Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhər sakini, Şəhid Musa və Tural Həsənovların anası Nəhayət Həsənova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Müraciət ünvanlayıb.
Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Nəhayət Rəhim qızı Həsənova Mingəçevir şəhərində yaşayıram. Şəhid qardaşlar-Tural və Musa Həsənovların anasıyam. Cəmi iki övladım, iki oğlum var idi. Hər ikisi də İkinci Vətən Müharibəsi zamanı könüllü şəkildə Vətənin müdafiəsinə qalxdılar və hər ikisi də Vətən yolunda qəhrəmancasına Şəhid oldular. Musanın nəşi 35 gündən, Turalın nəşi isə 69 gündən sonra tapıldı. Hər ikisi də Mingəçevir Şəhidlər Xiyabanında uyuyurlar. 5 ilə yaxındır oğulsuz-oğullarsız, övladsız-övladlarsız qalmışam, arxa-dayaqlarımı itirmişəm. Allah heç bir bəndəsinə, heç bir anaya, heç bir valideynə bu acını yaşatmasın!
Qeyd edim ki, həm də İkinci Vətən Müharibəsində iki övladını Şəhid vermiş yeddi anadan biriyəm. Övladlarımın hər ikisi də evli, ailə idilər. Gəlinlərimdən biri Qazi qardaşımın, biri isə Qazi əmim oğlunun qızıdır. Hər ikisi də cavan yaşlarında başsız, həyat yoldaşlarsız qaldılar. Turalın iki oğlu, Musanın isə iki qızı varıydı. Amma Musanın Şəhidliyindən bir neçə ay sonra onun balasını-nəvəm İncini də itirdim. Övlad, övladlar dərdinə dözə bilməyən yoldaşımı-Tapdıq Həsənovu da iki il öncə itirdim. Dərdlərimin üstünə dərdlər gəldi. 5 ildir səhhətim də yaxşı deyil, dəfələrlə komaya düşmüşəm, ölümlərdən dönmüşəm, əməliyyatlar keçirimişəm.
Onu da qeyd edim ki, övladlarım Şəhidliklərindən sonra Sizin müvafiq Sərəncamlarınızla medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar. Buna görə də Sizə minnətdarlığımı bildirirəm. Mingəçevirdə adlarını daşıyan küçə var.
Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!
Bir Dərdli, bir Yaralı, həm də bir Qəhrəman Ana-Qəhrəman Oğulların Anası kimi Sizdən övladlarımın fəxri adlarla-Vətən Müharibəsi və ya Milli Qəhrəman fəxri adları ilə təltif olunmalarını xahiş edirəm. Xahiş və rica edirəm ki, övladlarımı Vətən Müharibəsi və ya Milli Qəhrəman fəxri adları ilə təltif edəsiniz. Bunlar həm övladlarımın haqqıdır, həm də övladlarını Vətən yolunda Şəhid vermiş-övladlarsız qalmış bir Ana kimi mənim haqqımdır.
İnanıram ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, müsbət həllini tapacaq və qeyd etdiyim fəxri adlarla təltif olunacaqlar. Sizin ədalətinizə adım kimi əminəm!
Öncədən də Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi, gözəl ailənizi, Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az