Polad Əmir oğlu Mədəni…
Tarixi 44 günlük İkinci Vətən Müharibəsində İgidlik, Qəhrəmanlıq göstərmiş Vətən sevdalılarımızdan biri…
Cəmi 31 yaşında Vətəni, Qarabağı yolunda sağlamlığını-bir ayağını qurban vermiş İgidimiz, Qəhrəmanımız…
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı KOBRA Dəstəsinin snayperçisi, 8 medal və bir ordenli, iki övlad atası, birinci qrup müharibə əlili-Qazimiz…
Vətən sevdalısı Poladla bu gün-11 sentyabr 2023-cü il tarixində “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Qazilərlə bağlı Şəki şəhərində təşkil etdiyi tədbirdə tanış oldum…
Onunla qısaca da olsa, hal-əhvallaşdım, söhbətləşdim…
Ona can sağlığı, uzun ömür arzuladım…
Onunla birgə cəmi Qazilərimiz, Vətən sevdalılarımız qarşısında borclu olduğumu, borclu olduğumuzu bildirdim…
Eyni zamanda, onunla birlikdə keçdiyi şərəfli 10 illik hərb və döyüş yoluna ekskurs etdim…
Hər anı, hər sanıyəsi Qəhrəmanlıqlarla dolu bir hərb və döyüş yolu…
Fəxr edilməli, Qürur duyulmalı, hər kəsə örnək bir hərb və döyüş yolu…
***
Polad 1989-cu ilin may ayının 30-da Şəki şəhərində sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyidir…
1996-2005-ci illərdə Şəki şəhərində yerləşən Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə 9 illik təhsil alib…
2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən “N”saylı hərbi hissədə qulluq edib…
Həqiqi hərbi xidmətini, Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb…
Cəmi bir ildən sonra-2010-cu ildən isə həyatını yenidən hərb ilə bağlayıb…
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin KOBRA Dəstəsində fəaliyyətə başlayıb, snayperçi olub…
2013-cü ilin fevral ayının 11-də atasını itirib…
2016-cı ildə ailə həyatı qurub…
Umud və Pınar adlı iki övlad atasıdır…
2017-ci il təvəllüdlü-6 yaşlı Umud bu il birinci sinifə gedəcək…
2021-ci ilin oktyabr ayının 1-də dünyaya gələn balaca Pınar isə 2 yaşının içindədir…
Polad bir hərbçi, bir Xüsusi Təyinatlı, bir Vətən sevdalısı kimi tarixi 44 günlük İkinci Vətən Müharibəsində iştirak edib…
20 günlük şərəfli döyüş yolu keçib…
Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Hadrut istiqamətlərində döyüşüb, düşmənə sözün əsl mənasında qan uddurub, 16 erməni hərbçisini öldürüb…
Və oktyabr ayının 16-da Füzuli şəhərində minamyot atəşinin partlaması nəticəsində ağır yaralanıb…
52 gün Daxili İşlər Nazirliyinin hospitalında yatıb, ağır müalicə və müayinələrdən keçib, əməliyyat olunub, sağ ayağını tamamilə itirib…
Və səhhəti ilə əlaqədar Daxili Qoşunlardan təxris olunub, birinci qrup əlillik dərəcəsi alıb…
İstər müharibədən öncə, istərsə də müharibədən sonra medallarla-“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, o cümlədən, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubalının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…
Polad hazırda Bakı şəhərində, özünə məxsus olmayan bir evdə yaşayır…
Minik maşını ilə təmin olunsa da, hələ də nə Bakı şəhərində, nə Şəki şəhərində evlə, mənzillə təmin edilib…
Onun eyni zamanda, digər həllini gözləyən problemləri var…
Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumlar, o cümlədən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə hansısa bir addım atılmır…
Bu isə qəbuledilən və başadüşülən bir hal, yanaşma deyil…
Vətəni, Qarabağı yolunda təmənnasız şəkildə sağlamlığını qurban vermiş Qazimizə Haqq etdiyi, gərəkən münasibət göstərilməli, üzləşdiyi problemlər aradan qaldırılmalıdır.
Bunu, bunları etmək aidiyyatı dövlət qurumlarının və cavabdeh şəxslərin borcu və vəzifəsidir!
Allah qorusun, Yar və Yardımçısı olsun-Vətən sevdalısı Polad kimi Poladı, Polad Mədənini!
Amin!
***
FOTOLAR:














Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az