Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun Güloğlular kənd sakini Aysel Qara qızı Bayramova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, o cümlədən Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinib rəisi Mürsəl İbrahimova və Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyeva müraciət ünvanlayıb.
Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Mehariban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Aysel Qara qızı Bayramova Bərdə rayonunun Güloğlular kəndindənəm. Ailəliyəm, evdar qadınam. İki oğlan anasıyam, daha doğrusu, iki oğlum var idi.
Böyük oğlum Musa Səhliyar oğlu Bayramov 2005-ci ilin fevral ayında dünyaya gəlmişdi. 2023-cü ilin aprel ayında isə bir Azərbaycan övladı kimi Vətənin keşiyinə yollanmışdı, Azərbaycan Ordusunun Əsgəri kimi Laçın istiqamətində, düşmənlə üzbəüz yerləşən “N” saylı hərbi hissədə qulluq edirdi. Əsgərlikdən, həqiqi hərbi xidmətdən qayıtmasına da sayılı günlər qalmışdı, oktyabrda evimizə-yanımıza dönəcəkdi. Amma bir anın içindəcə həyatımız alt-üst oldu.
Sentyabrın 22-də övladımızın ölüm xəbərini aldıq…Kaş almaz olaydıq, olaydım…Bu xəbəri alarkən bir Allah bilir nələr yaşadım və nələr yaşamaqdayam yenə onu bir Allah bilir…Demək olar ki, həmin gündən, həmin andan yaşamıram, ölü kimiyəm, ruh kimi gəzib-dolaşıram…Allah kimsəyə belə dərdi-bala, övlad, oğul dərdini yaşatmasın! Çəkilməz, dözülməz dərddir!
Respublika Hərbi Prokurorluğunun rəsmi məlumatından da bəlli olduğu kimi, oğlum Musa Bayramov sentyabrın 22-də odlu silahdan açılmış güllə nəticəsində həyatını itirib. Əslində isə övladım qətlə yetirilib. Hazırda istintaq prosesi gedir və bizə verilən məlumata görə, övladımın həyatını itirməsinə bais olan, daha doğrusu, qətlə yetirilməsində şübhəli bilinən şəxs tutulub, saxlanılıb. İstintaqın gedişatına mane olmaq istəmirik, eyni zamanda, inanmaq və əmin olmaq istəyirik ki, istintaq əsl həqiqəti, əsl cinayətkarı və ona şəraiti yaradanları araşdırıb üzə çıxaracaq və layiq olduqları cəzanı verəcək.
Ancaq yenə də bir valideyn kimi məni narahat edən, rahat buraxmayan çoxlu suallar, çoxlu şübhəli məqamlar var. Deyilənlərə görə, oğlum postda olarkən vurulub, qətlə yetirilib. Əsgərliyini bitirməsinə çox az zaman, cəmi 8-9 gün qalmış bir Əsgərin postda nə işi vardı? Məgər postda dayanmağa başqa bir əsgər yoxuydumu? Və yaxud, necə olub ki, övladımı qətl edən şəxs nəzarətdən kənarda qalıb, heç kimi onu görməyib, bilməyib? Hərbi hissədəkilər hara baxırdılar?…Suallar, suallar…
Çox hörmətli, əzizimiz, dəyərlimiz Mehriban xanım!

Bir müddət öncə həyat yoldaşım Səhliyar Bayramov Siz də daxil olmaqla, dövlət rəhbərliyinə-aidiyyatı qurumların rəhbərlərinə müraciət ünvanlamışdı. Bəzilərindən cavab gəlsə də, bəzilərindən hələ də cavab gəlməyib. Gələn cavablar da bizi, şəxsən bir yaralı Ana kimi məni qane etmir heç cür. Ona görə özüm birbaşa Sizə müraciət ünvanlamaq qərarına gəldim. Çünki Siz də bir Anasız, Siz də övlad sahibisiniz. Ana üçün övlad nə deməkdir…onu bəlkə də hamıdan daha çox Siz yaxşı başa düşürsünüz. Çünki Siz Analar anasısınız, mərhəmət, rəhm, şəfqət simvolsunuz, özü də nəinki Azərbaycanımızın, bütün dünyanın!
Odur ki, bir acılı, bir dərdli, bir yaralı ana kimi Sizə müraciət edərək, balamın ölümünə, qətlinə obyektiv şəkildə baxılması, əsl həqiqətin üzə çıxarılması üçün imkanlarınız və səlahiyyətləriniz çərçivəsində köməklik göstərməyinizi xahiş və rica edirəm. Ən əsası isə övladıma Haqqı olan Şəhidlik statusunun verilməsini istəyirəm.
Balam yolda-izdə, avtomobil qızasında, bıçaqlama hadisəsində, dava-dalaşda həyatını itirməyib, övladım həqiqi hərbi xidmətdə, özü də Əsgərliyini başa vurmasına, evə dönməsinə sayılı günlər qalmış ən çətin relyefli bir yerdə, Laçında, “N” saylı hərbi hissədə, postda olarkən qətlə yetirilib. Ona görə Şəhidlik balamın haqqıdır…Heç olmasa, balamın 1 il 6 aylıq əziyyətləri, Haqqı yerdə qalmasın, Şəhidlik statusu verilsin.
Odur ki, Sizdən çox-çox xahiş və rica edirəm ki, övladıma Şəhidlik statusu verilməsi üçün müvafiq dövlət qurumlarına və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlarınızı verəsiniz, bu məsələdə dəstəyinizi bizdən əsirgəməyəsiniz, Haqqın, Ədalətin Zəfər çalmasına nail olasınız!
Öncədən də Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun! Amin!”
Etikxeber.az





