Bu gün 2022-ci ilin sentyabr Şəhidlərindən olan Xüsusi Təyinatlılar-Bərdəli Namiq Ağəmməd oğlu Məmmədli, Goranboylu Səfiyar Elşən oğlu Məmmədov və Ümid Vüqar oğlu İmamquliyevin Anım günləridir.
Hər üç Şəhid 2022-ci ilin sentyabr ayının 15-də Əbədiyyətə uğurlanıblar.
Etikxeber.az xəbər ki, bu gün hər üç Şəhidin Şəhidliklərinin ilk ildönümü ilə bağlı öz rayonlarında məzarları ziyarət olunub.
Hər üçünün də məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub.
Hər üçünün də məzarı başında qısa çıxışlar olunub, Şəhidlərin İgidlik və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından bəhs olunub.
Hər üçünün də ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Sonra Bərdənin Təhlə kəndində Namiq Məmmədlinin, Goranboyun Qızılhacılı qəsəbəsində Səfiyar Məmmədovun, Qaradağlı kəndində isə Ümid İmamquliyevin Anım mərasimləri keçirilib, adlarına ehsan verilib.
Bir daha ruhlarına dualar olunub.
***
Ümid İmamquliyev 2023-cü ilin 28 avqust tarixində Goranboy rayonunun Qaradağlı kəndində, çox kasıb və çox sadə bir ailədə dünyaya gəlib…
Ailənin 4 övladından biri olub…
Böyük qardaşları hələ körpəykən dünyasını dəyişib…
Ailədə 3 üşaq-2 qardaş, 1 bacı qalıblar…
İki yaş ondan böyük olan qardaşının da səhhətində ciddi problemlər var…
Ümid orta məktəbi bitirdikdən bir müddət sonra, 2021-ci ilin oktyabr ayında Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb, “052”-də qulluq etməyə başlayıb, Xüsusi Təyinatlı olub…
Axırıncı dəfə də ailəsi ilə ötən ilin sentyabr ayının 4-də danışıb və valideynlərinə Bakıda olduğunu deyib…
Həmin gündən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb…
Və 9 gün sonra, Əsgərliyinin bir ilinin tamamına yaxın, sentyabr ayının 13-də qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Sentyabrın 13-də Kəlbəcər istiqamətində Şəhidlik məqamına yüksələn Ümidin nəşi 15 sentyabr tarixində Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra, ötən ilin noyabr ayının 5-də Ali Baş Komandanın müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
O, həm də subay olub.
***
Namiq Məmmədli 1996-cı ilin may ayının 2-də Bərdənin Təhlə kəndində dünyaya gəlib…
Ailədə iki övlad, iki qardaş olublar…
Hər iki qardaş-həm Namiq, həm də ondan 4 yaş böyük olan-1992-ci il təvəllüdlü qardaşı Natiq hərb sənətini, hərb yolunu seçiblər…
Hər iki qardaş həm tarixi 44 günlük İkinci Vətən Müharibəsində, həm də qanlı sentyabr döyüşlərində iştirak ediblər…
Namiq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib…
2018-ci ildən hərb yolunu seçən Natiq isə Azərbaycan Ordusunun Giziridir…
Namiq Murovdan Şuşayacan uzun və şərəfli döyüş yolu keçib…
Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib…
Natiq də Suqovuşan və Ağdam istiqamətlərində döyüşüb…
Qanlı sentyabr döyüşləri zamanı isə Namiq Kəlbəcər, Natiq isə Laçın istiqamətində döyüşüb…
Və sentyabrın 12-dən 13-nə keçən gecə Namiq Kəlbəcərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi iki gün sonra Bəcirəvan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb..
Namiq İkinci Vətən Müharibəsindən sonra “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları, 2022-ci ilin noyabr ayında isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib…
Eyni zamanda, xidmət dövründə Türkiyədə təlimdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalı ilə təltif olunub…
Natiq isə İkinci Qarabağ Savaşından sonra iki medalla-“Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub…
Namiq də Ümid kimi subay olub…
31 yaşlı Natiq isə ailəli, iki övlad atasıdır…
***
Ailənin 4 övladından, 3 qardaşdan biri olan Səfiyar Məmmədov isə 2002-ci ilin yanvar ayının 1-də, Yeni ilin ilk günündə Goranboyun Qızılhacılı qəsəbəsində çox kasıb bir ailədə dünyaya gəlib…
Anaları Narıngül xanım onları təkbaşına böyüdüb boya-başa çatdrıb…
Səfiyar orta məktəbi bitirdikdən az sonra Əsgərliyə, Vətənin keşiyinə yollanıb və həqiqi hərbi xidmətdə olarkən İkinci Vətən Müharibəsinə qatılıb…
Müxtəlif istiqamətlərdə döyüşüb…
Sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb…
Xüsusi Təyinatlı-MAXE kimi fəaliyyətə başlayıb…
Və ötən ilin sentyabr ayında baş vermiş qanlı döyüşlər zamanı Kəlbəcərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ayın 12-də Şəhidlik məqamına yüksələn Səfiyarın nəşi sentyabrın 15-də Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla, həm də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
Səfiyar da Ümid və Namiq kimi subay idi…
Hər üçünün də məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!



13:07
***
FOTOLAR:





***





***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az