Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-17 dekabr 2023-cü il tarixində Mingəçevir şəhərinin sonuncu beş Şəhidindən-antiterror Şəhidlərindən biri olan Cahangir Qurban oğlu Tağızadənin adını daşıyan “Şəhid bulağı”nın və xatirə kompleksinin açılış mərasimi olacaq.
Açılış mərasimindən öncə Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar olunacaq, “Quran” oxunacaq.
Şəhidin məzarını ziyarətdən sonra isə “QRES” qəsəbəsində (“Vaqonlar” deyilən yerdə) Şəhidin adını daşıyan “Şəhid bulağı”nın və xatirə kompleksinin açılışı keçiriləcək.
Açılış mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək.
Sonra çıxışlar ediləcək, Şəhidin 19 illik qısa, lakin şərəfli həyat və hərb yolundan danışılacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, sonra adını daşıyan “Şəhid bulağı”nın və xatirəsi kompleksinin açılışı olacaq, üzərlərindən örpək götürüləcək.
Daha sonra Şəhidin ailəsinin yaşadığı evdə (“QRES” qəsəbəsində, “Vaqonlar” deyilən yaşayış məhəlləsində) mərasim düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.
Açılış mərasimində və ehsan süfrəsində Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, əslən Kəlbəcər-Təkqayalı, 27 may 2004-cü il təvəllüdlü və ailənin iki oğlan övladından biri olan Cahangir Tağızadə valideynləri məcburi köçkün düşdükləri və Mingəçevirdə yaşadıqları üçün bu şəhərdə dünyaya gəlib.
2010-2021-ci illərdə orta məktəbdə təhsil alıb və məktəbi bitirdikdən bir müddət sonra, 2022-ci ilin yayında Əsgərliyə yollanıb.







Bakı şəhərində, Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.
Azərbaycan Ordusunun Əsgəri kimi lokal xarakterli antiterror əməliyyatında iştirak edib və sentyabrın 19-da Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 3 gündən sonra, 22 sentyabr 2023-cü il tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir medal və bir ordenlə təltif olunub.
Ruhu şad olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





