Şəhid anası dövlət başçısına-MÜRACİƏT ETDİ VƏ…

Beyləqan rayonundan olan Şəhid anası Fatı Pənah qızı Şükürova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Fatı Pənah qızı Şükürova Beləqan rayonunun Birinci Şahsevən kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Azər Cahid oğlu Şükürovun anasıyam. Azər mənim iki övladımdan biri, tək oğlum, arxam-dayağım idi. Tək və iki övlad, iki oğul atası olan oğlumu İkinci Vətən Müharibəsi zamanı Vətən yolunda Şəhid verdim. Oğulsuz, arxa-dayaqsız qaldım. Oğlum, övladım İkinci Vətən Müharibəsində Qəhrəmanlıq dastanı yazan Şəhidlərimizdən, Qələbə, Zəfər Şəhidlərimizdən biri oldu.

Qeyd etdiyim kimi, oğlum ailəli, iki övlad atası idi. Şəhidliyindən az sonra gəlinim bizi tərk etdi, atası evinə getdi. Övladları-nəvələrim mənim yanımda qaldı. Sonra övladlarından-nəvələrimdən biri-Nurlan məni himayəmdə, digəri-Cahid isə onun himayəsində qaldı. Amma demək olar ki, digər nəvəmə də-Cahidə də mən baxıram, sadəcə, adı anasının himayəsində gedir.

Bir Yaralı, Dərdli, həm də Qəhrəman Şəhid anası olaraq istəyirəm ki, Şəhid övladı kimi himayəmdə qalan nəvəmin-Nurlanımın adına dövlət tərəfindən verilən vəsait, müavinət boş, havayı yerə getməsin, xərclənməsin, havaya sovrulmasın. Mən bu gün varam, sabah yoxam. Odur ki, 18 yaşına qədər veriləcək pul, müavinət nəvəmin-Nurlanımın adına hesab açılaraq, oraya köçürülsün və yığılan pul, vəsait 18 yaşını tamamladıqdan sonra nəvəmə gələcəyini təmin etmək üçün verilsin.

Mənə heç nə lazım deyil, oğlumdan sonra heç nə gözümə görünmür, dünya malında zərrə qədər gözüm yoxdur. Amma balamın, Şəhidimin əmanətlərinə yiyə durmaq, sahiblənmək mənim boynumun borcudur, övladımın ruhu qarşısında vicdan borcumdur. İstəmirəm ki, onun əmanətinə, əmanətlərinə xəyanət edilsin. Buna Haqqım, Haqqımız yoxdur.

Ona görə bu müraciəti Sizə ünvanlamaqla, bu məsələdə mənə yardımçı olmağınızı, köməklik göstərməyinizi, səlahiyyətli qurumlara müvafiq tapşırıq və göstərişlər verməyinizi xahiş və rica edirəm. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi, ailənizi, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Seçicilərin təşəbbüs qrupu tərəfindən Azay Quliyevin deputatlığa namizədliyi irəli sürüləcək-BU GÜN

Read Next

“Mənə göstərilən etimadı doğrultmağa çalışacağam”-YAP-IN YENİDƏN DEPUTATLIĞA NAMİZƏDİ AYDIN HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir