Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Naftalan şəhərində yaşayan Şəhid anası Möhtərəm Quliyeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevə, MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyevə və MM-in üzvü Bədəl Bədəlova Müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Möhtərəm Əli qızı Quliyeva Naftalan şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Bəhruz Firuz oğlu Quliyevin anasıyam. Elə bu yerdə onu da qeyd edim ki, bu, Sizə və aidiyyatı dövlət orqanlarına, cavabdeh şəxslərə növbəti (sayını unutmuşam) müraciətimdir. Aidiyyatı qurumlardan və cavabdeh şəxslərdən müraciətlərimə müsbət, qaneedici cavablar almadığım üçün növbəti dəfə Sizlə müraciət etmək qərarına gəldim və inanıram ki, bu müraciətim Sizə çatdırılacaq.
Bir daha bildirmək istəyirəm ki, oğlum İkinci Vətən Müharibəsinin Şəhidlərindən, Qələbə və Zəfər Şəhidlərimizdəndir. Bəhruz mənim üç övladımdan biri, tək oğlum, arxa-dayağım, dostum-sirdaşım, suyum, havam, nəfəsim idi. Həm də ailəli, iki körpə qız atasıydı. Tək, uzun illərin hərbçisi, Aprel döyüşlərinin iştirakçısı olan oğlumu Vətən, Qarabağ uğrunda Şəhid verdim. Oğlum həm də veteran oğluydu. Həyat yoldaşım Firuz Quliyev də müharibə iştirakçısı, Birinci Qarabağ Savaşında can qoyan Vətən oğullarından biri, müharibə veteranıdır. İndi 6 ildir Oğulsuz, arxa-dayaqsız qalmışam…Bala, oğul, övlad acısı çox ağır, çox çəkilməz və dözülməzdir. Mən yaşadım, biz yaşadıq, Vətən uğrunda övladlarını Şəhid vermiş ailələr yaşadı, Allah bundan sonra kimsəyə, heç bir valideynə, heç bir ailəyə yaşatmasın.
Şəhidliyindən sonra da övladım Sizin müvafiq sərəncamlarınızla üç medalla təltif olunub. Buna görə bir daha Sizə öz minnətdarlığımı ifadə edirəm. Ancaq təəssüflər olsun ki, ötən illərdə dəfələrlə söz, vəd edilməsinə baxmayaraq, övladım Haqqı olan ali ordenlərimizdən birinə təqdim olunmayıb, hələ də orden Haqqını ala bilməyib. Orden də balamın, Bəhruzumun Halal haqqıdır. Balam da ali ordenlərimizdən biri Haqq edir. Artıq nəvələrimə-Bəhruzumun bizlərə, ailəsinə, Vətənə əmanət qoyub getdiyi qız övladları-iki qız balasına da cavab verə bilmirik…Hər gün mənə, həyat yoldaşıma sual edirlər, deyirlər ki, bəs bizim Atamıza nə vaxt Orden veriləcək, bəs nə vaxt Atamızın adı, xatirəsi əbədiləşdiriləcək…Biz də onların, ata həstətli, ata nisgilli nəvələrimizin bu sualları qarşısında acız, susqun qalırıq, içimiz sızıldaya-sızıldaya, göynəyə-göynəyə onlara cavab verə bilmirik…Axı, nə cavab verək?! Sadəcə, çalışırıq ki, onları birtəhər yola verək, amma yenə də mümkün olmur, sualı sual dalınca yağdırırlar, Atalarının Haqqını tələb edirlər...Əvvəl uşaq idilər, heç nə başa düşmürdülər, amma indi böyüyüblər, hər şeyi başa düşürlər və tələb edirlər.

Çox hörmətli Müzəffər Ali Baş Komandanımız!
Tək oğlunu Vətən yolunda Şəhid vermiş bir Dərli, Yaralı Ana, həm də müharibə veteranının həyat yoldaşı olaraq, Sizdən balamın orden Haqqının tanınmasını istəyirəm. Xahiş və rica edirəm ki, məni, həyat yoldaşımı nəvələrimizin yanında diligödək etməsinlər, balamın Orden Haqqını tanısınlar. Dönə-dönə xahiş və rica edirəm ki, aidiyyatı qurumlar, məsul şəxslər növbəti dəfə siyahı tərtib edəndə balamın da adını oraya salsınlar. Sizdən də əsas xahişim, ricam odur ki, bu istiqamətdə aidiyyatı qurumlara və cavabdeh şəxslərə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz və qarşıdan gələn Milli Ordu və ya Zəfər Günündə bizləri sevindirəsiniz.
İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, öz müsbət nəticəsini verəcək və nəhayət, balamın Orden Haqqı tanınacaq. Bununla da həm Şəhidimin, balamın ruhu sevindirilmiş olacaq, həm də bizə-xüsusilə, nəvələrimə bir təskinlik, bir təsəlli verilmiş olacaq.
Öncədən də Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi, ailənizi və Qalib Azərbaycanımızı Qorusun!”
Etikxeber.az





