Qənirə Paşayeva bələdiyyələrə sosial şəbəkələrlə bağlı çağırış etdi… – YENİLƏNİB – (1)

Milli Məclisin (MM) fevralın 12-də keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatı müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, hesabat barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.

Nazir müavini qeyd edib ki, bələdiyyə aktlarının vaxtında təqdim edilməsi üzərində inzibati nəzarətin gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb.

Bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 protokol isə baxılmaqdadır.

Bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. İnzibati nəzarət icraatı qaydasında 31 araşdırma aparılıb, araşdırmaların bir qismində müraciətlərdə göstərilənlər öz təsdiqini tapmayıb və ciddi qanun pozuntuları müəyyən edilməyib.

Sənəddə bildirilir ki, 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanan materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır.

Hesabat ərtafında müzakirələrə başlanılıb.

***

Millət vəkilləri bələdiyyələrə maneçiliklərdən narazılıq etdilər

Müzakirələrdə çıxış edən deputat Əli Məsimli qeyd edib ki, bələdiyyələr 20 ildir yaransalar da, görürük ki, onlar ayaqüstə dayana bilmirlər:

“Bələdiyyələr torpaq mövzusundan yerli problemlərin həllinə yönələ bilsələr, yaxşı olar. Ancaq bu sərbəstliyi onlara vermək lazımdır. Azərbaycanda 1700 bələdiyyə  var. Bu say belə Azərbaycan üçün çoxdur”.

Deputat Siyavuş Novruzov deyib ki, bəzi bələdiyyələr çox səlahiyyət istəyir, bəziləri isə olan səlahiyyəti yerinə yetirmir:

“Ona görə bələdiyyələrin özündə idarə olunma ilə bağlı baxış dəyişməlidir. Elə bələdiyyə var ki onlara milyonlarla subsidiya verilib. Ancaq heç elektron kitabxana açmayıblar. Bələdiyyə meşələrinin, bağlarının salınması həyata keçirə bildirərdilər. Elə etmək lazımdır ki, xırda-xırda gəlsin, amma daimi gəlir gəlsin. Eləsi də var ki, deyir ki, növbəti dəfə seçilməyəcəm, ona görə də baxışını dəyişmir”. 

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, son vaxtlar “söyüş müxalifəti” ölkədə siyasi islamın legitimləşdirilməsinə cəhd edir:

“Hesab edirəm ki, bələdiyyə üzvləri insanlara yerlərdə daha yaxın olduğu üçün bu məsələni qarşısının alınmasına, beyinlərin zəhərlənməsinə yol verilməməsinə töhfə verməlidirlər”.

***

Deputadan bələdiyyələrə sosial şəbəkələr çağırışı…

Millət vəkili Qənirə Paşayeva  çıxışında deyib ki, bələdiyyələrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları verilib:

“Ancaq onlar bundan istifadə edə bilmirlər. Bəziləri bu fəaliyyətdən yararlansa da, nəticə etibarı ilə bələdiyyələrin büdcəsində özünü göstərmir. Ona görə Ədliyyə Nazirliyinin keçirdiyi treninqlərdə bələdiyyə sədrləri daha çox bu istiqamətdə məlumatlandırılmalıdırlar”.

O, həmçinin qeyd edib ki, bələdiyyə sədrləri, bələdiyyə üzvləri sosial şəbəkələrdə, “Facebook”da aktiv fəaliyyət göstərməlidirlər: “Qardaş Türkiyədə hər bir bələdiyyənin, bələdiyyə sədrinin, bələdiyyə üzvlərinin sosial şəbəkələrdə hesabları, “Facebook” səhifələri var. Bu da əlavə vəsait tələb etmir ki?! Ona görə bizim bələdiyyələr bu məsələdə fəallıqlarını artırmalıdırlar”.

Millət vəkili Fazil Mustafa  bələdiyyələrin çoxunun fəaliyyətinin yoxluğundan şikayətlənib:

“Onların fəaliyyətindən gəlib, Almaniya telekanalları çəkib göstərəsi deyil ki? Deməli, onların fəaliyyəti yoxdur. Fəaliyyətləri yoxdur ki, onları çəkib göstərmirlər, təbliğ etmirlər”.

O, eyni zamanda, bələdiyyə üzvlərinin məhkəmələrdə süründürülməsinin düzgün olmadığını deyib: “Onların məhkəmə dəhlizlərində süründürülməsi elə onları işdən ayırmaq deməkdir. Onlara irəli sürülən ittihamlarda da deyilir ki, guya onlar təkbaşına qərar qəbul edirlər…Guya kim təkbaşına qərar qəbul etmir ki?”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkilləri kitabdan, bahalaşmadan, kreditlərdən, Zahid Orucdan danışdı – YENİLƏNİB – (3)

Read Next

Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər – BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir