Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Cavid Xaliq oğlu Səfərlinin doğum günüdür.
Cavid Səfərlinin sabah-31 may 2025-ci il tarixində 32 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün-30 may 2025-ci il tarixində isə İmişli rayon Mədəniyyət Mərkəzində Şəhidin anası Xatirə Səfərovanın qələmə aldığı “Şəhid Cavidimin Qəhrəmanlıq dastanı” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar başlayıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Şəhidin anası Xatirə Səfərova və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Şəhidin 27 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından, Vətənə bağlılığından, Vətən naminə fədakarlığından söz açılıb.
Şəhidin Cənnətdəki beşinci doğum günü təbrik olunub, ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Şəhidin anası Xatirə Səfərovanın dediklərindən:
“Heç ağlıma gəlməzdi ki, haçansa yazı, kitab yazaram…Amma bəzən elə hisslər olur ki, səni yazmağa, düşündüklərini qələmə almağa vadar edir…Cavidlə bağlı kitabım da məhz bu hisslər, bu düşüncələr altında qələmə alınıb, ərsəyə gəlib…Övladımla Fəxr edirəm, Qürur duyuram…Vətən üçün doğuldu, Vətən üçün yaşadı, Vətən üçün də canını fəda etdi, Şəhid oldu…”
Təqdimat mərasimində həmçinin, Şəhidlərə həsr olunmuş şeir və mahnılar ifa edilib, səsləndirilib, kompozisiya nümayiş etdirilib.
Təqdimat mərasiminin sonunda isə Şəhidi anası tərəfindən iştirakçılara “Şəhid Cavidimin Qəhrəmanlıq dastanı” kitabı təqdim və hədiyyə olunub, xatirə fotoları çəkdirilib.
Daha sonra rayonda yerləşən Mərasim evində Şəhidin adına ehsan süfrəsi təşkil olunub, “Quran” oxunub, ruhuna dualar edilib.
Qeyd edək ki, təqdimat mərasimində və ehsan süfrəsində Şəhidin ailə üzvləri, doğmaları, yerli ziyalılar, İcra başçısı Elçin Rzayev başda olmaqla, İmişli rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Cavid Səfərli 1993-cü ilin 31 may tarixində İmişli rayonunun Əliqulular kəndində dünyaya gəlib.
Ailədə üç övlad, iki qardaş və bir bacı olublar.
Qardaşı və bacısı hazırda ailəlidirlər.
Qardaşı oğluna Cavidin adı verilib.
Cavid 1999-2001-ci illərdə R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbində, 2001-2007-ci illərdə İmişli şəhərində N. Şirinov adına 5 nömrəli tam orta məktəbdə təhsil alıb
2007-2010-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.
2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Həmçinin, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) kurs keçib və Leytenant rütbəsində Azərbaycan Ordusunda zabit kimi fəaliyyətə başlayıb.
2016-2018-cı illərdə Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Motoatıcı Briqadanın Bölüyünün komandiri, 2018-2020-ci illərdə Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandiri, 2020-ci ildən isə tabor komandiri vəzifələrində çalışıb.
2017-ci ildən həm də Baş leytenant rütbəsini daşıyıb, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Eyni zamanda, İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb və şərəfli döyüş yolu bir aya yaxın çəkib.
Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində döyüşüb və oktyabr ayının 21-də Xocavənd rayonun Düdükçü kəndində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi yalnız 27 gündən sonra, noyabr ayının 17-də əldə edilib və İmişli rayonunun Əliqulular kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən öncə “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı, Şəhidliyindən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Ancaq ailəsi Cavidin ölkənin ali ordenlərindən biri ilə də təltif olunmasını istəyir və tələb edir.
27 yaşında Şəhidlik məqamına ucalan Cavid həm də subay olub.
Onu da qeyd edək ki, İkinci Vətən Müharibəsində Cavidin iki tələbə, iki otaq yoldaşı və iki can dostu – Şabranlı Tərlan Kərimov və Kürdəmirli Ramil Babayev də Şəhidlik məqamına ucalıblar.
Məkanı cənnətlik, Cənnətdəki beşindi doğum günü mübarək olsun!
Nur içində yatsın!
FOTOLAR:






***




















****





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az