Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fuad İmaməddin oğlu Məhərrəmovun doğum günüdür.
Fuad Məhərrəmovun sabah-5 aprel 2026-cı il tarixində 32 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Fuad Məhərrəmov 1994-cü ilin aprel ayının 5-də Goranboy rayonun Zeyvə kəndində dünyaya gəlib.
Ailənin altı övladından biri, evin tək oğlu, beş bacının tək qardaşı olub.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Ali təhsilli, peşəkar hərbçi idi.
Baş leytenant hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb və şərəfli döyüş yolu 18 gün çəkib.
Oktyabr ayının 14-də Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 16 gün sonra, oktyabr ayının 30-da Zeyvə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
O, həm də subay olub.
Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Zeyvə kəndində adını daşıyan küçə var.
Qeyd edim ki,Şəhidin bacısı Nazilə Nəsirovanın həyat yoldaşı-iki övlad atası, hərbçi Xəqani Kamran oğlu Nəsirov da İkinci Vətən Müharibəsi Şəhididir.
***
Onu da qeyd edim ki, mövludundan bir gün öncə, bu gün-4 aprel 2026-cı il tarixində, günorta saatlarında öncə Şəhidin Zeyvə qəbiristanlığındakı məzarını, sonra ailəsinin yaşadığı evi-ata ocağını, valideynləri-anası İbadə xanımı və atası İmaməddin kişini ziyarət etdim.
Bir daha onlara-Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm dilədim.
“Şəhidimizin, balanızın məkanı cənnətlik, mövludu mübarək olsun!”-dedim…
Həm Şəhidimizin ruhu, həm də onların-valideynləri qarşısında baş əydiyimi bildirdim.
Söhbətləşdim, dərdləşdim…
Şəhidin atası İmaməddin kişinin dediklərindən:
“Fuad evin sonbeşiyi, beş bacının tək qardaşı idi…Neçə ildən sonra dünyaya gəldi…Amma nə deyim, görünür, taleyi, qisməti, yazısı beləymiş…Cəmi 26 il yaşadı…Allah onu özü bizə bəxş etdi, özü də öz Dərgahına apardı…Fuad çox tərbiyəli, çox mərifətli bir uşaq idi…Qızdan-gəlndən abır-həyalıydı…Bir dəfə olsun belə onun dilindən pis söz, söyüş çıxmadı, eşitmədik…Çox abırlı, çox həyalı idi…Kimsənin qəlbinə dəyməzdi, kimsəni incitməzdi…Bir Nur idi gəldi-getdi…”
İmaməddin kişi axırıncı dəfə Fuadla Şəhidliyindən bir gün öncə-oktyabrın 13-də danışdıqlarını da sözlərinə əlavə etdi:
“Axırıncı dəfə oktyabrın 13-də danışdıq…Əhvalı da yaxşıydı…”Məndən narahat olmayın…”-dedi…Nə biləydim ki, bu, balamla sonuncu danışığımız olacaq…Oktyabrın 14-dən Fuadla əlaqə saxlaya bilmədik…Düz 15 gün onu axtardıq…Sən demə, oktyabrın 14-də bir neçə hərbçi və Əsgər yoldaşı ilə birlikdə Şəhid olubmuş…Şəhidlik xəbəri bizə ayın 29-da bildirildi…Bir gün sonra isə dəfn olundu…Yurdum, ocağım boş qaldı, çırağım söndü…Həm oğlumu, həm də kürəkənimi itirdim…Çox çətindir, çox…”
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində uyusun!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





