Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
28 aprel 2026-cı il tarixində Oğuzlu, Xalxalqışlaqlı İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin iki övladından biri, tək oğul, tək bacının tək qardaşı, bir qız övladı-Jasmini Vətənə əmanət qalan Şahin Şamil oğlu Cəfərlinin ailəsini, ocağını və məzarını ziyarət etdim…
Ziyarətdə mənimlə birgə Sincanlı İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay oğul, “Azərbaycan Bayrağı” ordenli Tural Məmmədovun atası Arif Məmmədov da iştirak edirdi…
Qeyd edim ki, bu, mənim Şəhidin ailəsini, ocağını ikinci ziyarətim idi…

Cəmi aylar öncə, 2025-ci ilin iyununda Şəhidin Cənnətdəki beşinci doğum günündə və adını daşıyan “Şəhid bulağı”nın açılışında iştirak etmişdim…
İkinci ziyarətim zamanı Şəhidimizin valideynləri-anası Gülər xanıma və atası Şamil kişiyə, eləcə də ömür-gün yoldaşı Elvira xanıma bir daha Allahdan səbr və dilədim, bir daha “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm”-dedim…
Təxminən bir saat çəkən ziyarət zamanı Şəhidimizin Oğul həsrətli valideynləri ilə söhbətləşdim…
Şəhidin anası Gülər xanımın göz yaşları içində dediklərindən:
“Hamının balası özünə əzizdir, şirindir…Allah kimsəni balası, övladı ilə sınağa çəkməsin, kimsəyə bala dərdi yaşatmasın…Biz yaşadıq, yaşayırıq, kimsə yaşamasın…Amma Şahin başqa bir oğuluydu…Qızdan-gəlindən abır-həyalı idi…Bir dəfə olsun belə bizi incitmədi, xətrimizə dəymədi…Kimsə ilə işi olmazdı…Zəhmətkeş, qoçaq uşaq idi…Müharibəyə, səfərbərliyə yola düşməzdən əvvəl yoldaşı ilə çoxlu şəkil, foto çəkdirmişdi (hamsını bir-bir göstərir…)…Sanki bu gedişin dönüşü olmayacağını, Şəhidliyə ucalacağını bilirmiş, Şəhid olacağı ürəyinə damıbmış…Ona çox ehtiyacım var…Çox darıxıram ondan ötrü, ürəyim tökülür balam üçün…”
***
Şahin Cəfərlinin ailəsini, məzarını ziyarətdən sonra isə Qarabaldır kəndindən olan “Qisas” əməliyyatı Şəhidi, yenə ailənin iki övladından biri, tək bacının tək qardaşı, subay Nail Adil oğlu Abbaslının valideynləri ilə görüşdüm Şəhidimizin ocağında…
Bu ocaqda-Nail ocağında da ikinci dəfəydi olurdum…
4 il öncə, 2022-ci ilin sentyabr ayının 16-da Şəhidin üç mərasiminə qatılmışdım Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cüməzadənin valideynləri ilə…
Hələ də həmin ağır, kədərli günün təəssüratı altındayam…
Şəhidimizin hansı şəraitdə yaşadığı, hansı ağır şəraitdə böyüdüyü…,anası Ruhəngiz xanımın quru torpaq üstündə fəryadı…hələ də gözlərimin önündən getmir…
Çox, olduqca ağır bir mənzərə idi…
Şəhidimizin ailəsi, valideynləri ilə görüşdə, söhbətdə də bir daha həmin anlara qayıtmalı oldum…
Anası Ruhəngiz xanımın dediklərindən:
“Nailin hərbiyə getməsini, hərbçi olmasını heç cür istəmirdim, razı olmurdum…Özünə də deyirdim, dedim ki, ata, tək oğulsan, lazım deyil, getmə, burada bir iş tapıb məşğul olarsan, gözümüzün qabağında ol…Amma təkidlə dedi ki, Orduya gedəcəyəm, hərbçi olacağam…Özü seçdi hərb sənətini…İkinci Vətən Müharibəsi zamanı Xaçmaz kəndindən olan dostu Kamil Şəhid olmuşdu…Ondan sonra heç cür rahatlıq tapmırdı, bir yerdə dayana bilmirdi…Deyirdi ki, o vaxt məni aparmadılar, Kamil isə Şəhid oldu, mən də Orduya, hərbiyə gedəcəyəm, yoxsa, rahatlıq tapa bilmərəm…”Qisas” əməliyyatından bir neçə ay əvvəl Orduya getdi…və 2022-ci ilin sentyabrında da Şəhid oldu…İndi qız nəvəm Nailin adını daşıyır…Canımdır, ciyərimdir, amma oğul başqadır, kimsə Naili əvəz edə, onun yerini verə bilməz…”
Allah hər iki Şəhidimizin məkanını cənnətlik, məqamını Ali və Uca etsin!
Hər ikisi də Nurlar içində yatsınlar!
***
FOTOLAR:




***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





