Şəhid anası bu dəfə nazir Anar Əliyevə müraciət etdi: “TƏK OĞLUNU ŞƏHİD VERMİŞ, HƏYAT YOLDAŞINI İTİRMİŞ XƏSTƏ, YAŞLI ŞƏHİD ANASINI MƏNZİLLƏ TƏMİN ETMƏK BU QƏDƏRMİ ÇƏTİN VƏ DƏHŞƏTLİDİR?…3 VƏ YA 4 OTAQLI MƏNZİLLƏR BALALARIMIZDAN BU QƏDƏRMİ DƏYƏRLİDİR?…KAŞ BALAM SAĞ OLAYDI…”

Goranboy rayonundan olan Şəhid anası Lətafət Qurbanova Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə, o cümlədən ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

“Cənab nazir!

Yazıb Sizə bildirmək istəyirəm ki,mən-Lətafət Sədi qızı Qurbanova Qəhrəman Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən olan tək və subay oğul Fariz Məhəmməd oğlu Qurbanovun anasıyam. Elə bu yerdə də xatırladım ki, bu, Sizə ikinci müraciətimdir. Bir müddət öncə Goranboylu digər Şəhid anası, Dərd ortağım Sənubər Teymurova ilə birlikdə Sizə və ölkə rəhbərliyinə müraciət ünvanlamışdım. Amma birgə müraciətimizə Nazirliyiniz tərəfindən göstərilən “münasibətdən” sonra şəxsən Sizin özünüzə birbaşa və tək müraciət etmək qərarına gəldim. Müraciətimizin məğzinə keçməzdən öncə bir daha qeyd edirəm ki, Fariz mənim iki övladımdan biri, tək oğlum idi. Həm də təkcə Oğlum deyildi, nəfəsim, havam-suyum, arxam-dayağım idi. Ancaq tək oğlum Vətənini bizdən-yaşlı, xəstə valideynlərindən, tək bacısından üstün tutdu. Vətən yolunda canını fəda etdi, qəhrəmancasına Şəhid oldu, məni, bizləri gözləri yaşlı qoydu. Arxa-dayaqsız qaldım, qaldıq.

Oğul, övlad dərdinə dözə bilməyən həyat yoldaşım Məhəmməd Qurbanov da ağır xəstəliyə düçar oldu, yataqlara düşdü və iki il öncə dünyasını dəyişdi. Həm tək və toyunu görə bilmədiyim oğlumu, həm də həyat yoldaşımı itirdim. Oğulsuz, başsız, sahibsiz qaldım bir övlad anası olan tək qızımla. Səhhətim də normal deyil, dəfələrlə koma vəziyyətinə düşmüşəm. Tək, mənimlə yaşayan və bir övlad anası olan qızım da işsizdir, kənardan bir manat gəliri də yoxdur…

Hörmətli Anar müəllim!

Yuxarıda da qeyd etdiyim kimi, təkrar və təkbaşına müraciətim də öncəki müraciətimə, müraciətimizə rəhbəri olduğunuz qurum tərəfindən göstərilən laqeyd, biganə…münasibətlə bağlıdır. Belə münasibət olmaz Şəhid anasına, Şəhid ailəsinə qarşı…Bir daha qeyd edirəm ki, mən tək oğlumu bu Vətən yolunda Şəhid vermişəm, üstəlik həyat yoldaşımı da itirmişəm. 70-ə yaxın yaşım var. Xəstə adamam, normal yeriyə, hərəkət edə bilmirəm. Kaş oğlum sağ olaydı, yaşayaydı, mənə heç nə lazım deyildi…Necə ki, əvvəllər kasıbçılıqla, amma xoşbəxt yaşamışdım, yenə də o cür yaşayardım…Təki balam, oğlum yanımda olaydı…Anam nə balam, oğlum var, nə də bizə sahiblənəcək həyat yoldaşım…Qızımın da bir böyrəyi yoxdur, tək övlad anasıdır…Qeyd etdiyim kimi, heç bir yerdən də bir manat gəliri yoxdur…Birtəhər mənim təqaüdüm və müavinətimlə keçinirik…

5 ilə yaxındır ki, ev, mənzil növbəsində dayanmışıq, amma hələ də Oğlumun halal Haqqı olan evlə,mənzillə təmin edilməmişik. Hansı ki, Şəhid ailələrinin çoxu artıq evlə, mənzillə təmin olunublar. Elə ətrafımızda olan şəhər və rayonların çoxunda-Gəncədə, Mingəçevirdə, Samuxda…Şəhid ailələrinin çoxu balalarının Halal haqqı olan evlərlə, mənzillərlə təmin ediliblər. Sağlıqla yaşasınlar, halal Haqlarıdır!

Bəs, biz övlad-Şəhid verməmişik, mənim övladım, bizim övladımız Vətən yolunda Şəhid olmayıb?…Bəlkə Şəhid deyillər, bizim xəbərimiz yoxdur?…Əvvəllər 2025-in axırına kimi gözləyin deyirdilər, indi də 2030-a kimi gözləməyimizi “məsləhət” bilirlər…Bu, nə yanaşma, bu, nə münasibətdir? Artıq həyat yoldaşım yoxdur, mənim də bir ayağım o tərəfdədir, balama qovuşacağım günü gözləyirəm…Həyat yoldaşıma balasının halal Haqqı olan evdə, mənzildə yaşamaq qismət olmadı, deyirsiz…mən də ölüm-gedim, mənə də qismət olmasın? Bəs tək övlad anası olan atasız, qardaşsız, arxa-dayaqsız qızım necə olsun?…

Vəziyyətimiz, ev şəraitimiz normal olsaydı, dözərdim, gözləyərdim…Amma vəziyyətimiz, ev şəraitimiz çox ağırdır…15 minə yaxın əhalisi olan böyük bir qəsəbənin ən ucqar yerində, axırında yaşayırıq. Bizdən sonra ev yoxdur…Heç düz-əməlli qonşularımız da yoxdur ki, nəsə olsa, harayımıza yetsinlər…Yuxarıda da qeyd etdiyim kimi, xəstəyəm, şəkərim, yüksək qan təzyiqim var, normal yeriyə, hərəkət edə bilmirəm…Dəfələrlə koma vəziyyətinə düşmüşəm…Xəstəxanaya çatdırılmaq üçün saatlarla ambulans və ya taksi gözləmişik…Çünki heç kim biz tərəfə gəlmək istəmir, gələndə də çox gec olur…Bunu da hamı bilir, yəni, görünən kəndə bələdçi-filan da lazım deyil…Gəlib öz gözlərinizlə də görə bilərsiniz…Heç olmasa, istisna hal kimi, bizim vəziyyətimiz nəzər alına bilməzmi? Bir Şəhid anasını, özü də tək oğlunu Şəhid vermiş xəstə ananı bir və iki otaqlı mənzillə təmin etmək bu qədərmi çətin və dəhşətlidir?

Nə Bakıya qeydiyyata götürdülər, nə qonşu Samux rayonundan mənzil verdilər…Düzdür, ora da bizə əlverişli deyil, amma orada da yaşamağa razı idik…Bir neçə il öncə Şəhidlərimizin hesabına vəzifə kürsüsündə əyləşən bir məmurunuz “bir otaqlı mənzillər qalmayıb…Qalanlar 3 və ya 4 otaqldır…Onları da verə bilmərik…”-deyə, yekəxana və saymazyana şəkildə qızıma demişdi…Axı, bizim balalarımız öz qanları, canları ilə yüzlərlə, minlərlə ev qaytarmayıbmı bu dövlətə?…İndi adi-cansız mənzil balalarımızdan, Şəhidlərimizdən bu qədərmi önəmlidir, dəyərlidir?…

Sonuncu müraciətimizdən sonra İcra Hakimiyyətinin işçiləri utana-utana qapımıza gəlmişdilər...Axı, onlar nə edə bilərlər ki? Ev, mənzil məsələsi onlarlıq, İcra Hakmiyyətindən asılı olan məsələ deyil ki?…Onları niyə zəng vurub göndərib Nazirliyinizin əməkdaşları? Məgər onlar Sizin əməkdaşlardır? Ev, mənzil məsələsi Sizlikdir, bu məsələyə cavabdeh qurum rəhbəri olduğunuz Nazirlikdir…Bilmirəm…bu müraciətim Sizə çatdırılacaq ya yox…Əgər özünüz oxuyacaqsınızsa və ya rəhbərlikdən kimsə oxuyacaqsa, çox xahiş edirəm…bu məsələyə aidiyyatı olmayan, səlahiyyəti çatmayan insanları boş-boşuna bizim qapımıza göndərməyin…Çox xahiş və rica edirəm ki, vəziyyətimizi görmək üçün ya şəxsən Siz özünüz bizə təşrif buyurun, ya da Nazirliyinizin məsul, cavabdeh şəxsləri özləri gəlsinlər…Özü də artıq boş, təkrarlanmış, çeynənmiş söz yığını ilə deyil, konkret, əməli addımlarla…

Goranboyda, Naftalanda mümkün deyilsə, Gəncədə, Mingəçevirdə, lap Sumqayıt və ya Bakıda bizi balamın halal Haqqı olan mənzillə təmin edin. Artıq gözləməyə, vədlərə aldanmağa vaxtımız, zamanımız yoxdur.

İnanmaq istəyirəm ki, heç olmasa, bu müraciətimə diqqətlə, həssaslıqla nəzər yetiriləcək və nəhayət, müraciətim qısa bir zamanda öz müsbət nəticəsini verəcək”.

Etikxeber.az

Read Previous

Ailənin dörd övladından, iki qardaşdan biri, kollec təhsilliydi, müharibənin ilk günündə Şəhadətə qovuşdu, Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi oldu…İki bacının tək və subay qardaşı, idmancıydı…Cəmi 19 yaşında-2023-cü ilin sentyabrında, Antiterror əməliyyatında Şəhidlik məqamına ucaldı-SABAH BƏRDƏLİ TURQUT ZEYNALOV VƏ FÜZULİLİ ÜLVİ MİKAYILOVUN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİDİR… – FOTOLAR

Read Next

Ailənin beş övladından biri və sonbeşiyi idi, oktyabrın 20-da Şəhid oldu, nəşi 40 gün sonra-30 noyabrda Əbədiyyətə uğurlandı… Səməd Vurğunun əmisi nəvəsi, üç qardaşdan biri, 8 ilin hərbçisi, ailəliydi, döyüş yolu 3 gün çəkdi, ancaq nəşi 7 ay 9 gündən sonra tapıldı-BU GÜN MÖVLUDU OLAN ADİL RZAYEV VƏ SABAH 38 YAŞI TAMAM OLAN ELMƏDDİN VƏKİLOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir