Mingəçevir şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Şahmar Fikrət oğlu Seyidovun anası Əsməgül Seyidova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevə və müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayıb.
Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:
“Cənab Müzəffər Ali Baş Komandan!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Əsməgül Ağamalı qızı Seyidova Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şahmar Fikrət oğlu Seyidovun anasıyam. Bu, həm də son iki ildə Sizə ünvanladığım ikinci müraciətimdir və inanmaq istəyirəm ki, bu müraciətim nəhayət, Sizə çatdırılacaq və öz müsbət nəticəsini tapacaq.
Bir daha qeyd etmək istəyirəm ki, oğlum, Şahmarım İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. Şahmar mənim iki övladımdan, iki oğlumdan biri idi. Müharibədən, Şəhidliyindən 5 ay öncə həyatını Ordu, hərb ilə bağlamışdı, MAXE kimi fəaliyyət göstərirdi. Müharibədə də hərbçi-MAXE kimi iştirak etdi və oktyabr ayında ağır döyüşlərdən birində Şəhidlik zirvəsinə ucaldı. Şahmar həm də nişanlı idi. Həm ömrü yarımçıq qaldı, həm arzuları, xəyalları.
Bəli, bir daha ürək ağrısı ilə bildirmək istəyirəm ki, bir ana, bir valideyn üçün övlad itkisi, övlad acısı çox əzablı və dəhşətlidir. Allah heç kimə övlad acısı, övlad itkisi, övlad dağı yaşatmasın. Nə qədər ağrılı və acılı olsa da, övladımla, Şahmarımla Fəxr edir, İftixar hissi keçirirəm. Fəxr edir, İftixar hissi keçirirəm ki, Şahmar kimi İgid, Qəhrəman, Vətən sevdalı bir Oğulun anasıyam. Fəxr edir, İftixar hissi keçirirəm ki, torpaqlarımızın işğalına, 32 illik qanlı Qarabağ münaqişəsinə son qoyulmasında, tarixi Qələbə və Zəfərimizdə oğlumun, balamın, Şahmarımın da payı, əməyi, xidməti var.
Oğlum, Şahmarım da daxil olmaqla, Allah cəmi Şəhidlərimizin, Şəhid balalarımızın ruhlarını şad etsin, Qazilərimizə, Qazi balalarımıza şəfa, can sağlığı versin! Fəxrimiz, Qürurumuzdurlar!”
Müraciətdə sonra qeyd olunur:
“Hörmətli İlham Heydər oğlu!
Bir daha və təkrar müraciət etməklə, bir xahişimi nəzərinizə çatdırmaq istəyirəm. İkinci Vətən Müharibəsindən, balalarımızın qanı ilə əldə edilən tarixi Qələbə və Zəfərimizdən sonra İgidliyinə, Qəhrəmanlığına görə övladım Ali Baş Komandan olaraq, Sizin tərəfinizdən 3 medalla təltif olunub. Bu, övladımın Haqqıdır və buna görə Sizə minnətdarlığımı ifadə edirəm. Amma hesab edirəm ki, övladım ali ordenlərimizdən birini də Haqq edir. Orden də övladımın halal Haqqıdır.
Odur ki, qarşıdan gələn Zəfər Günü ərəfəsində övladımın ölkəmizin ən ali ordenlərindən biri ilə təltif olunmasını Sizdən xahiş və rica edirəm. İstəyirəm ki, Şahmarım da ali ordenlərimizdən biri ilə təltif olunsun. Əgər belə olarsa, bu, həm Şəhidimizin ruhunu sevindirər, həm də övladını itirmiş bir ana kimi mənə təskinlik, təsəlli olar. Ona görə yuxarıda da qeyd etdiyim kimi, inanıram və ümid edirəm ki, müraciətim nəhayət, nəzərə alınacaq və öz müsbət həllini tapacaq.
Öncədən də Sizə dərin minnətdarlıq və təşəkkürümü bildirirəm. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az