Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboylu Şəhid anası Fəxriyyə Ələkbərova Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova, o cümlədən Elm və təhsil naziri Emin Əmrullayevə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə və Milli Məclisin üzvü Bədəl Bədəlova müraciət edib.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Cənab Baş nazir!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Fəxriyyə Xəlil qızı Ələkbərova Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan İkinci Vətən Müharibəsi Şəhidi Kənan Müşfiq oğlu Ələkbərlinin anasıyam. Kənan mənim üç övladımdan biri və tək oğlum idi. Kənanım həm də nişanlıydı, toyuna hazırlaşırdıq…Amma Vətənini ailəsindən, nişanlısından üstün tutan Kənanım İkinci Vətən Müharibəsi zamanı elə Vətən yolunda da canını fəda etdi, Vətən yolunda da Şəhid oldu. Bütün arzuları, bütün arzularımız yarımçıq qaldı, bəyliyi ağ kəfəni oldu. Allah heç kimsəyə övlad, oğul itkisi, acısı yaşatmasın! Çox ağır və dözülməzdir. Biz yaşadıq, kimsə yaşamasın!
Bu yerdə qeyd edim ki, qayınım Cabbar Ələkbərov da Şəhiddir, həm də itkin Şəhidlərimizdəndir. Qayınım düz 32 il öncə, 1994-cü ilin yanvarında, Birinci Vətən Müharibəsi zamanı Şəhid olub və nəşi hələ də tapılmayıb. Ümid edirik ki, onun da nəşi tapılacaq və Əbədiyyətə uğurlanacaq. Eyni zamanda, həyat yoldaşım Müşfiq Ələkbərov da Birinci Vətən Müharibəsinin iştirakçılarından, müharibə veteranıdır. Bir sözlə, Qəhrəmanlar, Şəhidlər ailəsiyik.
Həmçinin, onu da nəzərinizə çatdırım ki, Kənanım Şəhidliyindən sonra Müzəffər Ali Baş Komandanımız tərəfindən üç medal və bir ordenlə təltif olunub. Buna görə cənab Prezidentimizə minnətdarlığımızı ifadə edirəm.
Hörmətli Əli müəllim!
Bu müraciət ünvlanlamaqla, Sizdən bir xahiş etmək istəyirəm. Xahişim də ondan ibarətdir ki, hazırda işlədiyim və heç kimin adını daşımayan Qızılhacılı qəsəbə 2 saylı uşaq bağçasına Kənanımın adı verilsin. Kənanımın adı, xatirəsi əbədliləşdirilsin. Bu da övladımın, oğlumun Haqqıdır. Qeyd edim ki, uşaq bağçasının kollektivi də bunu istəyir və müraciətimi ürəkdən dəstəkləyirlər. Ona görə Sizdən xahiş edirəm ki, bu məsələnin müsbət həllinə dəstəyinizi, köməkliyini əsirgəməyəsiniz, səlahiyyətləriniz çərçivəsində bu xahişimi, bu müraciətimi reallaşdırasınız.
Öncədən də minnətdarlığımı bildirirəm!”
Etikxeber.az





