Nəşi 40 gündən sonra dəfn edilən, iki medallı, subay-ŞƏHİD ADİL AKİF OĞLU RZAYEV… VƏ ŞƏHİD AİLƏSİNİN YAŞADIĞI “EV”… VƏ İŞDƏN ÇIXARILAN ŞƏHİD ANASI…TƏCİLİ ADDIMLAR ATILACAQMI, BİABIRÇI DURUM ARADAN QALDIRILACAQMI? – FOTOLAR

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız, daha bir Vətən sevdalımız…

Daha bir Nur üzlümüz, daha bir İkinci Vətən Müharibəsi Şəhidimiz…

Əslən Xızılı-Ağdərəli olan, Qobustanın Hilmilli kəndində dünyaya gələn və Sumqayıtın Hacı Zeynalabdin Tağıyev (“Nasosnı”) qəsəbəsində yaşayan, yaşamış Adil Akif oğlu Rzayev...

Adil 1999-cu ilin may ayının 10-da anadan olsa da, kimliyində 20 avqust 1999-cu il yazılıb…

Orta məktəbi bitirdikdən sonra, 2017-2019-cu illərdə Goranboy istiqamətində hərbi hissələrdən birində hərbi xidmət keçib…

Hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb, özəl şirkətlərdən birində fəhlə işləyib…

İkinci Vətən Müharibəsi başlamazdan 6 gün öncə, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub…

Füzuli-Xocavənd istiqamətində döyüşlərdə iştirak edib…

Və oktyabr ayının 20-də Xocavənd istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq uzun müddət Şəhidin nəşini əldə etmək mümkün olmayıb…

Noyabr ayının 29-da Adilin Şəhidliyi təsdiqlənib və həmin gün ailəsinə, böyük qardaşına-Rəşada xəbər verilib…

Bir gün sonra, ayın 30-da qardaşı Rəşad və dayısı İslam Füzuli rayonuna gedib və Adilin nəşini təhvil alıblar…

Və elə həmin gün nəşini gətirərək, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn ediblər…

Şəhidliyindən sonra “Vətən uğrunda”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Füzuli istiqamətində döyüşlərdə iştirtak etsə də, ancaq çox təəssüflər olsun ki, “Füzulinin azad olunmasına görə” medalına təqdimatı verilməyib…

Adil həm də ailənin 5 övladından biri, evin sonbeşiyi və subay övladı olub…

***

Bu gün, 19 dekabr tarixində Şəhidimizin evini, ailəsini ziyarət etdik…

Xeyriyyəçi Arzu xanımla birlikdə Şəhidimizin ocağını, ailə üzvlərini, uzun müddətdir səhhətindən əziyyət çəkən və bugünlərdə ağır əməliyyatdan çıxan, onurğa sümüyndən əməliyyat olunan anası Məhbubə xanım Hüseynovaya baş çəkdik…

Şəhidimizin ailəsinə, anasına başsağlığı verdik, onlara Allahdan səbr dilədik, “Şəhidimizin məkanı cənnətlik olsun. Ruhu qarşısında baş əyirik!”-dedik…

Eyni zamanda, Şəhidimizin Nur üzlü, övlad dərdindən qovrulan, yataqlara düşən anasına şəfa dilədik…

Həm də Şəhidimizin yaşadığı (təxminən 5 il öncə bu evi alıblar) ev çox bərbad gündədir…

Nə düz əməlli yol-iz var, nə də evdə normal bir şərait var…

Həm də darısqal və şəraitsiz evdə nə az-nə çox, düz 9 nəfər yaşayır…

Şəhidimizin xəstə anası, ortancıl qardaşının ailəsi, subay qardaşı və iki övlad anası olan bacısı…

Şəhidimizin ailəsi yalnız bu yaxnlarda ev, mənzil növbəsinə götürülüb…

Ancaq Şəhidimizin ailəsinin tezliklə normal şəraitli evlə, məzillə təmin olunması lazımdır və vacibdir…

Xüsusilə də, Şəhidimizin anasının səhhəti gözə alınaraq, bu məsələdə müvafiq strukturlar təcili addımnlar atılmalıdır…

İnanmaq və ümid etmək istərdik ki, ailənin durumu, Şəhid anasının səhhəti nəzərə alınacaq və ev, mənzil məsələsi tezliklə həllini tapacaq…

Həm də Şəhidimizin anasının ev şəraitində müalicə-müayinəsi üçün tibb bacısı ayrılacaq…

Çünki çox vacibdir…

***

Başqa bir üzücü və biabırçı məsələ isə Şəhid anasının işdən çıxarılmasıdır…

Övladının nəşi tapıldıqdan və dəfn edildikdən az sonra Şəhidin anası “Elat” quşçuluq müəssisəsindən işdən, aşpaz vəzifəsindən çıxarılıb…

Şəhid anasına deyilib, xəbər göndərilib ki, təcili işə çıxmalısınız, işçilər yeməksiz-naharsız qalır, gəlməsəniz, işdən çıxarılacaqsınız…

Və Şəhid anasının durumu, nələr yaşadığı nəzərə alınmadan, işdən çıxarılıb…

Və sözün bitdiyi yer…

Nə yazasan, nə pozasan…

***

Allah bir daha Şəhidimizin ailəsinə səbr versin, Şəhidimizin məkanını bir daha cənnətlik etsin!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

19.12.2021, Sumqayıt, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi

Etikxeber.az

Read Previous

“Həqiqət anı kimi dəyərləndirilən, kimin haqqın, kimin şərin yanında olduğunu göstərən Vətən müharibəsi və postmünaqişə dövrünün də əsas çağırışı budur ki, ədalətin, beynəlxalq hüququn mövcudluğu unudulmamalıdır”-MİLLƏT VƏKİLİ

Read Next

Son bir hətfə nələrlə yadda qaldı?-JALƏ ƏLİYEVANIN GÖZÜ İLƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir