“Şəhidlər unudulmayıb, unudulmur və heç zaman da unudulmayacaq”-Bu gün İkinci Vətən Müharibəsi Şəhidləri-Polkovnik-leytenant Vidadi Xəlilovla tək övlad Yusif Budaqovun Anım günləri-TƏK OĞUL QƏLƏNDƏR ALIYEVİN İSƏ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bakılı Yusif Ramiq oğlu Budaqov və Göycalı Vidadi Vaqif oğlu Xəlilovun Anım günləridir.

Eyni zamanda, Bakılı Qələndər Nofəl oğlu Alıyevin Cənnətdəki beşinci doğum günüdür.

Yusif Budaqovla Vidadi Xəlilovun bu gün-31 oktyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il ötür.

Qələndər Alıyevin isə 24 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, Yusif Budaqov 1997-ci ilin 11 oktyabrında Bakı şəhərində dünyaya gəlib.

O, ailənin tək-yeganə və subay övladı olub.

Atasını Şəhidliyindən az öncə, 2019-cu ilin yayında itirib.

2003-2014-cü illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub.

Əsgərliyini başa vurduqdan sonra isə dizayn üzrə kollec təhsili alıb.

İkinci Vətən Müharibəsindən bir neçə gün öncə təlimə-səfərbərliyə cəlb olunub və müharibə başlayan kimi döyüşlərdə iştirak edib.

23 yaşını da oktyabrın 11-də müharibədə-səngərdə-döyüş yoldaşları ilə birlikdə qeyd edib.

Ancaq doğum günündən bir neçə gün sonra Yusifdən xəbər almaq mümkün olmayıb.

Füzuli istiqamətində döyüşlərdən birində (oktyabr ayının 27-də) həlak olan Şəhidin nəşi oktyabrın 30-da anası Lətafət xanıma, yaxınlarına təhvil verilib, oktyabrın 31-də isə Badamdar qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Badamdar qəsəbəsindəki küçələrdən birinə adı verilib.

***

Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.

İllər öncə atalarını itiriblər.

O, ali təhsilli peşəkar hərbçi olub.

1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına (indiki Milli Müdafiə Universitetinə) daxil olub, 2003-cü ildən zabit kimi “N” saylı hərbi hissədə xidmət edib.

Polkovnik-leytenant hərbi rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsinin ilk anlarından isə döyüşlərdə olub.

Oktyabr ayının 30-da Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Nəşi bir gün sonra, oktyabrın 31-də Göyçay Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”  “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

İki övladı-bir oğlu və bir qızı Vətənə, ailəsinə əmanət qalıb.

Ailəsi hazırda Bakı şəhərində yaşayır.

***

Əslən Tovuzlu, özü isə Bakılı, Nizami rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, 31 oktyabr 2001-ci il təvəllüdlü, ailənin iki övladından biri, evin tək və subay oğlu, tək bacının tək qardaşı, idmançı, bir neçə medallı Qələndər Nofəl oğlu Alıyevin isə Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün-31 oktyabr 2025-ci il tarixində-səhər saatlarında Əbədiyyətə uğurlandığı Bakıxanov Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

İkinci Vətən Müharibəsi zamanı-oktyabr ayında Suqovuşan istiqamətində Azərbaycan Ordusunun Əsgəri kimi Şəhadətə ucalan, nəşi uzun müddətdən sonra tapılan və 2020-ci ilin 28 noyabrında Əbədiyyətə uğurlanan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.

Təhsil aldığı məktəbin şagirdləri tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Həmçinin, qısa çıxışlar edilibQələndər Alıyev də daxil olmaqla, Şəhidlərin Vətən naminə fədakarlıqlarından, İgidlik və Qəhrəmanlıqlarından bəhs olunub.

Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, Qələndər Alıyevin də, digər Şəhidlərin də hec zaman unudulmayacağı dilə gətirilib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra Cənnətdəki beşinci doğum günü ilə bağlı “El” mərasim evində məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Cəmi 19 yaşında Şəhadətə yüksələn Şəhidin ruhuna bir daha dualar edilib, ailəsinə-anası Sevda xanıma və atası Nofəl kişiyə Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki dördüncü beşinci günü təbrik olunub.

Məzarını ziyarətdə və Anım məclisində Şəhidin ailə üzvləri, Bakılı Şəhid ailələri, Qazilər, din xadimləri, müəllim və məktəblilər, digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 24 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:03

***

FOTOLAR:

14:05

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əslən Qərbi Azərbaycanlı, özü isə Xızılı olan-15 İLİN PEŞƏKAR HƏRBÇİSİ, GİZİR, İKİ ÖVLAD ATASI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN CƏFƏROVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“…Deyərdi ki, Qarabağı biz alacağıq, biz geri qaytaracağıq… Dediyi kimi də oldu, dediyi kimi də etdi…”-BU FİKİRLƏR BU GÜN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ, 24 YAŞI TAMAM OLAN BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TAHİR QASIMZADƏNİN MƏZARINI ZİYARƏT ZAMANI DİLƏ GƏTİRİLDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir