Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Düzdür, biz razı deyildik, amma Məhəmməd hərb sənətini seçdi…Uşaqlıqdan hərb sənətinə böyük marağı, həvəsi var idi…Əsgərlikdə olanda da nümunəvi Əsgər kimi özü tanıtdırmış, sevdirmişdi…Qusarda xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən evimizə təşəkkürnamə də göndərilmişdi…Hətta Əsgərlikdə zaman olan keçmiş İdman və gənclər naziri, rəhmətlik Azad Rəhimov oğluma qol saatı hədiyyə etmişdi…Qeyd etdiyim kimi, hərb sənətini sevdiyi üçün sonda da bu sənətin dalınca getdi…Şəhidliyindən, müharibədən iki ay öncə rayonumuzda yerləşən hərbi hissədə MAXE kimi işə düzəldi…Cəmi iki ay maaş aldı balam…
Bu sözlər Daşkəsənli, Xoşbulaqlı İkinci Vətən Müharibəsi Şəhidi Məhəmməd Vaqif oğlu Abdullayevin anası Aybəniz xanıma, Aybəniz Abdullayevaya məxsusdur.
Şəhid anası bu sözləri bugünlərdə Daşkəsəndə növbəti Şəhid ziyarətində, Şəhid mövludunda olarkən onunla söhbətimiz zamanı dilə gətirdi.
Qeyd etdi ki, Məhəmmədlə sonuncu dəfə Şəhidliyindən bir neçə gün öncə görüşüblər.
“Neçə gün idi ki, evə, bizə dəyməyə gəlmirdi…Sentyabrın 25-də evə gəldi, bizimlə görüşdü, söhbətləşdi…Dedi ki, başı qarışıqdır, təlimlərdədir…Səhərisi gün hərbi hissəyə gedərkən də atasına deyib ki, anama demə, mən gedirəm, inşallah, qismət olsa, görüşərik…Bu, balamın sonuncu sözləri olub atası ilə vidalaşarkən (səsi titrəyir)…Məhəmməd müharibənin üçüncü günündə, sentyabrın 29-da Kəlbəcər istiqamətində Şəhid oldu…Şəhidliyindən isə bir gün sonra-sentyabrın 30-da xəbər tutduq…Amma həmin gün nəşini əldə edə bilmədik…Nəşini yalnız 68 gündən sonra-dekabr ayının 6-da əldə edə bildik və elə həmin gün də Daşkəsən Şəhidlər Xiyabanında balamı torpağa tapşırdıq…Çox çətindir, çox dözülməzdir…Nə deyim, yaşayırıq da, əgər buna yaşamaq deyilirsə…”
Şəhidimizin anası bir Şəhid ailəsi kimi onlara olan soyuq, laqeyd münasibətdən də gileyləndi:
“Yoldaşım, cəmi 52 yaşı var, xəstədir…Ötən ilin aprel ayında onda xərçəng xəstəliyi aşkarlandı…Xərçəng xəstəliyindən əziyyət çəkir…Bizə şəxsən heç nə lazım deyil maddi cəhətdən…Bizə daha çox mənəvi cəhətdən diqqət, qayğı, dəstək lazımdır…Amma təəssüf ki, bunu görə bilmirik…Qapımızı açıb bir maraqlanan yoxdur ki, belə bir Şəhid ailəsi var, Şəhidimizin atası xəstədir, görək halı necədir…Nə deyim, söz də tapmıram…”
Qeyd edim ki, Məhəmməd Abdullayev 1999-cu ilin aprel ayının 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində, sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından biri, ortancıl övlad, evin tək oğlu, iki bacının tək qardaşı olub…
Hər iki bacısı hazırda ailəlidir…
Bacısının övladlarından biri Onun adını daşıyır…
2005-2016-cı illərdə orta təhsil alıb…
2017-cı ildə 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb…
Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə qayıb və 2020-ci ilin yayında yenidən hərb sənətini seçib, MAXE kimi fəaliyyət göstərməyə başlayıb…
İkinci Vətən Müharibəsi zamanı isə şərəfli döyüş yolu 3 gün çəkib, sentyabrın 29-da Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhid olub…
Ancaq nəşi 68 gündən sonra tapılıb və 2020-ci ilin dekabr ayının 6-da Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına və bu ilin iyun ayının 25-də isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb…
21 yaşlı Şəhidimiz həm də subay olub…
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində yatsın!
***
FOTOLAR:



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





