Şəhid atası son bir ayda ikinci dəfə-ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ…

Antiterror Şəhidi Ülvi Mikayılovun atası Bəhruz Mikayılov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Milli Məclisin üzvü Vüqar Bayramova və Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımova yenidən müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə qeyd olunur:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Bəhruz Zakir oğlu Mikayılov əslən Füzulili olan Aniterror Şəhidi Ülvi Mikayılovun atasıyam.

Bu, Sizə son bir ayda ünvanladığım ikinci müraciətimdir. Buna səbəb birinci müraciətimə səbəbkar və aidiyyatı qurumlar tərəfindən qaneedici cavab almamağımdır. Bir daha xatırladım ki, övladımın Şəhidliyindən əvvəl “Access Bank”-dan kredit götürmüşdüm, eyni zamanda, “Soliton”-dan kreditlə məişət avadanlığı almışdım. Ciddi ehtiyacımız olmasaydı, nə kredit-pul götürərdim, nə də məişət avadanlığı alardım. Bunların heç birini kefimdən etməmişdim.

İkinci Vətən Müharibəsindən də, “Qisas” və Antiterror əməliyyatlarından da sonra Şəhidlərin, Şəhid valideynlərinin adlarına olan borclar silinib. Bir daha razılıq hissilə vurğulamaq istəyirəm ki, bu addımın özü də Azərbaycan dövləti və şəxsən Sizin tərəfinizdən Şəhidlərə, Şəhid ailələrinə diqqətin, qayğının, ehtiramın daha bir nümunəsidir.

Ancaq çox təəssüflər olsun ki, iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, övladımın Şəhidliyindən öncə olan borclarım nə “Access Bank”, nə də “Soliton” tərəfindən silinib. Dəfələrlə müraciət etsəm də, adıçəkilən bank və şirkət tərəfindən müsbət cavab verilməyib.

Sonuncu müraciətimə də heç birindən qaneedici cavab almamışam. Sanki hər şey görməməzlikdən gəlinir. Mənim, ailəmin hansı mənəvi-psixoloji-maddi durumda olduğu nəzərə alınmır. Bu isə bir daha qeyd edirəm ki, bir Dərdli, Yaralı, həm də Qəhrəman Şəhid atası kimi məni çox üzür, çox incidir.

Ona görə bir daha bir Şəhid atası kimi Sizdən xahiş və rica edirəm ki, səlahiyyətləriniz çərçivəsində bu məsələ ilə bağlı aidiyyatı qurumlara göstəriş və tapşırıqlarınızı verəsiniz, məsələnin müsbət həllinə nail olasınız.

Ürəkdən, səmimi qəlbdən də inanıram və əminəm ki, nəhayət, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncədən də Sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

“Ramil qarlı, şaxtalı bir gündə dünyaya gəldi, elə ömrünə də qar yağdı…”-BU SÖZLƏRİ ANTİTERROR ŞƏHİDİ RAMİL RƏHİMOVUN ANASI GÜLHAVA RƏHİMOVA SABUNÇU GƏNCLƏR EVİNDƏ ÖVLADININ QARŞIDAN GƏLƏN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Metroda interval endirilir-SENTYABRIN 15-DƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir