“Əsl dost, sınanmış tərəfdaşsınız…” – Lİ ÇANŞU SPİKERLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO

Milli Məclisin (MM) sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Etikxeber.az xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın Çin ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirdi.

O, ötən ilin yayında Çinə səfəri zamanı parlamentin sədri ilə görüşünü məmnunluqla xatırladı. Ümidvar olduğunu bildirdi ki, Li Canşunun ölkəmizə bu ilk rəsmi səfəri ikitərəfli əlaqələrimizin və parlament əməkdaşlığının inkişafına layiqli töhfəsini verəcək.

Spiker dedi ki, Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimad üzərində qurulub. Siyasi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Heç də təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq mövcuddur.

Oqtay Əsədov dedi ki, əlaqələrimizin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin rolu böyükdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri zamanı münasibətlərimizin dayanıqlı təməli qoyulub. Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfərlərindən sonra isə əlaqələrimiz keyfiyyətcə daha yüksək səviyyəyə qalxıb. Cari ilin aprel ayında ikinci “Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Azərbaycan Prezidentinin Çinə səfəri zamanı bu ölkə ilə 10 saziş imzalanıb. Bu günədək isə iki ölkə arasında 77 hüquqi sənəd imzalanıb. Ötən il Çinlə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları olub. Cari ilin 6 ayı ərzində isə bu göstərici 1,4 milyard ABŞ dolları təşkil edib. Ölkəmizdə 119 Çin şirkəti qeydiyyatdan keçib.

Görüşdə ali qanunverici orqanlar arasındakı münasibətlərdən danışan sədr hər iki ölkə parlamentində işçi qrupların fəaliyyət göstərməsini təqdir etdi. Qeyd edildi ki, deputatların çoxsaylı qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində görüşləri zamanı onları düşündürən məsələlərin müzakirəsi önəmlidir.

canşu

Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Canşu Bakıda gördüyü inkişafı, Şərqlə Qərb memarlığının üzvi sintezini yüksək dəyərləndirdi. Qeyd edildi ki, Çin Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir.

“Siz əsl dost, sınanmış tərəfdaşsınız. Ölkənizə səfərdən məqsəd əlaqələrimizin daha da dərinləşməsi və parlamentlərarası münasibətlərimizin inkişaf perspektivləri haqqında müzakirələr aparmaqdır” – deyə, o, əlavə etdi.

Qonaq Çinlə Azərbaycan arasında mövcud olan yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə də müsbət təsir etdiyini vurğuladı. Qeyd edildi ki, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar mövcuddur.

Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirən Li Canşu Dağlıq Qarabağ probleminin həllində ölkəmizin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğuladı.

Görüşdə MM sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, MM İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Əliağa Hüseynov, ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı, Çinin Azərbaycandakı səfiri Guo Min və digər rəsmi şəxslər iştirak ediblər.

Etikxeber.az

Read Previous

Neftçilər təltif edildi, mükafatlandırıldı – SƏRƏNCAM(LAR) – YENİLƏNİB -(1)

Read Next

Avroliqa: “Qarabağ” və “APOEL” UDUZDU – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir