Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Beyləqan rayonunun yeddi Antiterror Şəhidindən biri Fəti Ağamoğlan oğlu Fətizadənin bu gün-21 sentyabr 2024-cü il tarixində, Əbədiyyətə uğurlanmasının birinci ilində, Anım Günündə məzarı ziyarət olunub.
Beyləqan rayonunun Birinci Şahsevən kənd qəbiristanlığında uyuyan Fəti Fətizadənin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə-Birinci Şahsevən kəndində Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.
Mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar edilib.
Fəti Fətizadənin 25 illik qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Fəti Fətizadə də daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.
Çıxışlarda Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Sonra məktəblilər tərəfindən Vətənə və Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Beyləqanlı Şəhid ailələri, Qazilər, din xadimləri, müəllim və şagirdlər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Fəti Fətizadə 1998-ci ilin 10 iyun tarixində Beyləqan rayonunun Birinci Şahsevən kəndində, kasıb bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evin ortancılı olub.
Tək bacısı hazırda ailəlidir.
Azərbaycan Ordusunun Əsgəri olmuş qardaşı Aydın Fətizadə də müharibə veteranı, üçüncü qrup müharibə əlildir.
O, 2022-ci ildə “Qisas” əməliyyatından az sonra, 23 sentyabr tarixində Kəlbəcər rayonunda mina patlayışı nəticəsində ağır yaralanıb, bir neçə dəfə əməliyyat edilib, ayağının biri amputasiya olunub.
Fəti 2004-2015-ci illərdə Birinci Şahsevən kənd Gəray Əsədov adına 1 saylı tam orta məktəbdə oxuyub.
2016-2018-ci illərdə Əsgərlikdə, həqiqi hərbi xidmətdə olub.
Əsgərlikdən sonra evinə, ailəsinə dönüb və iki ilə yaxın müxtəlif sahələrdə çalışıb.
2020-ci ilin avqustunda isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunun hərbçisi kimi İkinci Vətən Müharibəsinə qatılıb.
Noyabrın 4-nə, yaralanana kimi döyüşlərdə iştirak edib.
3 ay ağır müalicə və müayinələrdən keçib.
Sonra yenidən hərb həyatını davam etdirib.
“Qisas” və Antiterror əməliyyatlarında iştirak edib.
Və 19 sentyabr 2023-cü il tarixində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi iki gün sonra-21 sentyabr tarixində Birinci Şahsevən kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən öncə beş medalla, Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
25 yaşlı Fəti həm də subay olub.
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
***
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az