Şəhid Telman Allahverənovun atası Prezidentə müraciət etdi: “İSTƏYİRƏM Kİ, ÖVLADIM DA ALİ ORDENLƏRİMİZDƏN BİRİ İLƏ TƏLTİF OLSUN, TELMANIMIN DA ORDEN HAQQI TANINSIN”

Mingəçevir şəhərinin ikinci Vətən Müharibəsi Şəhidlərindən olan Telman Allahverənovun atası Fazil Allahverənov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə və Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Fazil Aydın oğlu Allahverənov Mingəçevir şəhərində yaşayıram. İkinci Vətən Müharibəsi Şəhidi Telman Allahverənovun atasıyam. Telman mənim üç övladımdan biri, tək və nişanlı oğlum idi, toyuna hazırlaşırdıq. İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə də könüllü getmişdi. Tək oğlum Tərtər-Ağdərə-Suqovuşan istiqamətində, Vətən, Qarabağ yolunda Şəhid oldu, canını fəda etdi. Oktyabrın 1-də Şəhid olsa da, 63 gündən sonra torpağa tapşırıldı. O gündən, tək oğlum Şəhid olan gündən arxam-dayağam getdi, ruhum sanki bədənimdən ayrıldı. Övlad, bala, oğul dərdi çox ağır və çox əzablıdır. Mən yaşadım, biz yaşadıq, kimsə yaşamasın, Allah kimsəyə övlad, bala, oğul acısı, dərdi yaşatmasın.

Bala, övlad itkisi nə qədər ağır və acılı olsa da, bir ata kimi Telmanımla, tək oğlumla, İgidimlə, Qəhrəmanımla Fəxr edir, Qürur duyur, İftixar hissi keçirirəm. Qürur duyuram, Fəxr edirəm, İftixar hissi keçirirəm ki, Telman kimi bir Oğulun, İgidin, Qəhrəmanın atasıyam.

Onu da qeyd edim ki, Şəhidliyindən sonra Sizin sərəncamlarınızla övladım medallarla təltif olunub. Buna görə də Sizə minnətdarlığımı bildirirəm”.

Müraciətdə sonra qeyd olunur:

“Cənab Ali Baş Komandan!

Bu müraciəti ünvanlamaqla, Sizə iki xahişimi dilə gətirmək istəyirəm. Birinci xahişim orden məsələsi ilə bağlıdır. Son üç ildə dəfələrlə söz, vəd verilsə də, övladımın orden Haqqı hələ də tanınmayıb. Hansı ki, orden də balamın, tək oğlumun Haqqıdır. O da ali ordenlərimizdən birini Haqq edir.

Ona görə istəyirəm ki, övladım da ali ordenlərimizdən biri ilə təltif olunsun. Xahiş və rica edirəm ki, növbəti sərəncamlarınızdan birində övladımı da ali ordenlərimizdən biri ilə təltif edəsəniz. Bununla həm övladımın ruhu şad edilmiş, həm də bir Dərdli, Yaralı, Qəhrəman Ata kimi mənə, ailəmə təsəlli, mənəvi dəstək verilmiş olar.

İkinci xahişim isə mənzil məsələsi ilə bağlıdır. Son üç ildə bir çox Şəhid ailələri Haqq etdikləri, balalarının Haqqı olan evlə, mənzillə təmin edilsələr də, biz bu məsələdən də kənarda qalmışıq. Axı, biz də Şəhid vermişik, axı, biz də tək oğlumuzu bu Vətən qurban Şəhid vermişik?! Biz də Şəhid ailəsi deyilikmi?

Təki balamız sağ, yanımızda olaydı, bizə heç nə lazım deyildi, dünya malında da gözümüz yoxdur. Amma mənzil də balamın Haqqıdır. Odur ki, bu məsələdə də bizə dəstək olmağınızı, müvafiq qurum və şəxslərə göstəriş və tapşırıqlar vernəyinizi Sizdən xahiş və rica edirəm.

İnanıram ki, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə öz dərin təşəkkürlərimi ifadə edirəm. Allah Sizi, ailənizi, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

17 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb-SON BİR HƏFTƏDƏ

Read Next

“AHİM Ermənistanın dürüst olmadığı qənaətinə görüb”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir