Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevirli Şəhid anası Mehriban İsmayıl qızı Məmmədova Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova, eləcə də Elm və təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayıb.
Etikxeber.az xəbər verir ki, müraciətdə qeyd olunur:
“Cənab Baş nazir!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mehriban İsmayıl qızı Məmmədova Mingəçevir şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Məhəmməd Murad oğlu Məmmədlinin anasıyam. Məhəmməd mənim iki övladımdan biri, tək oğlum idi. Atasını da Şəhidliyindən öncə vaxtsız itirmişdi. İki övlad anası olan tək bacısı da illərdir səhhət problemi yaşayır, onkoloji xəstədir. Tək oğlumu-Məhəmmədimi də Vətən yolunda Şəhid verdim. Özü könüllü şəkildə Vətənin müdafiəsinə atıldı və Vətən yolunda da canını fəda etdi. Nəşi də uzun müddət sonra tapıldı. Oğlum həm də ailəli idi. Şəhidliyindən sonra bir qız övladı dünyaya gəldi. Balam tək övladının üzünü belə görmədi. Bunları yazmaq mənim üçün çox ağırdır, çox əzablıdır, bunları yazarkən də bir Allah bilir nələr yaşayıram…Allah kimsəyə yaşatmasın! Mən, biz-Şəhid ailələri, Şəhid anaları bu acını, bu itkini yaşadıq, bundan sonra kimsə yaşamasın!
Qeyd edim ki, oğlum Şəhidliyindən sonra üç medalla və nəhayət, bu ilin iyunun 25-də Haqqı olan ordenlə-3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu. Buna görə Ali Baş Komandanımıza, ölkə rəhbərliyinə minnətdarlığımı ifadə edirəm.
Hörmətli Əli müəllim!
Bu, əslində mənim ölkə rəhbərliyinə, aidiyyatı qurumlara, Sizlərə ünvanladığım sayca ikinci müraciətimdir. İllər öncə də (24 dekabr 2021-ci il) bu yöndə müraciət etmişdim və bir daha yenidən müraciət etmək qərarına gəldim. Bu da övladımın, tək oğlumun adının, xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır. O vaxt da xahiş etmişdim, bu gün də təkrar olaraq xahiş edirəm ki, övladımın adı, xatirəsi əbədiləşdirilsin, oxuduğu, hələ də heç kimin adını daşımadığı Mingəçevir şəhər 18 saylı tam orta məktəbə Məhəmmədimin adı verilsin. Çünki Məhəmməd həmin məktəbin məzunu olan İkinci Vətən Müharibəsi Şəhididir. İstəyirəm ki, mən bu dünyadan köçəndən sonra da balamın adı, xatirəsi yaşasın, unudulub getməsin. Ona görə xahiş və rica edirəm ki, səlahiyyətlərinizdən istifadə edərək bu məsələnin müsbət həllinə dəstəyinizi, köməkliyinizi əsirgəməyəsiniz.
İnanıram ki, belə də olacaq, nəhayət, bu müraciətim nəzərə alınacaq, müsbət həllini tapacaq və oxuduğu məktəbə övladımın adı veriləcək. Bununla həm balamın ruhu sevindiriləcək, həm də mənə bir sevinc bəxş edilmiş olacaq.
Öncədən də Sizə-Sizlərə dərin minnətdarlığımı ifadə edirəm!”
Etikxeber.az





