Həkiminə aşiq olan Şəhid…Bitməyən bir eşq-MƏLƏK VƏ MƏHƏMMƏD DASTANI… – FOTOLAR

Qəhrəmanlar diyarı olan Biləsuvarımızın Qəhrəman Oğullarından, öz qanı, Şəhadəti ilə Qəhrəmanlıq Dastanı yazan Oğullarımızdan, Vətən fədailərimizdən biri də Məhəmməd Bilal oğlu Məmmədovdur.

Ağalıkəndli “Qisas” əməliyyatı Şəhidi, Vətən sevdalısı Məhəmməd Bilal oğlu..

Biləsuvarın dörd, Ağalıkəndin yeganə 2022-ci il “Qisas” əməliyyatı Şəhidi Məhəmməd Məmmədov…

Vətənini ailəsindən, valideynlərindən, Yarından üstün tutan və Vətən yolunda da canını fəda edən Məhəmməd Bilal oğlu Məmmədov…

Nur üzlü, İgid, Qəhrəman, Qələbə, Zəfər Şəhidimiz…

***

Məhəmmədin valideynləri, atası Bilal kişi ilə bir ildən çox müddət ərzində tanış olsam da, onları da ziyarət edəcəyimə dəfələrlə söz versəm də, obyektiv səbəblərdən ziyarətim alınmırdı…

Amma qismət 7 iyul 2026-cı il tarixinəymiş…

7 iyul tarixində, günorta saatlarında Biləsuvarlı Şəhid-Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun atası Hilal Mahmudov ilə birlikdə Şəhidimizin Ağalıkənddəki məzarına və ocağına, ev-muzeyinə baş çəkdim…

Öncə məzarını-Ağalıkənd qəbiristanlğında yerləşən Şəhidlər məzarlığındakı məzarını, qəbrini ziyarət və ruhuna dualar etdim…

Məzarı önündə ehtiramla baş əydim…

Sonra Şəhidimizin Ağalıkənddəki ocağını, ev-muzeyini ziyarət etdim…

Şəhidimizin valideynlərinə-Sevda xanıma və Bilal kişiAllahdan səbr dilədim…

“Şəhidimizin məqamı Ali və Uca, dərgahı mübarək olsun!”-dedim…

Bir ömür boyu Şəhidlərimizə və onları yetişdirən, onları Uca tutan Qəhrəman valideynlərə borclu olduğumu və borclu olduğumuzu söylədim…

Eyni zamanda, Şəhidlərimizi unutmağa haqqım və haqqımız olmadığını dilə gətirdim…

Üst-üstə bir saata çəkən ziyarətim zamanı Şəhidimizin valideynləri ilə dərdləşdim, söhbətləşdim…

Onlara az da olsa, təsəlli verməyə çalışdım…

Elə bu yerdə qeyd edim ki, Məhəmməd 1995-ci ilin soyuq qış günündə, dekabr ayının 12-də Biləsuvarın Ağalıkənd kəndində-sadə bir ailədə dünyaya gəlib…

Ailənin beş övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub…

Bacılarıtək qardaşı hazırda ailəlidir…

Bir müddət Bakıda yaşadıqları üçün birinci sinifə də elə paytaxt məktəblərindən birinə gedib 2002-ci ildə…

Sonra yenidən Biləsuvara, Ağalıkəndə döndükləri üçün üçüncü sinifdən orta təhsilini öz doğma kəndlərində davam etdirib…

2013-cü ildə orta məktəbi bitirdikdən, 18 yaşını başa vurduqdan bir müddət sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, 2016-cı ildə Əsgərliyini başa vuraraq yenidən evinə, ailəsinə dönüb…

Çalışıb, işləyib, ailəsinə dəstək olub…

İkinci Vətən Müharibəsinə az qalmış isə Orduya, hərb həyatına qayıdıb…

İkinci Vətən Müharibəsində Şuşayacan uzun və şərəfli döyüş yolu keçib…

Noyabr ayının 4-də xəsarət, ağır kontuziya, kəllə-beyin travması alıb…

Bir neçə gün səhhətilə bağlı Ağsu rayon Mərkəzi Xəstəxanasında müalicə-müayinə olunub…

Və elə oradaca sevgi, bir eşq Dastanı başlayıb, yaranıb…

Həmin vaxt ona baxan həkiminə, əslən Qəbələli olan və onunla eyni soyadı daşıyan Mələk xanıma aşiq olub…

Onların arasında sevgi münasibətləri əmələ gəlməyə başlayıb…

Əhd-peyman bağlayıb, sonradan da nişanlanıblar…

Xəstəxanadan buraxıldıqdan sonra yenidən Orduda qalıb, Gizirlik kursunda oxuyub, Gizir rütbəsini daşıyıb…

Peşəkar hərbçi, Gizir kimi 2022-ci ilin “Qisas” əməliyyatında iştirak edib…

Sentyabrın 12-dən 13-nə keçən gecə isə Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhid olub…

Nəşi 14 sentyabr tarixində Ağalıkənd Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

O, Ağalıkəndin 9 Şəhidindın biri, eyni zamanda, yeganə “Qisas” əməliyyatı Şəhididir…

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

Adını daşıyan küçə var…

Atası Bilal kişinin dediklərindən:

“Məhəmməd çox tərbiyəli, çox mərifətli, çox həssas, çox ailəcanlı bir oğul idi…Onun haqqında saatlarla, günlərlə də danışsam, yenə də az olar…Məhəmməd elə bir oğul idi…İstədiyi, sevdiyi qızla da, adı kimi mələk olan Mələk qızımızla da xəstəxanada yatarkən tanış olmuşdu…Mələk qızım onun həkimi idi…Hazırda Almaniyada yaşayır…Amma bir an belə bizi unutmur, biz də onu unutmuruq və unutmarıq…Şəhidliyindən bir neçə gün öncə özü Mələk qızımızı Almaniyaya yola salmışdı və demişdi ki, mən də yanına gələcəyəm…Amma qismət olmadı, Məhəmmədim Vətən yolunda Şəhid oldu…Şəhidliyi seçdi…”

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Allah bir daha ailəsinə, Yarına səbr və dözüm versin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid anası ölkə Prezidentinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, ÖVLADIM “VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” FƏXRİ ADI VƏ YA “AZƏRBAYCAN BAYRAĞI” ORDENİ İLƏ TƏLTİF EDİLSİN”

Read Next

37 dərəcə isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir