Tək övladını Şəhid vermiş Şəhid anası ölkə rəhbərliyinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, TƏK YAŞADIĞIM VƏ MƏNƏ MƏXSUS OLAN EV EV-MUZEYİ KİMİ RƏSMİ DÖVLƏT QEYDİYYATINA ALINSIN VƏ…”

Bərdə rayonunun Divanlı kəndində yaşayan Şəhid anası Arzu Fərrux qızı Hüseynova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova, Mədəniyyət naziri Adil Kərimliyə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna, Milli Məclisin üzvü Fatma Yıldırma və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Arzu Fərrux qızı Hüseynova Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Fərman oğlu Hüseynzadənin anasıyam. Elməddin mənin tək-yeganə övladım idi, onu illərlə kirayələrdə, təkbaşına böyütmüşdüm.

O, mənim arxa-dayağım, hər şeyim idi. Tək övladımı da Vətən yolunda Şəhid verdim. Övladım Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu. Həmin vaxtdan-29 sentyabr 2020-ci il tarixindən də övladsız qaldım, 5 ilə yaxındır tək-təhna yaşayıram. Allah heç kimə yaşatmasın!

Şəhidliyindən sonra övladım Sizin müvafiq sərəncamlarınızla üç medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Eyni zamanda, Bərdə şəhərində adını daşıyan küçə var.

Divanlı kəndində yaşadığım-mənə məxsus olan evimi də Elməddinimin şəkilləri, fotoları ilə bəzəmişəm, ev-muzeyi düzəltmişəm. İstəmirəm ki, məndən sonra evim, ev-muzeyim sahibsiz, yiyəsiz qalsın.

İstəyirəm ki, mənə məxsus olan evim ev-muzeyi kimi Nazirlər Kabineti və Mədəniyyət Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınsın, rəsmi qeydiyyatlı ev-muzeyi kimi fəaliyyət göstərsin, gələcək nəsillərimizin Vətənpərvərlik ruhunda böyüməsinə öz töhfəsini versin.

Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!

Ona görə bir Dərdli, Yaralı, tək övladını Vətən yolunda Şəhid vermiş Ana kimi Sizdən xahiş və rica edirəm ki, yaşadığım evin ev-muzeyi kimi dövlət qeydiyyatına götürülməsinə köməklik gəstərəsiniz, dəstək olasınız. Bu istiqamətdə müvafiq qurumlara-Nazirlər Kabineti və Mədəniyyət Nazirliyinə göstəriş və tapşırıqlarınızı verəsiniz, məsələnin müsbət həllinə nail olasınız.

İnanıram və əminəm ki, belə də olacaq, xahişim, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Həm Şəhidimin ruhu sevindiriləcək, həm də mənə bir mənəvi təsəlli, təskinlik verilmiş olacaq.

Öncədən də Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi, ailənizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

“Azərbaycan Media Liqası”-İKİNCİ MÖVSÜM – FOTO

Read Next

Bu gün Bakıda bu yollarda-SIXLIQ VƏ TIXACDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir