Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hüseynə rəhmətlik babamın adını qoymuşdum…Çünki gözləri babamın gözlərinə oxşayırdı…Gözləri bir başqaydı…Hüseyn dünyaya gələndə babam da, atam da rəhmətə getmişdi…Dedilər ki, oğluna kimin adını qoyacaqsan, dedim ki, babamın…
Babam 1998-cü ildə-atamdan iki il sonra dünyasını dəyişmişdi…Həmin vaxt Bakıda işləyirdim, rəhmətə getməsindən gec xəbər tutdum…İkisi günü gəlib özümü çatdırdım, məzarı üzərinə getdim…Öz-özümə gileyləndim ki, niyə gec gəldim, axı, bir daha babamın gözlərini görməyəcəyəm…Həyatın, dünyanın işinə bax…Hüseyn dünyaya gələndə gördüm ki, babama, xüsusilə də, gözləri çox bənzəyir…
Bunları Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Hüseyn Abbasəliyevin atası Adil Abbasəliyev dilə gətirib…
Qeyd edim ki, bu gün-9 dekabr 2024-cü il tarixində növbəti dəfə Mingəçevir Şəhidlər Xiyabanında olarkən Hüseyn Abbasəliyevin də məzarını ziyarət etdim…
Eyni zamanda, atası-Azərbaycanın ən cavan Şəhid atalarından olan (övladı Şəhidi olanda Adilin cəmi 42 yaşı olub) Adil Abbasəliyevlə söhbətləşdim, dərdləşdim…
Ona bir daha Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…
Adil Abbasəliyevin dediklərindən:
“Hüseyn Şəhid olan gün, sentyabrın 29-da yoldaşım işdə idi…Onun iş yeri də Şəhidlər Xiyabanı ilə üzbəüzdür…Görüb ki, Şəhidlər Xiyabanında məzar qazılır…Öz-özünə deyib ki, kimdirsə, Allah atasına da, anasına da səbr versin…Bilməyib ki, məzar balası-Hüseyn üçün qazılır (gözləri dolur)…Hüseyn 2020-ci ilin sentyabrın 29-da-səhər saatlarında Suqovuşan istiqamətində Şəhid olub…Bizə isə həmin gün axşam 5-in yarısı radələrində Şəhid olduğu xəbəri verildi…Və elə həmin gün də Şəhidlər Xiyabanında dəfn olundu…”
Onu da qeyd edim ki, ata tərəfdən əslən Qərbi Azərbaycanlı olan Hüseyn 2000-ci ilin oktyabr ayının 22-də Mingəçevir şəhərində sadə bir ailədə dünyaya gəlib…
Ailənin iki övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…
2006-2017-ci illərdə 14 saylı tam orta məktəbdə təhsil alıb…
Ali məktəbə iş versə də, qəbul oluna bilməyib…
2018-ci ilin payızında, 18 yaşını tamamladıqdan sonra Əsgərliyə çağırılıb, Naxçıvan Muxtar Respublikasında (NMR) xidmət edib…
2020-ci ilin martında isə Əsgərlikdən evinə, ailəsinə dönüb…
2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunub…
27 sentyabr tarixində isə İkinci Vətən Müharibəsinə qatılıb və 29 sentyabr 2020-ci il tarixində Şəhadətə qovuşub…
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Mingəçevirdə adını daşıyan küçə var…
Hüseyn həm də subay olub…
Tək və ali təhsilli qardaşı Yaqub Abbasəliyev isə hazırda Əsgərlikdədir.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az