“Axırıncı dəfə yazdı ki, başıma bir iş gəlsə, Şəhid olsam, məni anamın yanında dəfn edin, atamdan muğayat olun…”-HACIQABULLU ANTİTERROR ŞƏHİDİ, AİLƏNİN DÖRD ÖVLADINDAN BİRİ, SUBAY, ALİ-HƏRBİ TƏHSİLLİ, KAPİTAN XƏLFƏLİ SULTANOVUN BACISI GÜNAY HÜSEYNOVA – FOTOLAR

“Axırıncı dəfə Şəhidliyindən, Antiterror əməliyyatından bir öncə, ayın 18-də yazışdıq…Çünki elə bir yerdə idi ki, danışa bilmirdi…Yazdı ki, başıma bir iş gəlsə, Şəhid olsam, məni anamın yanında basıdırın…Həm də “Atamı sizə tapşırıram, ondan muğayat olun”-deyə, yazdı…Bu, onunla sonuncu yazışmamız oldu…”

Bu fikirlər Hacıqabul rayonunun Antiterror Şəhidlərindən olan Xəlfəli Böyükağa oğlu Sultanovun bacısı Günay Hüseynovaya məxsusdur…

Günay xanım bunları Şəhidimizin ocağını ziyarətim zamanı dilə gətirdi…

Qeyd edim ki, bu gün-15 iyun 2025-ci il tarixində, səhər saatlarında Şəhidimizin Hacıqabulun Qubalıbaloğlan kəndindəki ocağını, atası və yaxınların ziyarət etdim…

Ziyarət zamanı öncə Şəhidimizin atası Böyükağa kişiyə və doğmalarına Allahdan səbr və dözüm arzuladım…

Şəhidimizin “Məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Ruhu qarşısında baş əydiyimi bildirdim…

Təxminən bir saat çəkən ziyarət zamanı Şəhidimizin atası, bacısı, qardaşı Azad Sultanov və yeznəsi Telman Hüseynovla dərdləşdim, söhbətləşdim…

Şəhidimizin bacısı dedi ki, Xəlfəli tez-tez Şəhid olacağını bildirir , “Şəhidlik elə bir zirvədir ki, o, hər kəsə nəsib olmur”-deyə, söyləyirmiş…

“Mən də bir bacı kimi, pis olurdum, qəlbim dözmürdü, deyirdim ki, ay Xəlfəli, belə danışma…O isə təkidlə, israrla deyirdi ki, “Şəhidlik ən Uca zirvədir, hər adam o zirvəyə ucala bilməz, siz bilmirsiz Şəhidlik nə deməkdir…”…Sən demə, Şəhid olacağı ürəyinə damıbmış…Dediyi kimi də oldu, dediyi kimi də etdi…Vətən yolunda özünü fəda etdi, Şəhid oldu…Cəmi 18 ayın, 1 il 6 ayın içində iki itki, iki acı yaşadıq…9 ay xərçəng xəstəliyindən əziyyət çəkən 63 yaşlı anamızı 2022-ci ilin 31 dekabr tarixində itirdik…Ondan 9 ay sonra isə qardaşımızı-Xəlfəlini itirdik…Bizim üçün çox ağır, yerləri dolmayacaq itkilər oldu…”

Bu yerdə qeyd edim ki, Xəlfəli Sultanov 1990-cı ilin iyul ayının 18-də Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin dörd övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub…

1996-2007-ci illərdə Qubalıbaloğlan kənd orta məktəbində oxuyub və təhsilini əla qiymətlərlə bitirib…

Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub…

2011-ci ildə həmin məktəbi bitirib, sonra isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçib…

Leytenant hərbi rütbəsinə layiq görülüb və Azərbaycan Ordusunda peşəkar hərbçi kimi fəaliyyətə başlayıb…

2016-cı ilin Aprel döyüşlərində iştirak edib, gözü zədələnib, bir müddət qulaqları batıb…

Amma yenə də hərbçi kimi fəaliyyətini davam etdirib…

Müdafiə Nazirliyi tərəfindən bir neçə medalla təltif olunub…

İkinci Vətən Müharibəsinin ilk günündən son gününəcən də müharibə, döyüşlərdə iştirak edib, qəhrəmanlıqlara imza atıb…

İkinci Vətən Müharibəsindən sonra “Kəlbəcərin azad olmasına görə”“Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…

Kapitan hərbi rütbəsinə yüksəlib…

Müharibədən sonrakı əməliyyatlarda, o cümlədən 2023-cü ilin lokal xarakterli antiterror əməliyyatında iştirak edib…

Sentyabrın 19-da, günorta saatlarında Çanaqçı kəndi istiqamətində ağır yaralanıb və saat 17:00 radələrində Şəhadətə ucalıb…

Şəhidliyi xəbəri isə axşam 22:30 radələrində ailəsinə bildirilib…

Nəşi bir gün sonra, 20-si axşam saatlarında Qubalıbaloğlana, evlərinə gətirilib…

21 sentyabr tarixində də nəşi öz vəsiyyətinə uyğun olaraq, Qubalıbaloğlan kənd qəbiristanlığında, anası Rəhilə xanımın məzarı yanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub…

33 yaşında Şəhadətə ucalan Şəhidimiz subay olub…

Ailəsinin israrına rəğmən, hər dəfə “Mən hərbçiyəm…Bilmirəm başıma nə gələcək…Niyə kiminsə qızını alıb bəxdəxt edim…”-deyirmiş…

Xəlfəli həm də Qubalıbaloğlanın 14 Şəhidindən biridir…

Böyükağa SULTANOV: “BİZİMLƏ DÜZ-ƏMƏLLİ MARAQLANAN YOXDUR…OĞLUM HƏLƏ DƏ İŞSİZDİR…”

Övlad həsrətli, gözlərindən, çöhrəsindən kədər yağan 1952-ci il təvəllüdlü atası Böyükağa kişi də bala dərdinin dözülməz olduğunu söylədi…

“Cəmi 18 ayın içində həm həyat yoldaşımı, həm də övladımı itirdim…Çox çətindir mənim üçün, çox…Dözmək olmur…Ona da təəssüf edirəm ki, bir Şəhid atası kimi mənimlə, ailəmizlə düz-əməlli maraqlanan yoxdur…Heç demirlər ki, belə bir Şəhid ailəsi, Şəhid atası da var…Böyük oğlum Bakıda olurdu…Qardaşından sonra ailəsini də götürüb mənim yanıma gəldi, çünki tək qalmışdım…Neçə vaxtdır işsiz-gücsüz qalıb…Mən çox zaman yaşımla, səhhətimlə bağlı Şəhid məclislərinə çıxa bilmirəm…Daha çox böyük qızım və kürəkənim həmin məclislərə gedirlər…Qızım da, kürəkəmin də işsizdirlər…Sonuncu dəfə söz verilmişdi ki, fevral ayında həm oğluma, həm kürəkənimə iş veriləcək…Amma üstündən neçə ay keçir, heç nə yoxdur…Mən də abırıma qısılıb, artıq heç kimə ağız açmıram…”

Şəhidimizin ailəsinə, ocağına baş çəkdikdən, söhbətləşdikdən sonra məzarını ziyarət etdim doğmaları ilə birlikdə…

Ruhuna dualar etdim, bir daha məzarı, ruhu qarşısında ehtiramla baş əydim…

Məqamı Ali və Uca olsun, Nur üzlü Şəhidimizin!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İranın endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 3-ə-YARALANANLARIN SAYI 172-YƏ ÇATDI, İRANIN İSƏ DAHA İKİ GENERALI ÖLDÜRÜLDÜ – YENİLƏNİB – (1)

Read Next

“Yenicə sevinmişdi ki, övlad atası olub…Amma sevinci çox uzun çəkmədi…Balam övladından doymadan bu həyatdan köçdü, Vətən yolunda Şəhid oldu…Nə balam övladından, nə də balası balamdan doya bildi…”-KÜRDƏMİRLİ, QARASULU ANTİTERROR ŞƏHİDİ, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN VÜSAL ƏHMƏDOVUN ANASI ŞÜKUFƏ ƏHMƏDOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir