“Laboratory of Art”da bir araya gələn vətənpərvər ziyalılar “Kömək edən əllər” aksiyası çərçivəsində Qurban bayramı, həm də Müstəqillik Günü ilə əlaqədar bu dəfə Ruslan Abbasov, Məmmədağa Səfərov və Vahid Abbasovun-OCAQLARINI, AİLƏLƏRİNİ ZİYARƏT ETDİLƏR… – FOTOLAR – YENİLƏNİB – (2)

Artıq altıncı ildir ki, davam edən “Kömək edən əllər” aksiyası çərçivəsində “Laboratory of Art” platformasında bir araya gəlmiş vətənpərvər və xeyirxah insanların dəstəyi ilə müqəddəs Ramazan və Qurban bayramlarında Şəhid ailələri ziyarət olunur, onlara bayram sovqatları təqdim edilərək, qapıları döyülür, yaralı ürəklərinə az da olsa, su səpilir.

Bu dəfəki-28 may 2026-cı il tarixindəki ziyarət də Vətənpərvər ziyalılar-Fərid Nəsibzadə, Araz Məmmədov və Hüseyn Xudatovun təşəbbüsü ilə həyata keçirilib.

Həm müqəddəs Qurban bayramında, həm də qanla qazanılımış İstiqlal, Müstəqillik Günündə yenə üç Şəhid ailəsi, Tək və Subay Oğullarını Şəhid vermiş üç Qəhrəman Şəhid valideynləri, üç Şəhid ocağı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ilk ziyarət Bakılı, 25 may 2000-ci il təvəllüdlü, ailənin iki övladından biri, evin tək və subay oğlu, Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak etmiş və Füzuli rayonu istiqamətində Şəhid olmuş Ruslan Hikmət oğlu Abbasovun ocağı və anası olub.

“20-ci sahə” adlanan ərazidə-Şəhid ailələri və Qaziləri üçün inşa edilmiş binada yaşayan Şəhidin anası Leyla xanımla bir araya gəlinib.

Öncə Leyla xanıma “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-deyilib.

Sonra Şəhidimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əyildiyi qeyd olunub.

Təxminən 40 dəqiqə çəkən ziyarət zamanı 2020-ci ilin oktyabr ayının 16-da Lökbatan Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanmış Şəhidimizin anası ilə söhbətləşilib, dərdləşilib.

Leyla xanım daxil olmaqla, bütün Şəhid ailələrinin, Qəhrəman Şəhid analarının müqəddəs Qurban bayramı və İstiqlal günü təbrik edilib.

Leyla xanım isə öz növbəsində qapısını açdıqları, Şəhid Ruslan ocağını ziyarət etdikləri üçün Fərid bəyə, Araz bəyə və Hüseyn bəyə minnətdarlığını ifadə edib.

***

İkinci ziyarətin ünvanı yenə Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, 10 may 1997-cil təvəllüdlü, yenə ailənin iki övladından biri, yenə tək və subay oğul, ali təhsilini yarımçıq qoyaraq Vətənin keşiyinə-həqiqi hərbi xidmətə yollanan və Azərbaycan Ordusunun Əsgəri kimi 2020-ci ilin oktyabr ayının 21-də Xocavənd-Düdükçü istiqamətində Şəhid olmuş Məmmədağa Balakişi oğlu Səfərovun ocağı, anası olub.

Ziyarət iştirakçıları hazırda Badamdar qəsəbəsində tək-tənha yaşayan Şəhid anası Rəna xanımla, Rəna Səfərova ilə görüşüblər.

Oğul həsrətli Rəna xanıma Allahdan səbr və dözüm diləyiblər.

“Şəhidimizin Məqamı Ali və Uca olsun!”-deyiblər.

Bir ömür boyu Şəhidlərimizə, Şəhidinə dəyər verən ailələrə borclu olduğumuzu dilə gətiriblər.

Təxminən bir saat çəkən ziyarət zamanı Rəna xanımla söhbət edib, Şəhid Məmmədağanın 23 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yoluna birlikdə nəzər salıblar.

2020-ci ilin 23 oktyabr tarixində Hərbi Memorial Məzarlıqda torpağa tapşırılmış Şəhidimizin anasına təsəlli verməyə çalışıblar.

Rəna xanım da öz növbəsində Şəhidsevər ziyarət iştirakçılarına təşəkkürünü bildirib, eyni zamanda, onun üçün bala itkisi nə qədər ağır olsa da, övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu sözlərinə əlavə edib.

***

Sonuncu ziyarət isə yenə Bakılı, Binəqədəli İkinci Vətən Müharibəsi Şəhidi, 10 noyabr 1994-cü il doğumlu, tək və subay oğul Vahid Sahib oğlu Abbasovun ocağı və anası olub.

Şəhidsevər və vətənpərvər ziyalılar Şəhidimizin anasl Natella xanım ilə bir araya gəliblər.

“Şəhidlər bizim And yerimiz və Baş Tacımızdır! Onları unutmamışıq, unutmarıq və heç zaman da unutmayacağıq!”-deyə, bildiriblər.

“Şəhidimizin dərgahı mübarək, məzarı behiştlik olsun və nurla dolsun!”-deyiblər.

Şəhid Vahid ocağını ziyarət də təxminən bir saat çəkib.

Ziyarət zamanı Şəhidin anasl ilə hal-əhval tutulub, dərdləşilib.

Vahid Abbasovun anası da onları yad etdikləri üçün minnətdarlıqlarını söyləyib,“Bizlərə maddi heç nə lazım deyil…Sadəcə, Şəhidlərimiz yad edilsin, unudulmağa imkan verilməsin, valideynləri ziyarət olsun!”-deyə, qeyd edib.

Qeyd edək ki, hər üç ziyarətin sonunda Şəhid ailələrinə bayram sovqatları təqdim olunub, xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“On dəqiqəyə Şuşaya getmək mümkün olacaq…Bir də kanat yolu olacaq…”-DÖVLƏT BAŞÇISI – FOTO

Read Next

Şəhid Rafiq Aydəmirovun xatirəsinə həsr olunmuş tədbir keçirildi-KÖVRƏK, DUYĞULU ANLAR YAŞANDI… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir