videoçarxdakı 32-ci saniyədən etibarən) Əməliyyata daxil olarkən cərrahımız qeyd edib:

“Məncə, bu əməliyyat, həm ölkəmiz, həm də dünya üçün çox nadir rastlana biləcək böyük əməliyyatlardan biridir. Buna baxmayaraq, əməliyyatdan sonrakı dövrdə geniş araşdırmalar aparsaq da, dünya ədəbiyyatlarında “ailəvi hiperlipidemik uşaq xəstə olmasi ilə yanaşı uşaq yaşda döyünən ürəkdə aorta koronar şuntlama əməliyyati (beating heart aorto coronar bypass in pediatric case) və canlıdan canlıya qaraciyər transplantasiyası əməliyyatı”nın da müştərək icra olunduğu hər hansı bir elmi nəşr tapılmayıb. Nümunə kimi göstərilən məqalə barədə məlumatlıyıq və bu qəbildən olan bir çox məqaləni zəruriyyət yarandığı halda geniş ictimaiyyətə açıqlaya bilərik.

Nümunə gətirilən məqalədə göstərilmiş hiperlipidemiyası olan 6 yaş 9 aylıq uşaqda aparılan əməliyyatın xüsusiyyətləri bizim xəstədən bir çox yöndən fərqlidir. Belə ki, bu xəstədə eyni meyit donorundan eyni zamanda kombinə olunmuş ürək və qaraciyər transplantasiyası əməliyyatı olunub və hətta, dünyada bu tipli 44-dən çox əməliyyat icra edilib, ən çox da Yaponiyada. Bizim xəstə isə, birincisi, canlıdan canlıya qaraciyər tranplantasiyası, ikincisi isə uşağın öz ürəyinin, qorunduğu döyünən ürəkdə aorta koronar şuntlama əməliyyatı ilə fərqlənir. Yəni, bizim əməliyyatda meyit donordan deyil, canli donordan istifadə olunub və uşağin ürəyi transplantasiya olunmadan öz ürəyinin qoruyucu əməliyyat edilməsi ilə fərqlənir”.

R.Mahmudov qeyd edib ki, ikinci məqalədə göstərilmiş klinik hal isə onların pasiyentindən ilk növbədə böyük yaşlı olması və ikincisi, dayanmış ürəkdə (on pump) koronar şuntlama əməliyyatı icra olunması ilə fərqlənir.

“Biz inanırıq ki, nailiyyətlərimizə kölgə salmağa cəhd göstərən doktorlar məqalələrin material və metod, eləcə də əməliyyat texnikası hissəsini diqqətlə nəzərdən keçirsələr, bir çox xüsusiyyətləri ilə seçilən fərqli nüanslar olduğunu aydın görə bilərlər. Əlbəttə ki, əgər görmək istəsələr”-deyə, o,  vurğulayıb.

Mərkəzi Gömrük Hospitalının Mətbuat Xidməti də dünyada ilk dəfə olaraq Azərbaycanda uğurla icra edilən unikal əməliyyat barədə məqsədyönlü şəkildə yanlış fikir formalaşdıranlara səslənərək, belə rəylərin qeyri-peşəkar yanaşma kimi qəbul edldiyini və dünyanın bir çox dəyərli ekpspertləri tərəfindən təbrik edilən ölkəmizin peşəkar və təcrübəli həkimlərinin bu uğuruna sevinmək üçün özlərində güc tapmalarını arzu edib.

Etikxeber.az

 

 

Read Previous

AŞPA-nın 3 komitəsinin və Büro iclası başlayır…

Read Next

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı – TƏSDİQLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir