“Əsassız pensiyaların ləğvi onu göstərir ki, həmin vəsaitlərin nazirlik tərəfindən əsassız xərclənməsi baş verib…”-MİLLƏT VƏKİLİ – YENİLƏNİB

2021-ci ildə orta aylıq əməkhaqqının 18 % artacağı proqnozlaşdırılsa da, 5% artım gözlənilir.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib.

Deputat 2022-ci ildə təsdiq ediləcək və tətbiq olunacaq sosial paketin təsirlərinin nəzərə alınıb-alınmayacağı ilə maraqlanıb: “Sosial paket pensiya artımını əhatə edirsə, nəticə etibarilə gələn il də orta pensiyanın artmasına səbəb olmalıdır”.

V. Bayramov əsassız pensiyaların ləğv edilməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Vətəndaş ödədiyi pensiya kapitalını izləmək istəyir. Məsələn, mənim əməkhaqqımdan pensiya kapitalı tutulur. Amma vətəndaş ödədiyi vəsaitin necə xərcləndiyini izləyə bilməsi üçün sistem qurulmalıdır. Əsassız pensiyaların ləğvi onu göstərir ki, həmin vəsaitlərin nazirlik tərəfindən əsassız xərclənməsi baş verib. Ona görə də bu sistemin qurulması şəffaflıq baxımından çox vacibdir”.

Millət vəkili əlavə edib ki, Azərbaycanda inkişaf etmiş ölkələrdən fərqli olaraq, yığılmış kapitalın bölünməsi formalaşmayıb:

“Elə vətəndaş var ki, kifayət qədər yüksək maaş alır və kifayət qədər çox pensiya kapitalı yığılır. Ancaq pensiya yaşına çatmamış ölür. Ona görə də o kapitalın bir hissəsi onun vərəsəsinə ödənilsə, bu, daha yaxşı olar. Çünki belə olmayanda, vətəndaşlar pensiya kapitalının yığılmasında maraqlı deyil. Bəzi ölkələrdə yığılmış kapitalın müəyyən məbləğ yığılandan sonra vətəndaşa geri ödənilməsi (kommunal xidmətlərin ödənilməsi, kreditlərin bağlanması və s.) təcrübəsi var”.

***

“Pensiya fondunun gəlirə çıxmasını istəyiriksə, bu, əlavə 1 milyard manat öhdəlik deməkdir”.

Bunu isə iclasda iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, indiki prioritetlər baxımından vacib sayılmır:

“Bu gün dövlətin qarşısında duran bu cür prioritetlərin qarşısında pensiya fondunun gəlirə çıxmasını vacib hesab etmirik. Gələn il investisiya fəaliyyətinə keçməyi düşünürük. İnvestisiya fəaliyyətinə ehtiyatlarımızdan vəsait yönəltmək istəyirik. Biz pensiya ödənişlərini 1 ay avansla ödəyirik. Buna bizim formalaşmış ehtiyatlarımız imkan verir. Gələn il üçün bizim ehtiyatımızın 400-500 milyon manata çatacağını proqnozlaşdırırıq”.

Etikxeber.az

Read Previous

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının-AÇILIŞI – FOTOLAR

Read Next

“Anama deyin ki, ağlamasın…”-7 medallı, Şuşa fatehi Şəhid Səbuhi Həsənquliyevin Anım Günündə-MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ…-FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir