“Niyə bizi arxa-dayaqsız qoyub getdin? Sənə toy edəcəkdik, toysuz bu günyadan köçən balam…Anasını xəstə salan, atasını boynubükük qoyan balam…”-Şəhid anası Fazilə Namazova – ANIM GÜNLƏRİNDƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ ELMƏDDİN NAMAZOV, ASİM CƏFƏRLİ VƏ SƏBUHİ ORUCOVUN MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSLƏRİ TƏŞKİL EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Samux-Gəncəli Elməddin Nəsib oğlu Namazovun, Bərdəli Asim Çingiz oğlu Cəfərlinin və Bakılı Səbuhi Vahid oğlu Orucovun Anım günləridir.

27 oktyabr 2025-ci il tarixində Elməddin Nəsibovun Gəncə şəhərində-Səbiskar qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında, Asim Cəfərlinin Bərdə rayonunun Piyadalar kənd qəbiristanlığında və Səbuhi Orucovun Bakı şəhərinin Bülbülə Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Adları çəkilən Şəhidlərin ailələrinə-vlideynlərinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhid Elməddin Namazovun anan Fazilə xanımın dediklərindən:

“Niyə məni, niyə bizi arxa-dayaqsız qoyub getdin? Sənə toy edəcəkdik, toysuz bu günyadan köçən balam…Anasını xəstə salan, atasını boynubükük qoyan balam…Arzuları, murazı gözündə qalan balam…Mən Sənsiz dözə bilmirəm, mən Sənsiz yaşa bilmirəm…”

Şəhidlərin məzarlarını ziyarətdən sonra ayrı-ayrı məkanlarda-ailələrinin yaşadıqları evlərdə Anım məclisləri keçirilib, adlarına ehsan süfrələri açılıb.

Şəhid Elməddin Namazovun ailəsinin Gəncə şəhərində yaşadığı evdə keçirilən Anım məclisində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhlarına dualar olunub, dini mahnılar ifa edilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım məclislərində ailə üzvləri, yaxınları, Bakı, Gəncə, Bərdə, Samux və başqa bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, yerli ziyalılar və digər şəxslər iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə,əslən Qərbi Azərbaycanlı olan Elməddin Namazov 1996-cı ilin may ayının 7-də Samux rayonunun Qovlarsarı kəndində sadə bir ailə dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıblar.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Elməddin Namazov orta təhsilini də Gəncə şəhərində alıb.

2014-2016-cı illərdə həqiqi hərbi xidmərdə olub.

Vətən xidmət borcunu yerinə yetirdikdən sonra evinə dönüb, ailəsinə dəstək olub.

2020-ci ilin sentyabr ayının 21-də səfərbərliyə cəlb olunub və İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib.

Murovdan Qubadlıyacan uzun və şərəfli döyüş yolu keçib.

Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Oktyabrın 27-də nəşi Gəncə şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

***

 Asim Cəfərli 2001-ci ilin sentyabr ayının 4-də Bərdənin Piyadalar kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub.

Bacılarının hər ikisi hazırda ailəlidir.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

 Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 27 oktyabr tarixində Piyadalar kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O da Elməddin kimi subay olub.

Eyni zamanda, Elməddin eyni istiqamətdə və eyni vaxtda Şəhidlik məqamına ucalıblar.

Şəhidliyindən sonra dünyaya gələn bacısının oğlu Onun adını daşıyır.

***

Əslən İsmayıllı rayonundan olan Səbuhi Orucov isə 1993-cü il yanvarın 20-də Bakı şəhərində, Bülbülə qəsəbəsində dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

Bu yaxınlarda uzun müddət xəstəlikdən əziyyət çəkən atası dünyasını dəyişib.

Tək qardaşı Fuad Orucov ali təhsillidir və subaydır.

2000-2011-ci illərdə Bülbülə qəsəbində yerləşən 232 və 87 saylı orta məktəblərdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra, 2011-2013-cü illərdə Tərtər rayonunda hərbi xidmət keçib.

Xidməti başa vurduqdan sonra  Müdafiə Nazirliyinin Sülhməramlı Taborunda müddətdən artıq hərbi qulluqçu (MAXE) olaraq çalışıb.

İkinci Vətən Müharibəsi zamanı MAXE kimi döyüşlərdə iştirak edib, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı rayonları istiqamətində döyüş, vuruşub.

Adıçəkilən rayonların-bir çox yaşayış məntəqələrinin işğaldan azad olunmasında iştirak edib.

2020-ci ilin oktyabrın 26-da isə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 27-də Bülbülə qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Səbuhi də digər iki Şəhidimiz kimi subay olub.

Bakı şəhərində adını daşıyan küçə var.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

16:20

***

FOTOLAR:

16:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Taleh Zöhrabov Təbriz şəhərində Azərbaycanın baş konsulu təyin edildi-SƏRƏNCAM

Read Next

Anım Günündə məzarı ziyarət olunan-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELYAZ QARAYEV… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir