Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
DÜRDANƏ QASIMOVA: “…Hərdən yoldaşıma zarafatla deyərdi ki, ata, anama hədiyyə alma, anamın 8 mart hədiyyəsi mən özüməm…”
***
Bu gün-18 noyabr 2024-cü il tarixində, axşam saatlarında Samuxlu Şəhid Emil Sadıqzadənin valideynləri-Şəlalə xanım və Əziz Sadıqovla daha iki Şəhid ailəsini ziyarət etdik…
Öncə Samux rayonun Lək kəndindən olan Antiterror Şəhidi Sənan Fərman oğlu Qasımovun ailəsində olduq…
Şəhidimizin anası Dürdanə müəllim və həyat yoldaşı Məryəm xanımla görüşdük…
Onlara Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin ruhu şad olsun!”-dedik…
Ruhu qarşısında baş əydiyimizi bildirdik…
Təxminən bir saat çəkən ziyarətimiz zamanı Şəhidimizin anası Dürdanə xanımla söhbətləşdik, dərdləşdik…
Dürdanə xanımın dediklərindən:
“Sənan yeddi aylığında dünyaya gəlmişdi…Sanki tələsmişdi…Sən demə, Şəhidliyinə tələsirmiş (gözləri dolur)…O, həm də mart ayının 7-də dünyaya göz açmışdı…Hərdən yoldaşıma zarafatla deyərdi ki, ata, anama hədiyyə alma, anamın 8 mart hədiyyəsi mən özüməm…Çox ailəcanlı idi, mənə, övladlarına çox bağlıydı…”
Bu yerdə qeyd edim ki, Sənan Qasımov 1991-ci ilin 7 mart tarixində Samuxun Lək kəndində-ziyalı ailəsində dünyaya gəlib…
Ailənin 3 övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub…
1997-2008-ci illərdə Lək kəndində orta məktəbdə oxuyub…
Orta məktəb illərində də hərb sənətinə böyük marağı və həvəsi olub…
2008-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə (AAHM) qəbul olunub…
2012-ci ildə ali-hərbi təhsilini başa vurduqdan sonra-2023-cü ilə, Şəhidliyinə qədər Azərbaycan Ordusunda peşəkar hərbçi-zabit kimi fəaliyyət göstərib…
Leytenant hərbi rütbəsindən Mayor hərbi rütbəsinə qədər yüksəlib…
2016-cı ilin Aprel döyüşlərinin, 44 günlük İkinci Vətən Müharibəsinin, “Qisas” əməliyyatının iştirakısı olub…
İkinci Vətən Müharibəsində yaralansa da, Orduda fəaliyyətini davam etdirib…
İkinci Vətən Müharibəsindən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…
Eyni zamanda, müharibədən öncə Müdafiə Nazirliyi tərəfindən iki medalla təltif edilib…
Və 2023-cü ilin Antiterror əməliyyatı zamanı-sentyabrın 19-da Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi 21 sentyabr tarixində Lək kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Şücaətə görə” medallarına və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb…
Sənan həm də evli, ailəli olub…
2014-cü ildə dayısı qızı Məryəm ilə ailə həyatı qurub…
2015-ci ildə Kənanı, 2017-ci ildə Nərimanı, 2023-cü ildə isə Rəvanı dünyaya gəlib…
Üç oğlan övladı ailəsinə, Vətənə əmanət qalıb…
Atalarının ruhu köməkləri olsun!
***
Sənan Qasımovun ailəsini ziyarətdən sonra iki əkiz qız övladı Vətənə əmanət qalan Fizuli Bəhruz oğlu Məmmədovun ocağına, həyat yoldaşı Günel xanıma və qızlarına baş çəkdik…
Qovlarsarı kəndindən olan Şəhidimiz 1989-cu ilin 5 aprel tarixində Samux dünyaya gəlib…
Ailənin dörd övladından, üç qardaşdan biri olub…
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub, ali təhsilə yiyələnib…
Ali təhsilini bitirdikdən sonra Əsgərliyə, Vətənin keşiyinə yollanıb…
Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra-2016-cı ildən isə həyatını hərb, Ordu ilə bağlayıb…
Leytenant hərbi rütbəsini daşıyıb…
İkinci Vətən Müharibəsinin və “Qisas” əməliyyatının iştirakçısı olub…
2022-ci ilin sentyabr ayında “Qisas” əməliyyatı zamanı Laçın istiqamətində qolundan və kürəyindən yaralanıb, ancaq qısa müalicə və müayinədən sonra yenidən Orduda fəaliyyətini davam etdirib…
Ötən ilin sentyabr ayının 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri zamanı isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Sentyabrın 20-də Xocalı istiqamətində Şəhidlik zirvəsinə yüksələn Fizuli Məmmədovun nəşi iki gün sonra-22 sentyabr tarixində Qovlarsarı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
İkinci Vətən Müharibəsindən sonra “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib…
Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
O, eyni zamanda, Qovlarsarının son dörd ildəki ikinci Şəhididir.
Qeyd etdiyim kimi, Fizuli həm də ailəli olub, xalası qızı Günel xanımla ailə həyatı qurub…
İki qızı-orta məktəb şagirdləri olan Fatimə və Zəhrası ailəsinə, Vətəninə əmanət qalıb…
Ziyarətimiz zamanı “Şəhidimizin məqamı Uca olsun!”-dedik…
Fizuli Məmmədov da daxil olmaqla, cəmi Şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu bildirdik…
Bir saata yaxın davam edən ziyarətimiz zamanı Şəhidimizin xanımı Günel Məmmədova ilə söhbətləşdik…
Onu da qeyd edim ki, Şəhidimizin ailəsi çox şəraitsiz bir evdə yaşayır…
Və çox təəssüflər olsun ki, ötən müddətdə də evlə, mənzillə təmin olunmayıb…
Hətta Şəhidimizin ailəsinə məxsus yaşayış sahəsində (həyətyanı torpaq sahəsində) ev belə tikilməyib…
Bu isə çox böyük təəssüf hissi doğurur…
Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi Şəhidimizin ailəsinin durumunu nəzərə almalı və onları ən az öz istəklərinə uyğun şəkildə evlə, mənzillə təmin etməlidir.
Allah bir daha hər iki Şəhidimizin məkanını cənnətlik, dərgahını mübarək etsin!
Hər ikisi Nurlar içində uyusunlar!
Fəxrimiz, Qürurumuz, And yerimizdirlər!
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az