Bu gün Anım və doğum günləri olan Şəhidlərimiz-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADİL İBRAHİMLİ, BİR ÖVLAD ATASI XALİD HASSAN, İKİ QARDAŞDAN BİRİ, SUBAY HÜSEYN NƏSİBOV, EVİN TƏK VƏ AİLƏLİ OĞLU ELMAN BABAXANOV, NƏŞİ 24 GÜN SONRA TAPILAN NİZAMİ OSMANOV… – YENİLƏNİB – (9)

Bu gün bir neçə İkinci Vətən Müharibəsi Şəhidinin Anım, eləcə də bəzi Şəhidlərin Cənnətdəki doğum günləridir.

Əslən Naxçıvanlı, özü Sumqayıtlı olan İkinci Vətən Müharibəsi Şəhidi Adil Asəm oğlu İbrahimli ilə Ağdamlı İkinci Qarabağ Savaşı Şəhidi Xalid Mahmud oğlu Hassanın bu gün-7 noyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmalarından beş il ötür.

Goranboylu Antiterror Şəhidi Hüseyn Əfqan oğlu Nəsibovun isə Cənnətdəki üçüncü doğum günüdür, 21 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, əslən Naxçıvan Muxtar Respublikasından (NMR) olan Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

1999-2008-ci illərdə Sumqayıt şəhər14 nömrəli tam orta məktəbdə oxuyub.

2008-ci ildən isə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.

2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.

2015-ci ildə Ali Hərbi Məktəbi bitirərək, Leytenant hərbi rütbəsi alıb.

Sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb.

2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) qəbul olunan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.

44 günlük Vətən Müharibəsində isə Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib.

Son tapşırığı Şuşada olub və yaralı olsa da, sonacan qəhrəmancasına vuruşub.

Noyabrın 7-də isə Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

 Şəhidliyindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Həmçinin, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”  “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbə adı verilib.

Adil ailəli olub, Şəhidliyindən üç il öncə Nargül İbrahimli ilə ailə həyatı qurub.

Əbəlfəz  Həzra adlı övladları ailəsinə, Vətənə əmanət qalıb.

Qayını-Əfsanəvi Xüsusi Təyinatlı Elton Qəmbərli də İkinci Vətən Müharibəsi Şəhididir.

***

Ağdamlı Xalid Hassan 1995-ci ilin yanvar ayının 26-da dünyaya gəlib.

 Ailədə iki iki övlad, iki qardaş olublar.

Tək qardaşı Kollec tələbəsidir.

Xalid Hassan orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra işləyib, çalışıb.

İkinci Vətən Müharibəsində isə könüllü iştirak edib.

25 yaşında, müharibənin sonlarına yaxın Şəhidlik məqamına ucalan Xalid Hassanın nəşi 7 noyabr tarixində Ağdam-Quzanlı qəsəbə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ailəsi isə Xalid Hassanın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Xalid Hassan da ailəli olub.

Bir övladı, Məryəm adlı qızı Vətənə əmanət qalıb.

***

Anım Günü ilə bağlı bu gün Şəhidin Quzanlı qəsəbə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

Çıxışlar olunub, ailəsinə-anası Maya xanıma Allahdan səbr və dözüm arzulanıb.

Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra Şəhidlər Xiyabanında yerləşən Mərasim evində məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.

Xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, Ağdamlı Şəhid ailələri, Ağdam və Bərdəli Qazilər, yerli ziyalılar, din xadimləri, məktəblillər, Ağdam rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

***

Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Hüseyn Nəsibov isə 2004-cü ilin noyabr ayının 7-də dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri, evin ortancıl uşağı olub.

Bacısı hazırda ailəlidir.

Kiçik qardaşı Nurlan Nəsibov isə hazırda Əsgərlikdədir.

2011-2022-ci illərdə Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra-2023-cü ilin aprelində isə Əsgərliyə yollanıb.

Əvvəlcə Gəncə, sonra Şuşa şəhəri istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.

Hüseyn də Azərbaycan Ordusunun Əsgəri kimi 19 sentyabr 2023-cü il tarixində qanlı döyüşlər zamanı Şuşa-Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 20 sentyabr tarixində Qızılhacılı qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

“Vətənə uğrunda”3-cü dərəcəli “Vətənə” xidmətə görə” ordeni ilə təltif olunub.

Onu da qeyd edək ki, Hüseyn Nəsibov Qızılhacılı qəsəbəsinin sonuncu iki Şəhidindən biridir.

Hüseyn həm də subay olub.

Qızılhacılı qəsəbəsində adını daşıyan küçə var.

***

21 yaşının tamam olması, Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Çıxışlar edilib.

Şəhidin cəmi 19 illik qısa, lakin şərəfli ömür yolundan söz açılıb, ailəsinə, valideynlərinə-anası Pərvanə xanıma və atası Əfqan Nəsibova Allahdan səbr dilənib.

Məktəblillər tərəfindən şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə məclis təşkil olunub, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

***

Bu gün həm də Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nizami Elşad oğlu Osmanovun Anım Günüdür.

Nizami Osmanov 2002-ci ilin mart ayının 29-da Kürdəmir rayonunun Şahsevən kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri və evin böyük oğlu olub.

Nizami orta təhsilli idi.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin aprelində Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun-6 ayın Əsgəri kimi döyüşlərə qatılıb.

Şərəfli döyüş yolu 18 gün çəkib.

Ailəsi-valideynləri ilə son danışığı oktyabrın 12-də olub.

2 gün sonra-oktyabr ayının 14-də isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 24 gün sonra tapılıb və noyabr ayının 7-də Şahsevən kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra üç medalla təltif olunub.

Nizami Osmanov da subay olub.

Şəhidliyindən bir müddət sonra isə Osman adlı qardaşı dünyaya gəlib.

Anası Axirə Osmanova isə Azərbaycanın ən gənc Şəhid anasıdır.

Nizami Şəhidlik məqamına ucalan vaxt anasının cəmi 35 yaşı olub.

O, həm də Şahsevənin beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

***

Eyni zamanda, bu gün əslən Qusarlı, özü isə Bakı şəhərinin Nəsimi rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək və ailəli oğlu olan, Asena adlı bir qız övladı Vətənə əmanət qalan Elman Ağamirzə oğlu Babaxanovun Anım Günüdür.

27 yaşında Şəhidlik məqamına ucalan Şəhidin Anım Günü ilə bağlı bu gün səhər saatlarında Əbədiyyətə uğurlandığı Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

17 dekabr 1993-cü il təvəllüdlü, Ali-hərbi təhsilli, peşəkar hərbçi, Kapitan, İkinci Vətən Müharibəsində uzun və şərəfli döyüş yolu keçən, müharibənin başa çatmasına, Qələbəyə az qalmış Xocavənd istiqamətində-8 noyabr tarixində Xocavənd istiqamətində Şəhadətə qovuşan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Elman Babaxanovun ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdən sonra Anım Günü ilə bağlı Hərbi Memorial Məzarlıqdakı Mərasim evində  məclis düzənlənib, adına çay-ehsan süfrəsi verilib.

Bir daha Şəhidin ruhuna dualar edilib.

Eyni zamanda, Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Məkanları cənnətlik, ruhları şad olsun!

Nurlar içində yatsınlar!

15:33

***

FOTOLAR:

***

***

16:33

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Pəncəli Teymurov və Vaqif Qurbanova-MİLLİ QƏHRƏMAN ADI VERİLDİ – YENİLƏNİB

Read Next

Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi, bir qız övladı Vətənə əmanət qalan Xalid Hassanın Anım Günündə-MƏZARI ZİYARƏT OLUNDU, VƏTƏN NAMİNƏ FƏDAKARLIĞINDAN SÖZ AÇILIDI, ANIM MƏCLİSİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir