Ailənin 4 övladından biri, iki medallı, subay, uçuq-salxaq evdə ömür çürüdən-OSMAN QULİYEVİN ƏLİLLİK DƏRƏCƏSİ NİYƏ VERİLMİR, QAZİLİK HAQQI NİYƏ TANINMIR, MƏSUL QURUMLAR NİYƏ MƏSULİYYƏTSİZ DAVRANIRLAR? – FOTOLAR

Bu gün, dəqiqələr, saatlar öncə Qəhrəman Goranboyun Şahməmmədli kəndində, Qazilik Haqqı yeyilən, əlillik dərəcəsi verilməyən İkinci Vətən Müharibəsi könüllüsü-iştirakçısı, iki medallı, subay Osman Xəqani oğlu Quliyevgildəydim…

Onlara digər Qazilərimiz – Goranboylu-Balakürdlü (Qızılhacılılı) Qazimiz, iki medallı, 32 yaşlı, subay, ikinci qrup əlil Sehran Fariz oğlu Nəbiyev və Nərimanlı kəndindən olan Qazimiz, iki medallı, 3-cü qrup əlil, iki övlad atası Fuad Mahir oğlu Həsənovla birlikdə getmişdim…

Osmangildə gördüklərimdən, qarşılaşdıqlarımdan isə dəhşətə gəldim, sadəcə, hələ də şok içindəyəm…

Osmanın son bir il-il yarımda üzləşdiyi ədalətsizliklər, əlillik dərəcəsinin müəyyənləşdirilməməsi, Qazilik Haqqının tanınmaması bir yana qalsın, ailəsinin, yaşadığı evin-əgər ev demək olarsa- durumu, vəziyyəti bərbadın bərbadı, içlər acısı…

İki otaqdan ibarət “ev”də evdən belə əsər-əlamət yoxdur…

21-ci əsrdə belə bir “ev”…xəyala, təsəvvürə gətirilməsi, gözlə ifadəsi belə mümkün deyil…

Və bu “ev”də hazırda 5 nəfər yaşayır…Osmanın valideynləri, böyük və məktəb yaşlı qardaşları, həm də özü…

Ümumiyyətlə, ailədə 4 uşaqdırlar…

Bacıları bir neçə il öncə ailə qurub-köçüb…

26 yaşının içində olan Osman da, 30 yaşlı böyük qardaşı da subaydır…

Axı, necə evlənsinlər, evlənsələr, ailə qursalar…həyat yoldaşlarını hara, hansı evə gətirsinlər?!

Özləri bu uçuq-salxaq evdə güclə yaşayır, hərəkət edirlər…

Osmanın böyük qardaşının həm də səhhətində problemlər var…

Anası da güclə yeriyir, hərəkət edir…

60 yaşlı atası isə əməkqabiliyyətli olsa da, sadəcə, onun-bunun həyətində işləməklə birtəhər ailəsini dolandırmağa çalışır…

Ailədə təkcə Osman işləyir, o da müvəqqəti və cüzi məvacibli işdə…

Bir sözlə, bu ailənin durumu, güzəranı sözün bitdiyi yerdir!!!

***

Qeyd etdiyim kimi, Osman İkinci Vətən Müharibəsinin iştirakçılarından, könüllülərindəndir…

Sentyabrın 21-də səfərbərliyə cəlb olunub, sentyabrın 27-də isə qanlı döyüşlərə atılıb…

Və döyüşlərin 6-cı günündə, oktaybrın 2-də Talış istiqamətində qanlı döyüşlərdən birində sağ əlindən ağır yaralanıb, qadağan edilmiş güllə yarası alıb…

Oktyabrın 2-dən dekabrın sonlarına qədər 4 xəstəxana və hospitalda müalicə və müayinə alıb, əlindən əməliyyat olunub…

Sənədləri Müdafiə Nazirliyinin (MN) Hərbi-Tibbi Komissiyası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) müvafiq Komissiyasına göndərilib…

Uzun yubatmadan sonra, 2021-ci ilin sentyabrında da Komissiyadan imtina cavabı gəlib Osmana…

Beləliklə, onun əlillik, Qazilik Haqqı-hüququ göz görə-görə tapdanıb…

Osmana mənəvi zərbə vurulub…

Bəhanə kimi də MN-nin müvafiq Komissiyasınin verdiyi rəyin, şəhadətləndirmənin yetərli olmadığı bildirilib…

MN-nin adıçəkilən Komissiyası da ƏƏSMN-nin Komissiyasını günahlandırıb…

Yenə də “ötür-ötür” oyunu başlayıb…

Və nəticədə də Osmanın Haqqı tapdanmaqda, tapdalanmaqda davam edir…

Yaxın günlərdə yenidən hər iki Komissiyaya müraciət etməyə hazırlaşır və Haqqı olanı almaq istəyir…

Başqa heç nə istəmir, gözü, könlü tox Vətən sevdalısı Osman Quliyev…

Sadəcə və sadəcə, Haqqının verilməsini, tanınmasını, əlillik dərəcəsini almaq istəyir.

Məsələnin həlli də yenə hər iki qurumun ümidinə və insafına qalır…

Ümid edək ki, heç olmasa, bu dəfə insaflı, vicdanlı və ədalətli qərar veriləcək, Osmanın yeyilən Haqqı bərpa olunacaq, ona Haqq etdiyi əlillik dərəcəsi veriləcək…

Ümidlidir, ümidliyik…

Allah ümidini, ümidimizi ölməyə və öldürülməyə qoymasın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün sükut günüdür-FRANSADA

Read Next

Daha 19 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir