14 əməkdaş intizam məsuliyyətinə cəlb edilib – 163 CİNAYƏTİN AÇILMASI TƏMİN OLUNUB – BAŞ PROKURORLUQ

2019-cu ilin ilk altı ayında əvvəlki illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.

Etikxeber.az  xəbər verir ki, bu barədə iyulun 31-də Baş Prokurorluqda keçirilən prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, hesabat dövründə istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə cinayət hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 690 vahid artım olmaqla, ümumilikdə qeydə alınmış 13534 cinayətin 91,7 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub, onların 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,5 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

 Əməliyyat-axtarış və istintaq fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 82,4% təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, mülkiyyət əleyhinə olan cinayətlər, yol-nəqliyyat hadisələri, habelə qəzalarda xəsarət alanların sayında artım, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsində isə azalma müşahidə olunub.

Həmçinin, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3-ü vəzifədən azad edilib.

Eyni zamanda, bu ilin ilk yarısında rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bildirilib ki, korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı „Qaynar xətt“inə 1986 müraciət daxil olub, həmin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

Bununla yanaşı, bu ilin 6 ayında məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunub,

Bildirilib ki, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Etikxeber.az

Read Previous

Fərman Salmanovun heykəlinin ucaldılması ilə bağlı təkliflər hazırlayacaq – MƏDƏNİYYƏT NAZİRLİYİ

Read Next

İki Vidadi “Xalq artisti” oldu, iki Zemfiraya Prezidentin fəxri təqaüdü verildi – SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir