Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə,

Surəti Birinci vitse-prezident, Birinci xanım Mehriban xanım Əliyevaya,

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevə,

Müdafiə naziri, general-polkovnik Zakir Həsənova,

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevə,

Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova

Mingəçevir şəhər “Günəşli” yaşayış masivi, küçə…, ev…yaşayan Şəhid qardaşlar-Musa və Tural Həsənovların valideynləri Nəhayət və Tapdıq Həsənovlar tərəfindən

MÜRACİƏT

Cənab Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirik ki, biz-Nəhayət və Tapdıq Həsənovlar Mingəçevirdən olan Şəhidlərin-iki Şəhid övladın valideynləriyik və son bir il ərzində üçüncü dəfədir Sizə, Ali Baş Komandanımıza müraciət edirik. Elə bu yerdə xatırlatmaq istəyirik ki, ilk dəfə ötən ilin may ayının sonlarında və sentyabr ayının əvvəllərində, o cümlədən, bu ilin yanvar ayında Sizə müraciət ünvanlamışdıq. Bu, Sizə ünvanladığımız dördüncü müraciətimizdir. Bir daha qeyd etmək istərdik ki, övladlarımız Tural və Musa Həsənovlar İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunaraq, cəbhə bölgəsinə-Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərə göndəriliblər. Hər iki övladımız da ailəli, iki övlad atası idi. Ötən ilin may ayında isə Şəhidlərimizdən Musanın bir yaşlı övladını-İncini də itirdik və dərdimizin üstünə yeni bir dərd gəldi. Allah heç bir bəndəsinin başına belə bir müsibət gətirməsin.

İncimiz Şəhid atasına və Şəhid əmisinə qovuşdu. Hər üçünün də məkanı cənnətlik, nurlu olsun! Onu da qeyd edək ki, həm Musa, həm Tural İkinci Vətən Müharibəsinin elə ilk günlərində, qanlı döyüşlərdə Vətən, Qarabağ uğrunda Şəhid olublar. Musanın Şəhidliyi 35, Turalın Şəhidliyi isə 69 gündən sonra təsdiq olunub və Musa noyabrın 5-də, Tural isə dekabrın 9-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunublar. Övladlarımızın hər ikisi də ölümlərindən sonra Müzəffər Ali Baş Komandanımız kimi, 2020-ci ilin dekabr ayı və 2021-ci ilin iyun ayında imzaladığınız müvafiq Sərəncamlarla 3 medalla təltif olunub.

Hörmətli İlham Heydər oğlu!

İkinci Vətən Müharibəsi zamanı iki övladını itirən 7 ailədən biriyik. Övladlarımızın Qəhrəmanlığı, İgidliyi, Şəhidliyi ilə də Fəxr edirik, Qürur duyuruq. İstər Şəhid, istərsə Şəhid valideyni olmaq heç də hər kəsə nəsib olmur. Həm Şəhidlik, həm də Şəhid valideynliyi ən müqəddəs dəyərdir. Ona görə, Şəhid(lər) valideyni olaraq, arzumuzdur ki, övladlarımız ya Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı, ya da ən ali ordenlərimizdən olan “Qarabağ”, “Zəfər”, “Azərbaycan Bayrağı” və ya “Rəşadət” ordenlərindən biri ilə təltif edilsin. Öncəki müraciətlərimizdə də bu xahişimizi bir qədər fərqli formada qeyd etmiş, dilə gətirmişdik. Düzdür, ilk-may ayındakı müraciətimizdən sonra Tural daha iki, Musa isə daha bir medalla təltif olundu, buna görə də əməyi, zəhməti keçən hər kəsə, xüsusilə, Müzəffər Ali Baş Komandan kimi Sizə minnətdarıq.

Amma bununla belə, çox istərdik ki, həm bizim övladlarımız, həm də 32 illik Qarabağ münaqişəsi-İkinci Vətən Müharibəsi zamanı iki oğlunu itirmiş valideynlərin Qəhrəman, Cəsur övladları daha yüksək və Haqq etdikləri adlara, Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı adlarına, “Qarabağ” və Zəfər” ordenlərinə, yaxud digər ali ordenlərə layiq görülsünlər. Bizim özümüzlə bərabər, eyni taleni yaşamış, yaşayan Şəhid(lər) valideynlərinin də arzularını dilə gətirir və çin olmasını Sizdən rica edirik.

Qarşıdan, cəmi 20 gündən sonra 26 iyun-Milli Silahlı Qüvvələr Günü gəlir. Ona görə çox istərdik, çox arzu edərdik ki, bizim istəyimizin, xahişimizin nəzərə alınmasına və onun müsbət həll olunmasına dəstəyinizi, köməkliyinizi əsirgəməyəsiniz. Əgər övladlarımıza Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı, yaxud da “Qarabağ”, “Zəfər” ordeni və ya başqa ordenlərimizdən biri verilərsə, bu, həm Şəhidimizin, Şəhidlərimizin ruhunu, ruhlarını sevindirmiş olar, həm də dərdli, kədərli, Qürurlu və Məğrur Şəhid(lər) valideynləri, Şəhidlər ailəsi olaraq, bizlərə mənəvi dəstək, təsəlli, təskinlik olar. İnanırıq və əminik ki, müraciətimiz tərəfinizdən nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Allah Sizi, gözəl ailənizi, Qalib Dövlətimizi, Qalib Xalqımızı, Qalib Əsgərimizi qorusun!

İmza: / /

Nəhayət Həsənova-tel:

Tapdıq Həsənov: tel:

06.06.2022

Read Previous

Şəhid qardaşlar-Musa və Tural Həsənovların valideynləri yenidən-ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ, ÖVLADLARININ VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADI VƏ YA ALİ ORDENLƏRDIN BİRİ İLƏ TƏLTİF OLUNMALARINI İSTƏDİLƏR

Read Next

Daha 2 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir