“Niyə məni xəstə saldın, niyə məni yazıq etdin, niyə ananı Oğulsuz, arxa-dayaqsız qoydun?…”-Cənnətdəki altıncı doğum günündə, 30 yaşının tamamında-ŞƏHİD ELMƏDDİN NAMAZOVUN MƏZARI ZİYARƏT OLUNDU, “MAŞIN MUZEYİ”NİN AÇILIŞI OLDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Gəncə şəhərinin (həm də Samuxun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Nəsib oğlu Namazovun doğum günüdür.

Elməddin Namazovun bu gün-7 may 2026-cı il tarixində 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Gəncə şəhər Şəhidlər Xiyabanında (Səbiskar qəbiristanlığında) məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub.

Çıxışlarda ailəsinə, valideynlərinə-anası Fazilə xanıma və atası Nəsib kişiyə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Məktəblillər tərəfindən şeirlər səsləndirilib.

13:00

***

Məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə-ata ocağında Şəhidin “maşın muzeyi”nin açılışı olub.

Muzeydə Şəhidə məxsus “Jiquli” avtomobili saxlanılıb, eyni zamanda, fotoları, portertləri, Şəhidə məxsus bəzi əşyalar yer alıb.

Muzeyin açılışından sonra isə Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis düzənlənib, bir daha ruhuna dualar olunub.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, mahnlar ifa edilib.

Həmçinin, Şəhidin adına hazırlanmış doğum günü tortu kəsilib.

Xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə, “maşın muzeyi”nin açılışında və adına açılan ehsan süfrəsində Şəhidin ailə üzvləri, yaxınları, Gəncə, Bərdə, Daşkəsən və Samuxlu Şəhid ailələri, Qazilər, din xadimləri, Gəncə şəhər və Samux rayon İcra hakimiyyətlərinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, əslən Qərbi Azərbaycanlı olan Elməddin Namazov 1996-cı ilin may ayının 7-də Samux rayonunun Qovlarsarı kəndində sadə bir ailə dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıblar.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Elməddin Namazov orta təhsilini də Gəncə şəhərində alıb.

2014-2016-cı illərdə həqiqi hərbi xidmərdə olub.

Vətən xidmət borcunu yerinə yetirdikdən sonra evinə dönüb, ailəsinə dəstək olub.

2020-ci ilin sentyabr ayının 21-də səfərbərliyə cəlb olunub və İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib.

Murovdan Qubadlıyacan uzun və şərəfli döyüş yolu keçib.

Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Oktyabrın 27-də nəşi Gəncə şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:59

***

FOTOLAR:

15:05

***

16:00

***

16:45

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq-XƏBƏRDARLIQ

Read Next

Şahdağ, Qrız və Xınalıqda qar yağır-FAKTİKİ HAVA AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir