Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Birinci Qarabağ Müharibəsi veteranı Qurban İbrahim oğlu Əhmədov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərova, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Fövqəladə Hallar naziri Kamaləddin Heydərova və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Qurban İbrahim oğlu Əhmədov 1973-cü ilin dekabr ayının 25-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində sadə, zəhmətkeş və kasıb bir ailədə dünyaya gəlmişəm. Ailənin 6 övladından biriyəm. Orta məktəbi qurtardıqdan bir müddət sonra-1991-ci ilin sonlarında həqiqi hərbi xidmətə yollanmışam. Həmin vaxt Birinci Qarabağ Müharibəsinin qızğın, qanlı dövrləri olduğu üçün Azərbaycan Ordusunun Əsgəri kimi Vətənin müdafiəsinə, döyüşlərə atılmışam.
1993-cü ildə qanlı döyüşlər zamanı “Keçəl təpə” deyilən yerdən, dağın ən yüksək nöqtəsindən yıxılmışam düz dağın, təpənin aşağı nöqtəsinəcən və huşumu itirmişəm. Bir də xəstəxanada saatlar sonra ayılmışam ki, gözümün birindən ağır xəsarət almışam və belimdə yırtıq əmələ gəlib. Bir ay xəstəxanada ağır müalicə və müayinə olunmuşam.
Xəstəxanadan çıxdıqdan sonra Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə olmuşam və yenidən, könüllə şəkildə ərizə yazıb xidmətimə, döyüşlərdə iştirakıma davam etmişəm. “Sarıyoxuş”da, Talışda və digər ağır, qaynar yerlərdə döyüşlərdə iştirak etmişəm. Bir sözlə, 5 il həqiqi hərbi xidmətdə olmuşam, Vətənin keşiyində dayanmışam. 1996-cı ildə isə Ordudan, Əsgərlikdən təxris olunmuşam.
Onu da deyim ki, 1994-cü ildə, 21 yaşımda ailə həyatı qurmuşmam, 2020-ci ildə cavan həyat yoldaşımı itirmişəm. İki övladımız qalıb və onlara baxıram. Müharibə veteranı kimi cəmi 80 manat alıram. Gözümdən də əliləm, cəmi 150 manat əlillik pulu alıram. Başqa gəlir, qazanc mənbəyim yoxdur. Çünki səhhətim imkan vermir ağır işlərdə işləməyə.
Müzəffər Ali Baş Komandanımız, çox hörmətli İlham Heydər oğlu!
Bu müraciəti ünvanlamaqla, Sizdən cəmi bir məsələnin həllində kömək kömək istəyirəm. Qeyd etdiyim ki, təkbaşına iki övladıma baxıram, aylıq gəlirəm də üst-üstə cəmi 230 manat. Yaşadığımız evdə az qalır başımıza uça, çox bərbad gündədir. Yayda istidən, qışda soyuqdan, küləkdən, yağışdan dayanmaq olmur. Evim o vəziyyətdədir. Dəfələrlə “YAŞAT” Fonduna müraciət etsəm də, köməklik göstərilməyib. Mənim imkanım isə sıfır dərəcəsindədir.
Evimin ciddi təmirə ehtiyacı var. Mən özüm heç, övladlarıma görə daha çox narahatam. İmkanım olsaydı, bu müraciəti etməzdim, amma maddi durumum çox pis vəziyyətdədir, evimizi təmir etdirmək mənim imkanım xaricindədir.
Ona görə Sizdən dönə-dönə xahiş və rica edirəm ki, bu məsələdə mənə dəstək göstərəsiniz, müvafiq qurumlara və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlar verəsiniz. Sizdən çox-çox xahiş və rica edirəm.
İnanıram ki, belə də olacaq, nəhayət, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq, yaşadığımız çətinlikdən qurtaracağıq.
Öncədən də Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi, gözəl ailənizi və Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az