Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsində Qəhrəmanlıq dastanı yazan İgidlərimizdən, Vətən sevdalılarımızdan biri də 1988-ci ildən, Qarabağ münaqişəsi başlayan gündən tarixi Qələbə və Zəfərimizə kimi düşmən qarşısında mətanətlə dayanmış Qəhrəman Gədəbəy rayonunun Maarif kəndindən olan Tural Məmişovdur…
Evin-ailənin tək oğlu, iki övlad atası, müharibəyə könüllü şəkildə gedən, qanı, canı ilə Vətəninə bağlı olan Tural Tələt oğlu Məmişov…
Və Vətənini, Qarabağını ailəsindən,valideynlərindən, iki balasından üstün tutan, Vətəni, Torpağı, Qarabağı yolunda da canını fəda edən Tural Tələt oğlu…
Qəhrəman Gədəbəyin Qorxmaz, Cəsur, İgid oğlu, Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidi Tural Məmişov…
Tural Məmişov 1992-ci ilin 5 aprel tarixində Gəbədəy rayonunun Maarif kəndində dünyaya göz açıb…
Ailənin iki övladından biri, evin tək oğlu olub…
1998-2009-cu illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb və hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə-ailəsinə dönüb…
Əsgərlikdən qayıtdıqdan sonra, 2012-ci ildə əslən Gədəbəyli və ali təhsilli Ülkər xanımla ailə həyatı qurub…
İki övladı-qızı Ayşə və oğlu Ömər dünyaya gəlib…
Hazırda Ayşənin 9, Ömərin isə 6 yaşı var…
İkinci Qarabağ Savaşı başlayandan bir müddət sonra-oktyabr ayında isə könüllü şəkildə cəbhəyə, Vətənin müdafiəsinə yollanıb…
Oktyabrın 23-dən noyabrın 4-nə kimi döyüşüb…
Və noyabrın 4-də Laçın istiqamətində qəhrəmancasına Şəhid olub…
Bir gün sonra, noyabrın 5-də isə nəşi doğulduğu kənddə-Maarif kənd qəbiristanlığında torpağa tapşırılıb…
Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”,“Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib…
Şəhidin xanımı-Ülkər Məmişova və iki övladı hazırda Bakı şəhərində yaşayırlar…
Ülkər xanım Sumqayıt Dövlət Universitetini bitirsə də, indiyədək heç bir yerdə işləməyib…
İki övlad anası olan Ülkər Məmişova indi işləmək, işlə təmin olunmasını istəyir…
Deyir ki, iki övladı böyütmək, boya başa-çatdırmaq heç də asan deyil…
Odur ki, işləməsi, işlə təmin edilməsi lazımdır…
Söz və qərar isə səlahiyyət sahiblərindəndir…
Ali təhsilli, iki övlad anası olan Şəhid xanımını işlə təmin etmək lazımdır…
İnanmaq istərdik ki, yaxın zamanlarda Şəhid xanım öz ixtisasına uyğun işlə təmin ediləcək, az da olsa, sevindiriləcək!
Şəhidimizin də ruhu şad, məkanı cənnətlik olsun!
Nur içində yatsın!






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




