Şərurlu İkinci Vətən Müharibəsi, “Qisas” və Antiterror Şəhidləri-NƏŞİ 7 AYDAN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN ƏLİ YUSİFOV, ÖZÜNƏ ŞƏHİDLİK DİLƏYƏN MƏMMƏD ZAMANLI, 25 YAŞININ TAMAMINDAN AZ SONRA ŞƏHİD OLAN ƏLİ ƏLİYEV, İTKİN ŞƏHİD İBRAHİM VƏLİZADƏ VƏ AİLƏLİ-TƏK OĞUL ELÇİN İBRAHİMLİ… – FOTOLAR – YENİLƏNİB

Əli, Məmməd, Elçin, Əli, İbrahim…

Əli Süləddfin oğlu Yusifov, Məmməd Rəhman oğlu Zamanlı, Əli Cavad oğlu Əliyev, Elçin Sadiq oğlu İbrahimli, İbrahim Səməd oğlu Vəlizadə…

Beşi də Naxçıvanlı, beşi də Şərurlu..

Beşi də tələbə yoldaşı, beşi də ali-hərbi təhsilli…

Beşi də peşəkar hərbçi…

Beşi də İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı, Vətən fədaisi…

Beşi də Şəhid…

Üçü İkinci Vətən Müharibəsi, biri “Qisas” əmliyyyatı Şəhidi, biri isə Antiterror əməliyyatı Şəhidi…

Biri-İbrahim Vəlizadə həm də itkin Şəhidimiz…

Beşi də 2012-2015-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə və 2015-2019-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə bir yerdə ali-hərbi təhsil alıblar…

Amma iş yerləri, peşəkar hərbçi kimi qulluq etdikləri, fəaliyyət göstərdikləri hərbi hissələr, bölgələr ayrı olub…

Beşinin də ayrı Qəhrəmanlıq Dastanı, beşinin də ayrı Qürur, Fəxr dolu ömür, hərb və döyüş yolu…

***

Əli Yusifov 1997-ci ilin avqust ayının 14-də Sərurun Oğuz kəndində dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Tək bacısı hazırda ailəlidir…

Əli həm də nişanlı olub…

Ali-hərbi təhsilini başa vurduqdan bir müddət sonra-İkinci Vətən Müharibəsi zamanı peşəkar hərbçi kimi Vətənin müdafiəsinə atılıb…

Şərəfli döyüş yolu 7 gün çəkib…

2020-ci ilin oktyabr ayının 3-dən 4-nə keçən gecə Füzuli rayonu istiqamətində qəhrəmancasına Şəhid olub…

Ancaq nəşi aylar sonra-2021-ci ilin aprel ayının 29-da tapılıb…

May ayının 3-də isə Şərur Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub…

***

Məmməd Zamanlı 1998-ci ilin avqust ayının 3-də Şərurun Püsyan kəndində dünyaya göz açıb…

Ona Böyük Vətən Müharibəsinin iştirakçısı olan babası Məmməd kişinin adı qoyulub…

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin tək oğlu olub…

Atası Bəhman kişi də müharibə veteranı, Birinci Qarabağ Müharibəsinin iştirakçılarındandır…

Qanlı müharibənin od-alovunu görüb, ölümlərdən dönüb…

Məmməd ali-hərbi təhsilini başa vuran gün özünə Şəhidlik arzulayıb…

“Sizdən ayrılmaq çətin olacaq, amma qəbullanmaq lazımdır…İnşallah, Şəhid olmaq diləyilə…”-deyib…

O da peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Döyüşlərin elə ilk günündə-sentyabrın 27-də isə Füzuli rayonu istiqamətində Şəhadətə qovuşub…

Şəhidlik xəbəri ailəsinə ayın 28-də verilib…

Nəşi oktyabrın 1-də Püsyan kənd qəbirustanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

O, həm də Püsyanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

22 yaşında Şəhadətə uclan Məmməd subay olub…

***

Elçin İbrahimli 26 sentyabr 1997-ci il tarixində Şərurun Yengicə kəndində anadan olub…

Evin tək oğlu, tək bacının tək qardaşı idi…

Tək bacısı hazırda ailəlidir…

Uşaqlıqdan anasının və ana babasının himayəsində böyüyüb…

Anası Aynur xanım ona da, tək bacısına da həm analıq, həm atalıq edib…

Ali-hərbi təhsilini bitirdikdən sonra Goranboy rayonu istiqamətində “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…

Baş leytenant hərbi rütbəsini daşıyıb…

Peşəkar hərbçi kimi bir sıra hərbi əməliyyatlarda-o cümlədən tarixi İkinci Vətən Müharibəsində və Antiterror əməliyyatında iştirak edib…

İkinci Vətən Müharibəsindən sonra “Suqovuşanın azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…

Antiterror əməliyyatı zamanı-2023-cü ilin sentyabrın 19-da isə günorta saatlarında Ağdam-Ağdərə istiqamətində Şəhid olub…

26 yaşının tamanına cəmi 7 gün qalmış Şəhadətə qovuşub…

Şəhidliyindən az öncə isə anası Aynur xanımla danışıb və deyib ki, bir azdan əməliyyata başlayacaqlar…

Saat 1-də də mesay yazıb ki, biz əməliyyata başladıq…

Və üstündən az keçmiş Şəhid olub, Vətən yolunda canını fəda edib…

Nəşi bir gün sonra-sentyabrın 20-də Şərur Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub…

Elçin həm də ailəli olub…

Ceyran adlı bir qızla ailə həyatı qurub 2021-ci ilin aprelində…

Ancaq övladları olmayıb…

***

Elçin İbrahimli ilə eyni kənddən olan Əli Əliyev 1997-ci ilin sentyabrın 1-də dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri və subay olub…

Bacısı və qardaşı hazırda ailəlidirlər…

Əli də peşəkar hərbçi, Baş leytenant kimi həm İkinci Vətən Müharibəsində, həm də “Qisas” əməliyyatında iştirak edib…

İkinci Vətən Mühartibəsindən sonra “Suqovaşının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları, eləcə də Müdafiə naziri tərəfindən iki medalla təltif olunub…

Əli 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə “Qisas” əməliyyatı zamanı Laçın istiqmətində Şəhid olub…

Nəşi də elə sentyabrın 13-də Şərur Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

25 yaşının tamamından cəmi 12 gün sonra Şəhadətə qovuşan Əli də subay olub…

***

İbrahim Vəlizadə isə 1998-ci ilin iyun ayının 11-də Şərur rayonun Vərməziyar kəndində-sadə bir ailədə dünyaya gəlib…

Ona babası İbrahim kişinin adı qoyulub…

Ailənin dörd övladından, dörd qardaşdan biri və evin ikinci oğlu olub…

Böyük qardaşı hazırda ailəlidir…

İkinci Vətən Müharibəsi zamanı döyüşlərə, Vətənin müdafiəsinə atılıb İbrahimdən 2020-ci ilin sentyabr ayının 30-dan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb…

Həmin vaxtdan adı itkin Şəhidlərimiz sırasındadır…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Şərur Şəhidlər Xiyabanında büstü ucaldılıb…

22 yaşında Şəhadətə qovuşan İbrahim də subay olub…

Böyük qardaşının övladı Onun adını daşıyır…

***

Bu gün səhər və günorta saatlarında İbrahim Vəlizadənin atası Səməd Vəliyevlə birlikdə hər dörd Şəhid ailəsini, hər dörd Şəhid ocağını, adları çəkilən Şəhidlərin Şərur Şəhidlər Xiyabanı və Püsyan kənd qəbiristanlığındakı məzarlarını ziyarət etdik…

Məzarları, ruhları önündə ehtiramla baş əydik…

Eləcə də hər birinin ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzuladıq…

“Məkanları cənnətlik, ruhları şad olsun!”-dedik…

Bir ömür boyu Şəhidlərimizə borclu olduğumuzu dilə gətirdik…

Şəhidlərimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik…

Təsirləndik, duyğulandıq, kövrəldik…

Azacıq da olsa, onlara təsəlli verməyə, acılarını xəfiflətməyə çalışdıq…

Məqamları Ali və Uca, dərgahları mübarək olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Axırıncı dəfə İbrahimlə müharibədən bir gün əvvəl danışdıq…Kiçik qardaşına dedi ki, dərləsini yaxşı oxu, anamın, atamın üzündən öp…Gözləyirik ki, bir gün gələcək, bəlkə bir gün ondan xəbər çıxacaq…Hər gün bu ümidlə yaşayırıq…”-NAXÇIVANLI-ŞƏRURLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, İTKİN ŞƏHİDLƏRİMİZDƏN OLAN İBRAHİM VƏLİZADƏNİN ATASI SƏMƏD VƏLİYEV

Read Next

“4 mindən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir