Sabah Cənnətdəki beşinci doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-MİNGƏÇEVİRLİ ƏLİ ƏHMƏDOV, GORANBOYLU ARİF SÜLEYMANOV…

Daha iki Şəhidimizin doğum günüdür.

Sabah-5 yanvar 2025-ci il tarixində Mingəçevirli Şəhid qardaşlardan Əli İlqar oğlu Əhmədovun 32 yaşı, Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Arif Ramiz oğlu Süleymanovun 31 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Goranboylu olan Əli İlqar oğlu Əhmədov 1993-cü ilin yanvar ayının 5-də Mingəçevir şəhərində sadə, zəhmətkeş Əhmədovlar ailəsində dünyaya gəlib.

Əligil ailədə iki övlad, iki qardaş olublar.

Atalarını çox erkən və vaxtsız itiriblər.

Anaları Sevinc Əhmədova onlara həm analıq, həm də atalıq edib.

Mingəçevir şəhərində orta təhsillərini alıblar.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidməyə yollanıb, Vətənin keşiyində dayanıblar.

Həm Əli, həm də ali təhsilli olan qardaşı İslam Əhmədov son illər həyatlarını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstəriblər.

Hər iki qardaş İkinci Vətən Müharibəsinin ilk saniyəsindən döyüşlər atılıblar.

Hər ikisi də elə müharibənin ilk günündə, sentyabrın 27-də ayrı-ayrı istiqamətlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıblar.

Hər iki qardaş eyni gündə, 28 sentyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn ediliblər.

İslam subay, Əli nişanlı olub.

Əli Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Eyni zamanda, Şəhid qardaşların yaşadığı küçəyə “Əli və İslam qardaşları küçəsi” adı verilib.

***

Goranboy rayonunun Veyisli kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri olan Arif Süleymanov isə 1994-cü ilin yanvar ayının 5-də dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri, ali təhsilli və subay olub.

Tək bacısı Qazi ilə ailəlidir.

Azərbaycan Ordusunun Kiçik çavuşu, MAXE olan Arif Süleymanov İkinci Vətən Müharibəsi zamanı ilk anlardan döyüşlərdə iştirak edib.

Şərəfli döyüş yolu 12 gün çəkib.

O, oktyabrın 8-də Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabr ayının 9-da Veyisli kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Məkanları Cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək, ruhları şad olsun!

Ruhları qarşısında baş əyirik!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

15 dərəcə isti olacaq-SABAH

Read Next

Mir Mövsüm Ağa ziyarətgahı… “Qərib” məzar…Ağsaçlı Ana…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir