“Ərdoğanın səfəri Türkün, Azərbaycanla Türkiyənin yeni İnkişaf, yeni Zəfər mərhələsi olacaq”-JALƏ ƏLİYEVA YAZDI

Bu gün bir daha Tarix yazılacaq tarixi günlərin astanasındayıq.

Yenə Türk Dünyası, yenə iki dövlət-bir millət olan Azərbaycanla Türkiyə qoşa qanad kimi dünyaya Zəfər nümayiş etdirir.

Cəmi saatlar sonra qardaş və dost Türkiyənin Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən sonra ölkəmizə, öz ölkəsinə, öz ikinci dogma vətəninə ikinci səfəri başlayır.

Bu səfər də gözlənilməz deyildi, bunun anonsu da hələ xeyli öncələrdən verilmişdi. Belə ki, bir nüddət öncə Türk Şurası liderlərinin növbəti Zirvə toplantısında sayın Ərdoğan Ramazan bayramından sonra Azərbaycana, onun işğaldan azad olunmuş göz bəbəyi Şuşaya səfər edəcəyini açıqlamışdı.

Daha sonra qardaş Türkiyənin Təhsil naziri cənab Ziya Səlcuqlunun Azərbaycana səfəri, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı səfərin detalları dilə gətirilmişdi.

Nəhayət, ötən həftənin əvvəllərində, AKP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) növbəti qrup toplantsında sayın Ərdoğan Azərbaycana səfərinin tarixini açıqlamış, Şuşaya gedəcəyini, iyunun 16-sında Bakıda Türkiyə-Uels matçını cənab İlham Əliyevlə birgə izləyəcəyini bildirmişdi.

Eyni zamanda, dünən, 13 iyun tarixində sayın Ərdoğan yerli media üçün növbəti brifinqində bir daha Azərbaycana, Şuşaya səfərinin detallarını açıqlayaraq, bu səfərin tarixi bir səfər, görüş olacağını işarə etmişdir.

Bəli, qeyd etdiyimiz, qeyd edildiyi kimi, bu səfər doğrudan da, Tarixi bir səfərdir və yeni Tarix yazılacaq bir səfər olacaq. Bu səfər Türk Dünyasının, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun tarixində bütövlükdə dünyaya birgəliyin, həmrəyliyin, dostluq və qardaşlığın növbəti bəyanı olacaq.

Dünya bir daha görəcək və şahidi olacaq, əsl dostluq, əsl qardaşlıq, əsl birlik, əsl həmrəylik necədir və necə olur. Sözlər, vədlər deyil, əməllər, ürəklər ortadadır! Eyni zamanda, mütləq şəkildə onu qeyd etmək gərəkir ki, artıq Qarabağ münaqişəsinin tarixə çevrilməsindən, münaqişəyə son qoyulmasından 7 aydan çox zaman keçir və bu dönəmdə də çox önəmli hadisələr baş verib və verməkdədir.

Həmçinin, yenə də, xüsusilə, son bir ayda qandan bəslənən dairələr, yenə də başları əzilmək, “Dəmir Yumruq” istəyənlər, revanşizm əhval-ruhiyyəsi ilə alışıb yananlar “bulanıq suda balıq tutmaq” sevdasına baş vurmağa, vəziyyəti gərginləşdirməyə yönələn addımlara cəhd etməkdədirlər. Son günlərin yaşantıları, baş verənləri-təfərrüatına geniş şəkildə varmağa lüzum olmadan- gözlər önündədir…

Bəli, Azərbaycanın da əzmi, iradəsi, qətiyyəti yerindədir, xüsusilə də, “Dəmir Yumruq”! Necə lazımdırsa, cavab verilir və veriləcək, kimsənin də şübhəsi olmasın! Hər kəsə də bir daha əyan və bəyan olsun ki, bütün cəhdlərə rəğmən Qarabağ adlı münaqişəni yenidən alovlandırmaq, yenidən fitnəkarlıq ocağı yaratmaq mümkün deyil və mümkün olmayacaq. Azərbaycan 8 noyabr Şuşa Zəfəri və 10 noyabr bəyanatı ilə yağı, qəvi və murdar düşmən üzərində münaqişəyə son qoyub, tarixi Qələbə və Zəfər əldə edib.

Artıq geriyə, 27 sentyabrdan əvvəlki dönəmə qayıtmaq mümkün deyil və Azərbaycan buna heç zaman və heç bir vəchlə imkan verməyəcək. Bunu hər kəs qulağından sırğa etsin! Bəli, odur ki, son zamanlar yaşananların fonunda sayın Ərdoğanın Azərbaycana, xüsusilə, işğaldan azad olunmuş ərazilərə, Qarabağa səfəri böyük anlam daşıyır və çox yerində, məqamında, zamanında olan bir səfərdir.

Bu səfər və gerçəkləşdiriləcək layihələr, imzalanacaq sənədlər, sazişlər, atılacaq növbəti birgə addımlar və veriləcək birgə bəyanatlar, mesajlar heç şübhəsiz və birmənalı şəkildə çoxlarına dərs olacaq.

Bəli, mütləq şəkildə dərs olacaq, çünki verilən dərslərdən nəticə çıxarmamağın aqibətinin necə olduğunu 44 günlük savaş bir daha gözlər önünə sərdi. Heç kimsə və heç bir qüvvə Zəfər və Uğur qatarının önünü kəsməyə qadir deyil və kəsə bilməz, kimsə onu geriyə döndərməyə, relsindən çıxarmağa qadir deyil və öz yolunda dümdüz irəliyə gedən bu qatarı geri döndərə bilməyəcəklər.

Azərbaycanın Zəfər və Uğur qatarı, Azərbaycan adlı Zəfər və Uğur qatarı, bütövlükdə Azərbaycanla Türkiyənin Zəfər və Uğur qatarı heç bir maneə tanımadan irəliləyir və irəliləyəcək!

Bununla yanaşı, bu səfər işğaldan azad olunmuş ərazilərə, Şuşaya ilk xarici dövlət başısının səfəri kimi tarixə düşəcək, tarixdə öz yerini alacaq. Cənab Ərdoğan Qarabağımıza, işğaldan azad olunmuş torpağımıza, dünyanın mədəniyyət beşiyi Şuşamıza səfər edəcək ilk dövlət başçısıdır.

O, adını tarixə, tariximizə Qarabağımıza, Şuşamıza səfər edən ilk dövlət başçısı kimi yazdıracaq. Bunun özü də bir xoşbəxtlik, bir qismət, Böyük Yaradanın bir lütfüdür. Bəli, Qarabağımıza ilk səfər edən dövlət başçısı məhz Türk oğlu, Türk Lideri, Türk dövlət başçısı olmalıydı və olur da!

Bəli, bu səfərdən, bu Tarixi hadisədən Türk Dünyası, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, həmrəyliyi bir daha güclənmiş, bir daha sıx tellərlə möhkəmlənmiş şəkildə çıxacaq!

Bu səfər Türkün yeni İnkişaf, yeni Zəfər mərhələsi olacaq.

Zəfərin, Zəfərlərin mübarək-Türk Dünyası!

Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı və həmrəyliyi!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

Etikxeber.az

Read Previous

Əkiz qardaşlardan biri…23 yaşlı İkinci Vətən Müharibəsi Şəhidi-ƏLİ AYDIN OĞLU TAĞIYEV… – FOTOLAR

Read Next

Qarabağda döyüşən livanlı muzdlu terrorçu 20 il azadlıqdan-MƏHRUM OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir