Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-6 iyul 2025-ci il tarixində daha bir Şəhid ailəsində oldum…
Daha bir Nur üzlü Şəhidimizin ocağını ziyarət etdim…
Daha bir İgid, Qəhrəman, Vətən sevdalısı övladımızın-Ağcabədili Polad Nurələm (Nuralı) oğlu Əliyevin ailə üzvlərinə-valideynlərinə, anası-Şəhid bacısı Samara xanıma, atası Nurələm Əliyevə və hər zaman Şəhid ailələrinin yanında olan kiçik qardaşı Məşədi Fuada baş çəkdim…
Şəhidimizin əmanətləri ilə bir arada oldum, söhbətləşdim, dərdləşdim…
İlk öncə Şəhidimizin doğmalarına Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…
Polad Əliyev də daxil olmaqla, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…
Ümumilikdə təxminən 1 saat çəkən ziyarətim zamanı Şəhidimizin ailəsinə təsəlli, təskinlik verməyə çalışdım…
Atası Nurələm (Nuralı) Əliyevin dediklərindən:
“Polad kimi Oğul var idi?! O, başqa Oğul idi! Övladlarımın heç birinə bənzəmirdi…Allah Onu Yer üzünə sanki mərhəmət, xeyirxahlıq üçün göndərmişdi…Hər kəsə əl tutmağa, kömək etməyə çalışırdı…Cibinin son qəpiyinəcən hər kəslə bölüşürdü…İstər bizlər-ailəsi olsun, istərsə də qohum-əqraba, dost-tanış olsun, hamıya əl uzadırdı, dəstək olurdu…Çox yanımcıl, çox ədalətli, çox vicdanlı, çox səxavətli idi…1999-cu ildə Bakıda-xəstəxanada yatırdım…Onda hələ Əsgərliyə getməmişdi, Bakıda işləyirdi…Amma bir an olsun belə yanımdan tərpənmirdi ki, birdən mənə nəsə olar…Bütün övladlarım mənə əzizdir, doğmadır, amma Poladın yeri başqaydı, başqadır…”
Bu yerdə qeyd edim ki, Polad 1981-ci ilin oktyabr ayının 15-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində-sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…
Ailənin beş övladından, dörd qardaşdan biri olub…
Hindarx qəsəbə orta məktəbində oxuyub…
2000-2002-ci illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Vətənə xidmət borcunu yerinə yetirib…
Həqiqi hərbi xidmətini başa vurduqdan az sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb…
Gizlirlik kursunu oxuyub və peşəkar hərbçi kimi Azərbaycan Ordusunda xidmət etməyə başlayıb…
Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən təxminən 10 gün öncə danışıb…
2005-ci ilin sentyabr ayının 7-də Tərtər rayonunun Borsunlu kəndində-düşmənin növbəti təxribatı zamanı alın nahiyəsindən snayperlə vurulub və qəhrəmancasına Şəhid olub…
Şəhidlik xəbəri elə həmin gün, günorta saatlarında-babasının 40 mərasiminə hazırlıq gedən zaman ailəsinə çatdırılıb…
Əvvəlcə yaralı olduğu deyilsə də, sonra Poladın Şəhid olduğu bildirilib…
Nəşi həmin gün axşam saatlarında Tərtərdən Hindarxa gətirilib…
Və nəşi səhərisi gün-sentyabrın 8-də Hindarx qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Cəmi 24 yaşında Şəhidlik məqamına ucalan Polad həm də subay olub…
O, eyni zamanda, Hindarxın 42 Şəhidindən biridir…
Ailəsinin yaşadığı küçəyə Onun adı verilib…
Eyni zamanda, ata ocağında adını daşıyan ev-muzeyi var…
Onu da qeyd edim ki, Poladın üç yaxın qohumu Birinci Qarabağ Savaşı Şəhididir…
Dayısı Ramiz Məmmədov, atasının xalası oğlu-Milli Qəhrəman Etibar İsmayılov və atasının əmisi oğlu, iki övlad atası Münasib Əliyev Birinci Qarabağ Şəhidlərimizdəndir…
Hər üçü də itkin Şəhidlərimizdəndir…
Polad da daxil olmaqla, dördünün də məqamları Ali və Uca, məkanları cənnətlik olsun!
Nurlar içində uyusunlar!
***
FOTOLAR:












Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az