Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Cavid evin üçüncü övladı, üç qardaşın sonbeşiyi olsa da, hər kəsə daha çox can yandıranı, diqqət göstərəni idi…Çox qayğıkeşiyidi, hamıya qayğı göstərirdi…Tələbə vaxtı qardaşlarının demək olar ki, bütün yükünü o çəkirdi…Bacısı nişanlanmışdı, gülə-gülə deyirdi ki, ana, xəsislik etmək, bacıma hər şeyin əlasını al…Bax, bu dərəcədə diqqətcil idi…Həm də çox zarafatcıl, deyib-güləniydi, ürəkdən gülməyi, şaqqanaq çəkməyi var idi…O, Allahın bizə bir lütfüydü…”
Bu sözlər Biləsuvarlı, Aşağı Cürəlili İkinci Vətən Müharibəsi Şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudovun anası, uzun illərin pedaqoqu Nəsibə xanım Mahmudovaya məxsusdur.
Nəsibə xanım bu fikirləri 7 iyul 2026-cı il tarixində Şəhidimizin Aşağı Cürəlidəki ocağını, ailəsini ziyarətim zamanı dilə gətirdi.
Qeyd edim ki, ilk dəfəydi Şəhidimizin ocağında, ailəsində olurdum.
Şəhidimizin atası Hilal kişiyə söz versəm də, ziyarətim məhz 7 iyul tarixində baş tutdu.
Öncə Şəhidimizin ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm dilədim.
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim.
Müqəddəs ruhu və onu dünyaya gətirən, bu Vətən üçün yetişdirən valideynləri qarşısında baş əydiyimi bildirdim.
Təxminən bir saat çəkən ziyarətim zamanı Şəhidimizin Qəhrəman, Məğrur, Dik duruşlu valideynləri ilə söhbətləşdim, dərdləşdim, onlarla birlikdə Şəhidimizin cəmi 31 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yoluna nəzər saldım.
Hər anı, hər saniyəsi…Qəhrəmanlıq Dastanı olan bir ömür yolu…
Hər kəsə, xüsusilə, böyüməkdə olan gələcək nəsillərimizə örnək, nümunə olacaq bir həyat yolu…
Bu yerdə qeyd edim ki, Cavid 1989-cu ilin fevral ayının 6-da Biləsuvarın Aşağı Cürəli kəndində-ziyalı ailəsində dünyaya gəlib.
Ailənin dörd övladından, üç qardaşdan bir olub.
Hər iki qardaşı və tək bacısı ali təhsilli və ailəlidir.
1995-2006-cı illərdə Aşağı Cürəlidə orta təhsilini alıb.
2000-2010-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi oxuyub, ali-hərbi təhsilə yiyələnib.
Atası Hilal Mahmudovun dediklərindən:
“Cavid 8-ci sinifdən çıxıb Cəmşid Naxçıvanski adına Hərbi Liseyə getmək, orada oxumaq istəyirdi. Amma mən razı olmadım, dedim ki, məktəbi qurtar, sonra gedib Ali Hərbi Məktəbə sənəd verərsən, qəbul olunarsan…Cavid də orta məktəbi qutraran ili Ali Hərbi Məktəbə daxil oldu…Eyni zamanda, böyük oğlum həmin il Azərbaycan Tibb Universitetinə daxil oldu…Bir ilin, bir neçə günün içində iki sevinc, iki xoşbəxtlik yaşadıq…”
Beləliklə, Cavid uşaqlıqdan arzusunda olduğu hərb sənətinin sirlərinə yiyələnib.
Leytenant hərbi rütbəsinə layiq görülüb.
2010-2020-ci illərdə Azərbaycan ən müxtəlif bölgələrində peşəkar hərbçi kimi fəaliyyət göstərib.
Kapitan hərbi rütbəsinə yüksəlib.
2020-ci ilin noyabrında ona Mayor hərbi rütbəsinin verilməsi nəzərdə tutulsa da, Şəhdliyinə görə baş tutmayıb.
Peşəkar hərbçi, tabor komandiri kimi İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə atılıb.
Şərəfli döyüş yolu 8 gün çəkib.
Oktyabr ayının 4-dən 5-nə keçən gecə Füzuli istiqamətində növbəti yüksəkliyi aldıqdan sonra qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi elə həmin gün-5 oktyabr 2020-ci il tarixində, günorta saatlarında Aşağı Cürəli kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
O, Aşağı Cürəlinin dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif edilib.
Biləsuvardakı Şahmat məktəbi Onun adını daşıyır.
Onu da qeyd edim ki, Cavidlə birlikdə 19 tələbə-qrup yoldaşı Şəhid olub və onlardan da dördü Vətən Müharibəsi Qəhrəmanıdır.
31 yaşlı Cavid həm də nişanlı olub.
Anası Nəsibə xanımın dediklərindən:
“Cavidə hər qızı bəyəndirmək olmurdu…Hərdən deyirdim ki, filan qız necədir, deyirdi ki, ana, o qızı mənə necə yaraşdırırsan…İstədiyi qızı özü tapmışdı, öz kəndimizdən, hüquqşünas idi…Özü sevib-seçmişdi…2020-ci ilin martında toy etmək istəsək də, pandemiyaya görə baş tutmadı…Sonra növbəti dəfə toyun vaxtını təyin etdik…Oktyabrın 23-ü qız toyu, noyabrın 14-də də oğlan toyu olmalı idi (gözləri dolur)…Amma balama toy qismət olmadı, bütün arzuları, arzularımız yarımçıq qaldı…”
Sözlərin, kəlmələrin yenə bitdiyi, aciz qaldığı yer…
Təsəllisi mümkün olmayan anlar…
Şəhidin ailəsinə, ocağına baş çəkdindən sonra Aşağı Cürəlidəki məzarını ziyarət və ruhuna dualar etdik valideynləri və ziyarətdə bizimlə birgə iştirak edən Biləsuvarlı “Qisas” əməliyyatı Şəhidi Məhəmmədin ata və anası ilə birlikdə…
Allah məqamını Ali və Uca etsin!
Nur içində uyusun!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





