Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Şuşa şəhərindən olan və Mingəçevir şəhərində yaşayan Şəhid bacısı Elnarə Əli qızı Hüseynova tərəfindən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimova müraciət edib.
Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Hörmətli Aydın müəllim!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elnarə Əli qızı Hüseynova əslən Şuşa şəhərindənəm, ailəmizlə birlikdə 1992-ci ildə Şuşamınızın erməni murdarları tərəfindən işğalından sonra məcburi köçkün düşmüşəm. 1992-ci ildən Mingəçevir şəhərində yaşayıram. Ailəliyəm, üç övlad anasıyam və bir nəvəm var. Eyni zamanda, ailədə üç bacı və bir qardaş olmuşuq. Tək qardaşım Əzəmi Hüseynov 1992-ci ilin yayında Mingəçevir şəhərində dünyaya gəlib. Əzəmi bizim tək və yeganə qardaşımız idi. Həm də ali təhsilli-peşəkar hərbçi və ailəli idi. Çox təəssüflər olsun ki, övlad sahibi ola bilmədi.
Tək və yeganə qardaşımızı İkinci Vətən Müharibəsi zamanı Vətən yolunda Şəhid verdik. Qardaşımız Şuşanın doqquz İkinci Vətən Müharibəsi Şəhidindən biri, Qələbə, Zəfər Şəhidlərimizdəndir. Əzəmidən sonra yaşlı və səhhətində problemləri olan anamız Sayad xanım, eləcə də biz üç bacı arxa-dayaqsız qaldıq. Bu, həm anamız, həm də bizlər üçün çox ağır və dözülməz dərddir. Sadəcə, bir təsəllimiz oldur ki, Əzəmimiz Vətən yolunda Şəhid oldu, bu gün Şuşa da daxil olmaqla, bütün işğal altında olan yerd yerlərimiz artıq murdar erməni tapdağından azad edilib, Qalib Azərbaycanın vətəndaşlarıyıq.
Bu müraciəti də ünvanlamaqla, nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda qardaşımın-Əzəminin adına Şuşamızda küçə verilib. Şuşada yaşamadığımız, hələlik evlə-mənzillə təmin olunmadığımız üçün Əzəmimizin nakam ruhu orada tək, qərib, bizsiz qalıb. Bu isə bir Şəhid bacısı, bir köklü Şuşalı, Qarabağlı Şəhid ailəsi kimi məni, ümumilikdə bizi çox üzür. Ona görə istəyirəm ki, Əzəminin ruhunun, xatirəsinin yaşadılması üçün köçüb Şuşada, ata-baba yurdumda yaşayım.
İstəyirəm ki, Şuşada evlə, mənzillə və işlə təmin olunum. Xüsusilə də, işlə təmin olunmağıma böyük ehtiyacım var. Bu, həm bir Şuşalı kimi mənim, həm də ən əsası Şəhid qardaşımın, onu dünyaya gətirən Sayad ananın Haqqıdır.
Odur ki, bu məsələlərin müsbət həlli üçün yardım və dəstək göstərməyinizi Sizdən xahiş və rica edirəm.
İnanıram ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və çox yaxın zamanlarda öz müsbət həllini tapacaq.
Öncədən də Sizə öz minnətdarlığımı ifadə edirəm!”
Etikxeber.az