12 il öncə cavan həyat yoldaşını, son 2 ildə isə üç övladından ikisini itirmiş Yaralı, Dərdli Şəhid anası: BU GÜN ŞƏHİD SƏMƏD RZAYEVİN ANASI-OCAĞI ZİYARƏT OLUNDU, ŞƏHİD ANASINA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir Şəhid ailəsində olduq…

Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin ailəsini, ocağını ziyarət etdik…

Qəhrəman Goranboyun Tatarlı kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan MAXE-çavuş Səməd Füzuli oğlu Rzayevin hazırda tək-tənha yaşayan anasına-Zərqələm xanıma baş çəkdik…

Ziyarətdə mənimlə birgə İkinci Qarabağ Savaşı Qaziləri-keçmiş hərbçi-MAXE Fuad Mahir oğlu Həsənov Amid Bayram oğlu Ələkbərov da iştirak edirdi…

Şəhid anasını çoxdan tanısam da, tanısaq da, ilk dəfə idi ki, onu, Şəhidinin ocağını ziyarət edirdik…

Öncə Şəhidimizin anasına-Zərqələm xanıma bir daha Allahdan səbr və dözüm arzuladıq, bir daha “Şəhidimizin, Səməd Rzayevin məqamı Uca, dərgahı mübarək olsun!”-dedik…

Bir daha ruhu qarşısında baş əydiyimizi bildirdik…

Bir daha Şəhidimizə, Səmədlərə, onları bu Vətən üçün yetişdirən valideynlərə bir ömür boyu borclu olduğumuzu və borcumuzdan da heç zaman çıxa bilməyəcəyimizi söylədik…

Bir daha Şəhidimizi, Şəhidlərimizi, Səmədləri unutmağa haqqımızın olmadığını və onları unutmayacağımızı dilə gətirdik…

Çünki unutsaq, unudularıq, lənətlənərik!

Sonra Şəhidimizin Dərdli, Yaralı, həm də Məğrur, Dik duruşlu anası ilə dərdləşdik, söhbətləşdik…

Qeyd edim ki, başqa bir yazımda da yazdığım kimi, Zərqələm xanımın, Zərqələm ananan həyat hekayəsi, həyat hekayəti çox kədərli və çox acılıdır…

Çox cavan yaşlarından, 2010-cu ildə həyat yoldaşını vaxtsız şəkildə itirib…

3 övladı- iki oğlu və bir qızı ilə baş-başa qalıb…

Onlar minbir əzab-əziyyətlə böyüdüb boya-başa çatdırıb…

Onlara həm ana, həm də ata olub…

Səmədi orta məktəbi bitirdikdən və hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsində də hərbçi-MAXE kimi iştirak edib…

Və qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Lakin Səmədini nəşini uzun müddət əldə etmək mümkün olmayıb…

Yalnız iki ay bir gündən sonra Səmədin nəşi əldə edilib və Əbədiyyətə uğurlanıb 25 yaşında…

On il öncə cavan həyat yoldaşını itirən Zərqələm xanımın dərdinin, acısının üstünə bu dəfə oğul, övlad dərdi, acısı gəlib…

Lakin bu da son, sonuncu olmayıb…

Oğlunun, Şəhidinin ili çıxmamış tək qız övladını, dializ xəstəliyindən əziyyət çəkən ailəli qızını (övladı olmayıb)-Əfsanəsini də itirib…

Dərd üstünə yenə dərd, kədər üstünə yenə kədər, acı üstünə yenə acı…

Sözlərin, kəlmələrin ifadə edə bilməyəcəyi, bilmədiyi məqam, an, yer…

Nə deyəsən, nə yazsan axı…

Necə təsəlli verəsən axı Yaralı, Dərdli Anaya, Zərqələm Anaya…

Zərqələm həm də (keçən yazımda da qeyd etmişdim) sinif yoldaşımın, 8 il mənimlə bir sinifdə oxumuş Xanımın bacısıdır…

Zərqələm bizdən 3 sinif aşağıda oxuyub…

Zərqələmin bu gün cəmi bir övladı qalıb-Bəxtiyarı…

O da yaxın günlərdə hərbi xidmətini başa vurub, evinə, anasının yanına dönəcək…

Sağ-salamat dönsün, adı kimi Bəxtiyar olsun!

Allah ona da, Xanıma da, başı çox müsibətlər çəkmiş Zərqələmə də bir daha və bir daha səbr və dözüm versin!

Hər iki balasının və həyat yoldaşının məkanları cənnətlik, ruhları şad olsun!

Nur içində yatsınlar!

Onu da qeyd edim ki, ziyarət zamanı “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini Zərqələm xanıma təqdim etdik…

O da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubal Şəhid anası Tünzalı Abduləlimovaya minnətdarlğını ifadə etdi.

12:40

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

Yolların yenidən qurulmasına 4,27 milyon manat ayrıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir