Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Elçin Əliyevin bacısı Turanə Əliyeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədri Vüqar Behbudova, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Müsa Quliyevə və millət vəkili Aydın Mirzəzadəyə müraciət ünvanlayıb.
Etikxeber.az həmin müraciəti təqdim edir:
“Cənab Prezident!
Yazıb Sizə bildirnək istəyirəm ki, mən-Turanə Əliyeva Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Elçin Rasim oğlu Əliyevin bacısıyam. Bu müraciəti də ailəmiz adından edirəm. Biz ailədə dörd uşaq-iki bacı və iki qardaş olmuşuq. Qardaşımız Elçin Əliyev İkinci Vətən Müharibəsi zamanı Vətənin müdafiəsinə atıldı və qəhrəmancasına Şəhid oldu. Qardaşımız Azərbaycanın Zəfər və Qələbə Şəhidlərindəndir. Ancaq acımız, kədərimiz bununla bitmədi. Oğul, övlad dərdinə dözə bilməyən anamız Ulduz Əliyevanın səhhətində ciddi problemlər yarandı və 2024-cü ildə bu dünyadan çox vaxtsız köçdü. Acımızın üstünə acı, dərdimizin üstünə dərd gəldi. Cəmi dörd ilin içində həm qardaş, həm ana itirmək çox ağırdır, çəkilməsi çox çətin olan bir yükdür.
Onu da qeyd edim ki, hələ anamızın sağlığında Bakı şəhərində mənzil növbəsinə dayandıq. Çünki mənzil də qardaşımızın halal Haqqıdır. 2021-ci ildən mənzil növbəsinə dayansaq da, bir çox Şəhid ailələri ötən bu illər ərzində mənzillərlə təmin olunsa da, biz hələ ki, mənzillə təmin olunmamışıq, qardaşımızın mənzil Haqqı hələ də tanınmayıb. Bizə iki otaq veriləcəyi deyilmişdi. Ancaq çox təəssüflər olsun ki, anamız dünyasını dəyişəndən sonra deyildi ki, iki yox, bir otaqlı ev düşür sizə. Bunun səbəbini hələ də anlaya, qəbul edə bilmirik. Axı, indiyənəcən heç bir Şəhid ailəsi belə bir halla, haqsızlıqla qarşılaşmayıb, bizə gələndə niyə belə bir məsələ ortaya çıxdı? Bu, ayrıseçkiliyin, ədalətsizliyin səbəbi nədir?
Müzəffər Ali Baş Komandanımız!
Bu müraciəti ünvanlamaqla, bir Şəhid bacısı və bir cavan ananı itirmiş bir Azərbaycan qızı kimi Sizdən bizim ailəyə dəstək olmağınızı, üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılmasına köməklik göstərməyinizi xahiş edirəm. Xahiş və rica edirəm ki, qardaşımızın halal haqqı olan mənzil Haqqının tanınması üçün aidiyyatı qurum və səlahiyyət sahiblərinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.
İnanıram və əminəm ki, belə də olacaq, müraciətimiz nəzərə alınacaq və tez bir zamanda öz müsbət həllini tapacaq.
Öncədən də Sizə öz dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun!”
Etikxeber.az





