Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tərtərli Şəhid anası Afidə Yunus qızı Mirzəyeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Afidə Yunus qızı Mirzəyeva Tərtər rayonunun Hacıqərvənd kəndində yaşayıram. Ali təhsilli müəlliməm. Hazırda Talış kənd orta məktəbinin direktoru vəzifəsində çalışıram. Ailəliyəm. İki övladım, iki oğlum var idi. İki oğlumdan biri-peşəkar hərbçi, Gizir Rəşad Hafiz oğlu Mirzəli Qəhrəman Tərtər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindəndir. İki oğlumdan, iki övladımdan birini bu Vətən, Qarabağımızın azadlığı yolunda Şəhid verdim. Oğlum-Rəşadım Qələbə, Zəfər Şəhidlərimizdən, Qəhrəmanlıq Dastanı yazan Vətən fədailərindəndir. Övlad, oğul itkisi çox ağırdır, çox dözülməzdir. Mən yaşadım, biz yaşadıq, Allah bundan sonra kimsəyə yaşatmasın!
Bir ana kimi mənə Oğul, özü də Rəşad kimi bir Oğulun itkisi, cismani yoxluğu nə qədər çətin və ağrılı olsa da, Rəşadımla Fəxr edirəm, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, belə bir İgidin, belə bir Qəhrəmanın, Zəfər, Qələbə Şəhidinin anasıyam. Rəşad cəmi 25 il yaşasa da, elə bir iz buraxıb, elə bir ömür yolu keçib ki, hər anı, hər saniyəsi Fəxrdir, Qürurdur. Bunu bilənlər-Rəşadın ömür, hərb və döyüş, Şəhadət yoluna bələd olanlar yaxşı bilir. Yaxşı bilirlər ki, Rəşad necə Qorxmaz, İgid, Qəhrəman bir Oğul, peşəkar hərbçi olub. Belə bir ömür, hərb, döyüş yolu olan Oğulla da Fəxr etməmək, Qürur duymamaq mümkün deyil.
Şəhidliyindən sonra Rəşadım Sizin müvafiq Sərəncamlarınızla bir neçə medalla təltif olundu. Eyni zamanda, bu ilin iyun ayının 25-də Sizin sonuncu Sərəncamınızla Haqqı olan ordenə-3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldü. Həmin an Allah bilir hansı hisslər yaşadım. Sevincimin həddi-hüdudu yoxuydu. Çünki 2020-ci ilin sonlarından bunu gözləyirdim. Bütün bunlara görə özüm və müharibə veteranı olan həyat yoldaşımın adından Sizə minnətdarlığımızı bildirirəm. Allah Sizdən razı olsun!

Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!
Bu müraciətim Sizə minnətdarlığımızla yanaşı, həm də bir arzumuz, bir xahişimizlə bağlıdır. Şəxsən özüm bir Şəhid anası, bir Qəhrəman Oğulun Qəhrəman Anası olaraq, birbaşa Sizə müraciət etmək qərarına gəldim. İstəyim, arzum, xahişim də budur ki, növbəti illərdə Oğlum, Rəşadım Haqqı olan başqa bir ordenə – “Azərbaycan Bayrağı” ordeni və ya “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülsün. Çünki bunlar da balamın Haqqıdır, yuxarıda da qeyd etdiyim kimi, Rəşadım elə bir ömür, hərb, döyüş yolu keçib ki, ali mükafatların ən alisinə layiqdir. Ona görə Sizdən xahiş və rica edirəm ki, növbəti Sərəncamlarınızdan birində Rəşadımı “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı və ya “Azərbaycan Bayrağı” ordeni ilə təltif edəsiniz.
İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, Rəşadımın şərəfli ömür, hərb, döyüş yolu nəzərə alınacaq və ali mükafatlarımızdan daha birinə layiq görüləcək.
Öncədən də Sizə bir daha öz dərin minnətdarlığımı bildirərəm. Allah Sizi, gözəl ailənizi və rəhbəri olduğunuz Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az





